Zülümdü mənə

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Zülümdü mənə
Müəllif: Aşıq Abbas Tufarqanlı
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Bircə insaf eylə, a zalım Becan,
Ayırma Abbasdan, zülümdü mənə.
Sənsən bu ölkəyə ədalət, divan,
Ayırma Abbasdan, zülümdü mənə.

Becan, sən eyləmə qəddimi kaman,
Aşiqəm məşuqə, çəkdirmə aman,
Sən olasan o duz-çörək, nəmək-nan,
Ayırma Abbasdan, zülümdü mənə.

Pəri dərd əlindən yetişdi cana,
Oldum yar eşqindən dəli-divana,
Qəflə-qatır işlər o Tufarqana,
Ayırma Abbasdan, zülümdü mənə.