Züleyxa
Müəllif: Mirzə Şəfi Vazeh
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05.

Göy üzünü bəzəyirsə al günəş necə,
Qəlb evimi bəzəyirsən sən də, eləcə.
Yetişmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçar olar sənsiz zülmətə.


Bəllidir ki, yerə zülmət düşəndə birdən
O, gizlədər hər nə varsa gözdən, nəzərdən.
Amma günəş nur saçanda göylərdən bizə,
Yerin bütün gözəlliyi görünər gözə.


Cənnət qapıları günün birində,
Mömin bəndələrə açılan zaman.
Günahlı, günahsız hamı yerində
Gözləyər qəlbində şübhəylə, güman.


Bütün günahkarlar içində tək mən,
Dayanıb duraram qara – qorxusuz.
Cənnət qapısını bu dünyada sən
Açmısan üzümə ey nazəndə qız!


Göydə dövrə vuran ulduzlara bax,
Yenə nur saçırlar bizlərdən uzaq.
Başımız üstündə o qızıl çətir,
Bizim arzumuzdan toxunmuş nədir?!


Durub bir-birindən uzaqda yanar,
Gah batar, gah da ki sayrışar onlar.
Qəmli dursalar da, səmada titrək,
Onlarda birləşər bu vaxt bizim tək.


Sevinib dolandıq biz aşina tək,
Yeni bir eşq ilə döyündü ürək.
Səninlə dost oldum, ey gözəl xilqət,
Verdi məhəbbətin mənə mərifət.


İndi dərk edirəm başqa cür, qəti
Eşqi, səadəti və məhəbbəti.
Səni istər ikən gətirmək ələ,
Mən özüm olmuşam qarşında kölə....
Munis gəncliyinin əzəmətiylə,
Sən mənim qarşımda saçanda şölə,
Sanasan önümdə açıldı göylər,
Mat-məbhut qaldım mən yox oldum kədər.


Misilsiz nemətdir seyr etmək səni,
Baxdım, məftun etdi camalın məni.
Uçdun, qanadlanıb üstümə birbaş,
Sanki olmuş idik nə vaxtdı sirdaş.


Cəhalət içində olmuşdum sərsəm,
Qocalıb getmişdim ürəyimdə qəm.
Gümrah cavan etdi yenidən məni,
Bir mey, bir məhəbbət, bir də ki, nəğməm.


Mey iç, Mirzə Şəfi, dayanma gəl boş,
Ol meylə, sevdayla, nəğməylə sərxoş.
Yalnız nəşə çağı coşar nəğmələr,
Odur ki ey nəğməm, nəşələnib coş?


İstədim ki, bir dəmət düzəldim
ey mələk, sənə,
Əfsus ki, tapmadım mən, nə gül,
nə bir çiçək sənə.
Dörd yanım indi gül-çiçək,
dörd yanım indi yasəmən,
Əlim irişməz əlinə, artıq yoxsan
yanımda sən...


Qoy o vaxta kimi ömür uzansın,
Dövranın qanadı düşsün, dayansın.
Şirin bir həsrətin, xoş xatirənin,
Qiyməti böyükdür, mənası dərin.


İnan çatmasa da əlim əlinə,
Sənin yanındadır xəyalım yenə.


Biz də qucaqlaşıb, biz də yanaraq,
Çıxar yadımızdan dərdimiz artıq.
Qəlbimiz qızınıb hərarət ilə,
İsidər dünyanı məhəbbət ilə.


Yerlə göy əyilib qovuşar yenə,
Busələr verərək biri-birinə.
Onlar da yetərlər arzuya, kama,
Onda mən yer ollam, sən isə səma.


Nüfuz eləyərdik yerin təkinə,
Uçardıq göylərə, ulduza, günə.
Yuxlamış sirləri salardıq oyaq,
Şirin nəğmələrə asardıq qulaq.


Bütün yer üzünün gözəllikləri,
İlıq yay havası, çəmən gülləri,
Göydə ulduzlar da güləndə üzə
Deyərdik hamısı verilmiş bizə.


Fələyin çərxini saxlamaq olmaz,
Böyük sevincin də ömrü olar az.


Gəldim, məsud olam, yanına sənin,
Döndüm, nəqş oldu ki, qəlbimə əksin.
Səadət yolunu göstərsin mənə,
Bir də çatmaq üçün əlim əlinə.