Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər Müəllif: Məhəmməd Füzuli |
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,
Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.
Gün çəkər yerdən gögə hər dəm qübari-rahini,
Tutiya içün, bəli, yerdən gögə minnət çəkər.
Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah,
Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər.
Xali etmiş qeyrdən zülfün xəyali könlümü,
Nola sahibkəşf ilə bir ömrdür xəlvət çəkər.
Çək, səbuhi, sübh nəqqaşinə ərzi-ariz et,
Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər.
Sərvqamətlər səmənrüxsarlər toprağıdır,
Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər.
Qətreyi-əşkim qətarı, sinə çakindən girib,
Tən evinə dışradan bari-qəmü möhnət çəkər.
Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjə
Atəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.