Yusif itməz, şad olar döndükdə, Kənan, qəm yemə

Yusif itməz, şad olar döndükdə, Kənan, qəm yemə
Müəllif: Hafiz Şirazi
Tərcümə edən:Teymur Kərimli


 Yusif itməz, şad olar döndükdə, Kənan, qəm yemə!
Hüzn evin bir gün olar əlbət gülüstan, qəm yemə!

Qəm görən qəlbin sıxılmaz, düzlənər halın yəqin,
Şaşmış ağlın nurlanar, çıxmaz başından, qəm yemə!

Gər çəmən taxtında sürsən bir də ömrün yazını,
Başına güllər qoyar tac, mürği-nalan, qəm yemə!

Göylərin gərdişi üç gün könlümüzcə getməsə,
Daima eynilə dönməz çünki dövran, qəm yemə!

Düşmə ruhdan, sirrini qeybin bilirmi kimsə heç?
Pərdə altda çox oyunlar qaldı pünhan, qəm yemə!

Qərq olarsa yoxluğun selində varlıq bünyəsi,
Nuh səni eylər xilas, qorxma tufandan, qəm yemə!

Kəbənin eşqilə səhrada gedərkən yüz tikan
Batsa da, çəkmə acı, dönmə bu yoldan, qəm yemə!

Getdiyin mənzil xətərli, məqsədinsə çox uzaq
Olsa da, xof eyləmə, axır çatarsan, qəm yemə!

Düşmüşük yardan uzaq, görsək rəqibdən tənələr,
Hər işi şəksiz bilir, qorxma, Yaradan, qəm yemə!

Hafiza, fəqrü fəna küncündə zülmət gecələr
Düşməsə dildən dua, dərs olsa Quran, qəm yemə!