Zəhmətkeş alim, qayğıkeş insan

Zəhmətkeş alim, qayğıkeş insan (2012)
Müəllif: Araz Yaquboğlu
Mənbə: Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012. səh.3-6.

Ermənilərin işğalında olan Göyçə mahalında çoxsaylı yurd yerlərindən biri də Ziyəddin Həmil oğlu Məhərrəmovun dünyaya göz açdığı Qoşabulaq kəndidir. Ахarlı-baхarlı bu kənd təbii mənzərəsi; buz bulaqları, göz оxşayan meyvə bağları, yaşıl çəmənlikləri, gen tarlaları, tütün plantasiyaları, taxıl zəmiləri və əməyə bağlı zəhmətkeş insanları, düşmənə baş əyməyən mərd, məğrur igidləri ilə tanınırdı…
Ziyəddin müəllim atam Yaqub Hacıyevlə tələbəlikdən yaxın dost idi. Dəfələrlə bir-birilərinin ailəvi qonaqları olublar. Bu gün o səviyyədə olmasa da mən çalışıram ki, o dostluğu qoruyub yaşadım. Bununla əlaqədar dəfələrlə Ziyəddin müəllimin qonağı olmuş, onun elmi-pedaqoji fəaliyyəti, xüsusilə sovetlər dönəmində müxtəlif qəzetlərdə çap olunan çoxsaylı məqalələri ilə tanış olmuşam. O da mənim az da olsa qələm nümunələrim ilə tanış olub. Bir dəfə ata yurdum Daşkənd kəndinin nəsil şəcərələri ilə bağlı araşdırmalarımı Ziyəddin müəllimlə birgə nəzərdən keçirirdik. Birdən Ziyəddin Məhərrəmovdan onun mənsub olduğu "Daşdəmirlilər" nəsli haqqında məlumat verməyi xahiş etdim. O, sorğuma cavab olaraq dedi: – "Bizim nəsildə əsasən dədə-babadan əkin-biçinlə, maldarlıqla məşğul olmaqla güzəranlarını təmin edərmişlər. Qohumlarımızın bir hissəsi erməni-müsəlman savaşlarından çox-çox əvvəl, ermənilər hələ Göyçədə məskunlaşmamışdan qabaq yayda yaylaqda, qışda aranda ömür sürmək üçün Azərbaycanın qərbindən şimalına köç etməklə ürəklərinə yatan, həyatları хoş keçən ərazilərdə – Qazax mahalının Dağ Kəsəmən, Şıxlı kəndlərində, Akstafada, İcevanın Salah kəndində, Goranboyun Bаxçayurd, Ağamalıoğlu kəndlərində məskunlaşıbmışlar. Ulu babamın adı Həsən imiş. Onun Daşdəmir və Qurban adlı iki oğlu olub. Daşdəmirin Məhərrəm və Həsən adlı iki oğlu, Məhərrəmin Məhəmməd, Hümmət, Daşdəmir, Əsmər, Sədət, Mirvarı, Tərgül adlı yeddi övladı, onun qardaşı Həsənin isə İsaq və Bayram adlı iki oğlu olub. Daşdəmirin qardaşı Qurbanın isə İdris, Yunis, Seyid adlı üç oğlu varıymış. Adını çəkdiyim Məhərrəmin oğlu Məhəmməd mənim babamdır. Babamın Həbib və Həmil adlı iki oğlu olub. Burdan qalanını da maşallah ki, özün bilirsən"…
"Daşdəmirlilər" nəslinin alim övladı olan Ziyəddin Həmil oğlu Məhərrəmov 31 may 1947-ci ildə tarixi Azərbaycan ərazilərindən olan Göyçə mahalının Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1960-cı ildə doğma kənddə 7 illik məktəbi, 1964-cü ildə isə qonşu Daşkənd kənd orta məktəbini bitirmişdir. 1969-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin "Dil-ədəbiyyat" şöbəsini, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
Ziyəddin Məhərrəmov ali təhsilini başa vurduqdan sonra doğma kəndində müəllim işləmiş, 1969–1970-ci illərdə Həştərxan vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunandan sonra yenidən 1973-cü ilədək Qoşabulaq kənd orta məktəbində müəllim, 1973–1975-ci illərdə isə "Vardenis" rayon qəzetində ədəbi işçi işləmişdir. 1975-ci ildən 1976-cı ilədək Şuşa şəhər yerli radio verilişləri redaksiyasında təşkilatçı-müxbir, Kitabsevərlər Cəmiyyəti Rayon təşkilatının məsul katibi olmuşdur.
1976–1983-cü illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrində təlimatçı, ictimai əsaslarla partiya komissiyasının sədri, 1983–1985-ci illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsində təlimatçı, ideologiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşa şəhər Sovetinin deputatı, şəhər icraiyyə komitəsinin üzvü və ştatdankənar sədri (1986), rayon partiya komitəsinin aparat işçiləri ilk partiya təşkilatı bürosunun katibi, raykomun üzvü (1989) seçilmişdir.
Ziyəddin Məhərrəmov ittifaqın dağılmasından sonra 1991–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Muzeyinin Х. B. Natəvan adına Qarabağ filialının direktoru, 1992-ci ildə Xızı Rayon İcra Hakimiyyətində məsləhətçi və başçının köməkçisi işləmişdir.
1992-ci ildə yenidən pedaqoji fəaliyyətə başlayan Ziyəddin müəllim 1999-cu ilədək Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim işləmişdir. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dillər" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.
Azərbaycan Jurnalistlər Birliyinin (1996) və Azərbaycan Yazıçılar Birliyinin (15.11.2007) üzvü olan Ziyəddin müəllim 1998-ci ildə Göyçə aşıqlarının və el şairlərinin yaradıcılığı istiqamətində apardığı tədqiqat üzrə "ХХ əsr Göyçə aşıq mühiti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Ziyəddin müəllim elmi axtarışlarını daim davam etdirir. O, Azərbaycan şifahi xalq ədəbiyyatının toplanması və tədqiqatı ilə ardıcıl məşğul olur. Hal-hazırda "İrəvan ədəbi mühiti (1800–1920)" adlı doktorluq dissertasiyasını da başa çatdırmışdır.
Ziyəddin Məhərrəmovun publisistikanın əksər janrlarında yazıları "Gənc müəllim", "Vardenis", "Sovet Ermənistanı", "Şərq qapısı", "Sovet Qarabağı", "Sovet kəndi", "Bərəkət", "Azərbaycan pioneri", "Şuşa", "Respublika", "Azərbaycan", "Ədəbiyyat qəzeti", "Ədalət", "Azərbaycan müəllimi", "Qarabağ", "Хalq qəzeti", "Ekspress", "Nаxçıvan", "Azad Azərbaycan", "Bütövlük" və digər qəzetlərdə, filologiyaya dair elmi toplularda, "Azərbaycan", "Ulduz", "Laçın yurdu" jurnallarında dərc olunmuşdur.
Publisist, ədəbiyyatşünas Ziyəddin Məhərrəmov "ХХ əsr Göyçə aşıq mühiti" (1997), "Unudulmaz sazlı-sözlü yurdumuz" (2001), "Sözün yaddaşı əbədidir" (2003), "Xatirələrdə yaşayan Əli müəllim" (2006), "İrəvanda məktəbdarlıq və maarifçilik" (2010) adlı kitabların müəllifidir. O, bir çox kitabların tərtibçisi, ön sözlərinin müəllifi, eyni zamanda ayrı-ayrı tanınmış adamların həyat və yaradıcılığına həsr edilən ədəbi-publisistik məqalələrin də müəllifidir. Onun "Torpağında izim qalan Göyçə" (2000), "Şair Bəhmən Göyçəli" (2004) kitablarının və "Lək-lək" jurnalının transliterasiyasını tərtib edib, ön sözlə kütləvi tirajla buraxdırması ədəbiyyatımız üçün əvəzedilməz xidmət hesab edilir.
Türkiyədə və Gürcüstanda elmi məqalələri çap olunan dosent Z. H. Məhərrəmov ümumilikdə 5 kitabın, 2 monoqrafiyanın, 100-dən çox publisistik və 100-ə qədər elmi məqalənin müəllifidir.