Zülflərin
Müəllif: Aşıq Fətulla
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Bir ala gözlüyə nəzər eylədim,
Darayıb tökübdü yana zülflərin.
Halqa-halqa, dəstə-dəstə, çinbəçin,
Yaxşı düzüb dal gərdana zülflərin.

Gecə-gündüz gözüm gəzdi, aradı,
Ah çəkməkdən bağrım başı yaradı,
Gecəm sitəmlidi, günüm qaradı,
Döndərib könlümü qana zülflərin.

Fətulla hər cövrü cəfaya dözər,
Nazı-qəmzələrin bağrımı üzər.
Bəxtəvər başına, sinəndə gəzər,
Arayar, axtarar şana zülflərin.