Yuxlayıb mürği-dilim naz ilə gisu içrə
Yuxlayıb mürği-dilim naz ilə gisu içrə Müəllif: Əbülhəsən Vaqif |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Yuxlayıb mürği-dilim naz ilə gisu içrə,
Dəymə ey şane, qoy asudə yatıb mu içrə.
Arizində görünən xali-siyahmış, nə bilim,
Kim görübdür ola hindubeçə minu içrə.
Oynayır mərdumin didədə göz yaşı ilə,
Tifli-üryandır çimir teştdə san, su içrə.
Zülf sövdası başımdan necə çıxsın, ey dil,
Toxunub rişteyi-canımda olan pu içrə.
Əşki-çeşmimdə gəzər əksi-ləbin fəsli-bahar,
San ki, gül yarpağı düşmüş dolanar su içrə.
Mən ki, sultani-qəməm, ləşkəri-ğəm çövrəm alıb,
Yoxdurur heç qəmim, qalmışam ordu içrə.
Yarımın surətin ayinədə gördüm, Vaqif,
Qaşı göz etdi mənə, mən ona güzgü içrə.