Zəhi, cəvahiri-ehsani-amə mədəni-xas
Zəhi, cəvahiri-ehsani-amə mədəni-xas Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.166. |
Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas,
Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas.
Yetib hüzurinə me’rac vəqti qılmışlar,
Qəmər hüsuli-məasir, Süheyl kəsbi-xəvas.
Fələk həm ol gecə bulmuş səfa ki, sufi tək
Qərar tutmayıb, olmuş o bəzmdə rəqqas.
Rəhi-mütabi’ətindir təriqi-fövzü nəcat,
Həvayi-mərhəmətindir ümidi-xeyrü xilas.
Təfaxür eylə, Füzuli kim, ondan özgə degil
Sana zəmanədə nəqşi-səhifeyi-ixlas.