Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola (4 yanvar 1927) Müəllif: Nəcəfqulu bəy Şeyda |
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006. |
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,
Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Hüsn bazarında yoxdur ruy dilbər tək məta’,
Çox cəfadır müştərisi gər onun əğyar ola.
Şaxi-gülbündə güli mədh eyləyən bülbül olur,
Nə rəva madam xar gülbində bir xurdar ola.
Möhnəti-hicranə vaqif aşiqi-məhcurdur,
Tuli-hicranə bədi xoşdur aşiqə didar ola.
Söhbəti nadandan yetməz nədamətdən səva,
Neyləsin arif ki, nadan söhbəti naçar ola.
Bəxt dönəndə xabi-qəflət nagahan eylər hücum,
Vay ola ol qafilə gər düşməni bidar ola.
Tərk qıl, Şeyda, dəxi sən söhbəti-nadanları,
Axtarıb həm söhbətin tap arifü hüşyar ola.