Zəhərlə sağalan oğlan

Rəvayətlər. Zəhərlə sağalan oğlan
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir şahın oğlu xəstə idi. Nə qədər loğman gəlir, dərdinə əlac edə bilmir. Loğmanlardan biri deyir ki, buna əlac yoxdur. Çox çəkməz, ölər. Bunu eşidən oğlan baş götürüb diyarbadiyar gedir. Gedir bir çobana rast gəlir. Ondan süd istəyir. Çoban bir çanaq süd sağıb oğlana verir. Oğlan südü bir daşın üstünə qoyur. Bu vaxt daşın altından bir ilan çıxır, oğlanın başı qarışanda südü zəhərləyir. Sonra daşın altına girir. Oğlan südü içib gedir. Yolda yenə həmin loğmana rast gəlir. Loğman deyir:

– Oğlum, hara gedirsən?

Oğlan cavab verir:

– Dərdimə əlac yoxdu, baş alıb gedirəm.

Loğman deyir:

– Oğlum, sən sağlamsan, qayıt evinizə.

Oğlan inanmır.

Loğman deyir:

– Bir ilan səni sağaldıb.

Oğlan deyir:

– Bu necə ola bilər?! Mən ilan-zad görməmişəm.

Loğman deyir:

– İlan sənin gözünə görünməyib. Çobandan aldığın südü xəlvəti zəhərləyib. Sən də bilməyib içmisən. O da sənə şəfa verib.

Oğlan gördü loğman deyən düzdü, şəfa tapıb, sevincək evlərinə qayıtdı.

Mənbə

redaktə