Yoxdur (Ağdabanlı şair Qurban)
Yoxdur Müəllif: Ağdabanlı şair Qurban |
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.50 |
Düz sözün keçməz isbata,
Yoxsul, səbəb: varın yoxdur.
Möhtacam ulağa, ata,
Deyir, xeyir-karın yoxdur.
Şirindi dünyanın malı,
Aqibət gör kimə qalı?!
Mətahın dürdən bahalı,
Neynim, xiridarın yoxdur.
Qurban, dostu-qonağımız,
Hanı eyvan-otağımız?
Pozulub bağça-bağımız,
Alma, heyva, narın yoxdur.