Yox mənim
Müəllif: Aşıq Qərib


Ayrıldım elimdən, çıxdım qürbətə,
Ağlaram, sızlaram, kimsəm yox mənim.
Qərib deyilib düşdüm dildən dillərə,
Ağlaram, sizlaram, kimsəm yox mənim.

Gənc yaşımda tərk eylədim vətənim,
Qürbət ellər oldu mənim məskənim,
Gözü yaşlı, gözü yolda Sənəmin,
Ağlaram, sızlaram, kimsəm yox mənim.

Aşıq Qərib, yanıq-yanıq söyləsin,
Enib eşqin dəryasını boylasın,
Hər səni dünyada namlar eyləsin,
Ağlaram, sızlaram, kimsəm yox mənim.