Nağıllar. Zəngi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Deyirlər ki, qədim zamanlarda Bilbis1 şəhərində bir padşah varıymış.

Günlərin bir günündə bu padşah yatıb aləmi-röyada görür ki, İsfahan şəhərində bir hammalın Zəngi adında bir oğlu olacaq, uşaq on iki yaşına çatanda vurub onu öldürəcək. Padşah bu yuxunu görən kimi yerindən dik atılıb tez vəziri yanına çağırtdırır, dili tutula-tutula, təngnəfəs yuxunu ona söyləyib dedi:

– Vəzir, görəsən bu yuxu düzdürmü?

Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, qoy bir rəmmal çağırım, yuxunu yozsun.

Bəli, o saat şəhərdə nə qədər falabaxan, cindar, rəmmal vardısa hamısını çağırtdırdılar. Bunların biri tasa baxdı, biri açar saldı, biri suya baxdı, axırda biri kitaba baxıb dedi:

– Şahım, bu yuxu düzdü, doğrudan da səni bir uşağ öldürəcək.

Padşahın qorxudan bədəninə üşütmə düşdü, odu ki, dedi:

– Bəs buna bir tədbir!

Rəmmallar dedilər:

– Şahım, bizim gücümüz ancaq bu yuxunu yozmağa çatar, ayrı heç bir tədbirimiz yoxdu.

Padşah bu sözü eşidən kimi qəzəbindən az qaldı əlini gəmirsin, gözləri çıxdı kəlləsinə. O saat qırmızı geyinib çıxdı taxta. Əmr elədi ki, rəmmalların boynu vurulsun. Yazıq rəmmallar düşdülər əl-ayağa ki, ey şah, bizim günahımız nədi ki, bizi öldürürsən? Padşah heç nəyə qulaq asmayıb elə dediyini dedi. Axırda rəmmallardan biri gördü yox, bu zalım oğlu bunların hamısının boynunu vurduracax, odu ki, yalandan kitabı o üzə, bu üzə varaxlayıb dedi:

– Şahım, bunun bir yolu var, gedib o uşağı tapıb öldürəsən.

Bu söz padşahın ağlına batdı. Rəmmalları öldürməyib buraxdı.

Aradan bir neçə gün keçəndən sonra padşah təğyir-libas olub qiymətdən ağır, vəzindən yüngül bir xeyli ləl-cavahirat götürüb düşdü İsfahan şəhərinə yola. Az getdi, çox getdi, dərə-təpə düz getdi, gəlib çıxdı İsfahana. İsfahan elə bir böyük şəhər idi ki, nə ucu varıydı, nə də bucağı. Şəhərin bir küncündə bir dükən açdı, başladı dükəndə gününü keçirməyə. Bir gün, beş gün belə dolandı. Günlərin birində onun dükanına bir hammal gəldi. Padşah bu hammalnan o qədər söhbət elədi ki, bir də gördülər axşamdı. Hammal tez ayağa durub dedi:

– Ağa, daha mən gedim evə, təzə bir oğlum olub, görüm neçədi.

Padşah bu sözü eşidən kimi dedi:

– Kişi, oğlunun adını nə qoyubsan?

Hammal dedi:

– Uşağın adını Zəngi qoymuşam.

Padşah bu adı eşidəndə rəngi sapsarı zəfərana döndü. Qollarının qarısı sıxıldı, qılçası taqətdən düşdü, heç bir söz deyə bilmədi, tamam nitqi tutuldu. Hammal durub gəldi evlərinə.

Sizə kimnən deyim, uşağdan. Uşağ nə uşağ. Saat-basaat, günbəgün böyüyüb boy atırdı. Bir ayın içində üç yaşında uşağa dönmüşdü. Heç kim onun qolunu qatlıya bilmirdi. Bir oturuma yeddi adamın çörəyini yeyirdi.

Padşah dükanda oturub öz-özünə fikirləşdi ki, ey dili qafil, mən boş-boşuna bu dükanda nəyə oturmuşam? Yaxşısı budu gedim uşağı tapım, bəlkə başını batıra bildim. Soraqlaşa-soraqlaşa gedib hammalın evini tapdı, qapını döyüb kişini çağırdı. Hammal baxıb gördü dükançıdı, dedi:

– Ağa, nə əcəb, mənə qulluğun?

Padşah dedi:

– Heç bir qulluğum yoxdu, elə oturmuşdum dükəndə, birdən yadıma düşdün, gəldim.

Hammal padşahı apardı evinə. Padşah içəri girən kimi uşağı aldı qucağına, başladı boyunu söyməyə. Uşağ əlini qundaqdan çıxardıb qəfildən padşaha bir sillə vurdu ki, yer-göy onun başına hərləndi. Padşah lap yəqin elədi ki, onun qənimi bu uşaqdı ki, var. Padşah evə bir nəzər salıb gördü hammalın heç nəyi yoxdu, kasıb adamdı. Odur ki, dedi:

– Qardaş, sən gəl bu uşağı mənə sat, özü ağırlığında qızıl verrəm.

Hammala tamah güc elədi, uşağı özü ağırlığında qızılnan dəyişdi. Padşah uşağı götürüb, dükanı də yığışdırıb getdi öz torpağına. Uşağı vəzirinə verib dedi:

– Vəzir, al bu da haman yuxuda gördüyüm uşaq, apar öldür, qanlı köynəyini də gətir mənə görsət.

Vəzir uşağı alıb apardı bir meşəyə, istədi öldürə, gördü uşağ dil açıb deyir:

– Ey vəzir, padşahın ağlı yoxdu, bəs sənə nə olub, mənim təqsirim nədi ki, öldürürsən?

Vəzir gördü uşaq düz deyir. Özü də uşağın dil açıb danışması ona təəccüb gəldi. Bəzir uşağı meşədə bir ağacın dibində yerə qoydu, bir dovşan vurub uşağın köynəyini də onun qanına batırıb gətirdi padşaha ki, uşağı öldürdüm, bu da qanlı köynəyi. Padşah vəzirin sözünə inanıb ürəyi sakitləşdi. Vəzirnən padşah burda qalsın, sizə kimnən deyim, bir az da uşaqdan.

Elə ki, vəzir uşağı ağacın altında qoyub getdi, Zəngi durub yavaş-yavaş meşədən çıxdı, gəlib bir naxırçıya rastlaşdı. Naxırçı uşağı görüb dedi:

– Bala, kimin oğlusan, hara gedirsən?

Uşaq dedi:

– Ata-anamı itirmişəm. Heç bilmirəm hara gedirəm.

Naxırçı dedi:

– Bala, mənə oğul olarsanmı?

Uşaq dedi:

– Olaram.

Naxırçı uşağı götürüb gəldi evlərinə, arvadına dedi:

– Arvad, bu uşağı meşədən tapmışam, deyirəm saxlayax, özümüzə oğul eləyək.

Arvad da bu işə çox sevindi. Zəngi ta gəlib on iki yaşına çatdı. Elə güclü pəhlivan olmuşdu ki, hansı ağaca qol salsaydı kökündən qopardıb atardı. İndi eşidin bir neçə kəlmə də padşahdan. Padşahın qolunun altı yaman sancırdı ki, birdən uşağ ölməz, gələr. Odu ki, tezdən yenə rəml atanları çağırtdırıb dedi:

– Baxın görün, uşaq ölüb ya durur?

Rəmmallar hamısı rəm atıb dedilər:

– Qibleyi-aləm sağ olsun, uşaq ölməyib sağdı. Bu dəfə həm səni, həm də oğlunu öldürəcək, qızını da özünə arvad eləyəcək.

Padşahın canına üşütmə düşdü. Çoxlu qoşun götürüb düşdü dağı-daşı gəzməyə ki, bəlkə uşağı tapıb öldürə. Gəlib həmən meşəyə çıxdılar. Natərəstlikdən həmin gün Zəngi də meşədən odun qırıb aparırdı. Zəngi gördü ki, qoşunun ağzı açıldı, elə bil cinni-Cəfər qoşunudu. Qoşun gəlib bunun yanından keçəndə, onun yığdığı odun atların ayaqları altında dağıldı. Zənginin bu işə acığı tutdu. Əlinə bir yekə dəyənək alıb kəsdi qoşunun qabağın ki, mənim odunumu niyə dağıdırsınız. Qoşun bunu tutmaq istəyəndə Zəngi dəyənəyi işə saldı, başladı qoşunu şil-küt eləməyə. Padşah irəli yeriyib gördü ki, ey dili-qafil, bu həmin uşaqdı. Tez qoşunu dağıdıb başladı uşağı dilə tutmağa ki, sən yaxşı uşağsan, qoçaxsan, mənim yaman xoşuma gəlirsən. Uşağ padşahın şirin dilinə aldanıb dəyənəyi qoydu yerə. Padşah dedi:

– Bala, kimin oğlusan, eviniz hanı?

Uşaq padşahı yanına salıb apardı naxırçının yanına. Padşah naxırçını dilə tutub dedi:

– Kişi, görürəm sən kasıb adamsan, uşaq da yaxşı uşaqdı, gəl buna özü ağırlığında qızıl verim, ver mənə aparım, buna bütün elmləri oxudum, əməlli-başlı adam olsun.

Naxırçı pula susduyuf uşağı verdi padşaha. Padşah uşağa dedi:

– Bala, indi biz gedirik özgə səfərə, səni göndərirəm öz şəhərimizə, gedərsən oğlumun yanına. Sən nə istəsən, oğlum hamısını hazır eləyər.

Padşah o saat oğluna bir namə yazdı ki, bu uşağ bizim qatilimizdi, ora çatan kimi bunu iki şaqqa elətdirərsən. Naməni də qasidə verib uşağı onunla yolladı oğlunun yanına. Uşaqnan qasid az getdilər, çox dayandılar, çox getdilər, az dayandılar, gəlib çatdılar şəhərin qırağına. Yolda qasid bərk azarladı. Naməni uşağa verdi ki, mən gedə bilmirəm, apar özün ver padşahın oğluna. Zəngi də yol gəlib yorulmuşdu. Gördü burda bir qəşəng bağ var. Bağın barısından aşıb düşdü içəri ki, bir az dincəlsin. Yuxu onu tutdu, elə gül ağacının yanında yatdı, kağız da qaldı sinəsinin üstündə. Demə bura padşahın qızılgül bağçasıymış. Padşahın qızı gəlibmiş bağa gəzməyə. Qızın yolu düşür qızılgül xiyabanının yanınnan. Bir də görür ki, burda bir oğlan yatıb, yemə, içmə, xətti-xalına, gülcamalına tamaşa elə. Qaşları kaman, qap-qara kirpikləri elə uzundu ki, tamam gözünün üstünü örtüb, yanaxlar qırmızı alma kimi qıpqırmızı, boyu elə bil sərv ağacı. Özü də sinəsinin üstündə bir namə var. Qız ayağının ucunda yavaş-yavaş gəlib gördü namənin üstündə öz atasının möhürü var, tez naməni götürüb oxudu. Qız bir könüldən min könülə oğlana vurulmuşdu deyin tez ayrı namə yazdı. Özü də yazdı ki oğul, bu uşaq sənin yanına çatan kimi onu al qumaşdan geyindirib buraxarsan. Qız həmin naməni qatlayıb qoydu oğlanın sinəsinin üstünə. Oğlan bir azdan sonra ayılıb, axtara-axtara getdi padşahın oğlunun yanına, naməni verdi ona. Padşah oğlu oxuyan kimi oğlanı başdan-ayağa bəzəndirdi. Aradan bir az keçənnən sonra padşah səfərdən qayıdıb gəldi. Gördü ay gidi, uşağ sappasağdı. Oğluna dedi:

– Oğul, bu nə əhvalatdı?

Oğlu atasının naməsini görsətdi. Padşah qaldı məəttəl ki, görəsən bu işi kim eləyib. İş-işdən keçmişdi deyin üstünü vurmadı. Padşah vəzirnən sözü bir yerə qoydu ki, uşağın başını batırsınlar. Aşbaza da tapşırdı ki, sabah mənə yemək gətirməyə kim gəlsə, baltaynan vurub öldürərsən. Sabah açıldı, padşah Zəngini çağırıb dedi:

– Oğul, bu gün aşbazdan mənim xörəyimi sən gətir.

Oğlan baş əyib o saat razı oldu. Əlinə məcməyi alıb getdi ki, xörək gətirsin, yolda padşahın oğlu rast oldu. Padşah oğlu gördü uşaq aşbazın yerini bilmir, məcməyini alıb dedi:

– Görürəm aşbazın yerini tanımırsan, bu gün qoy mən aşbazdan xörəyi alım gətirim, burdan sən apar atama.

Padşah oğlu əlində məcməyi, getdi aşbazın yanına, elə qapıdan girəndə aşbaz baltanı elə ilişdirdi ki, oğlanın başı o saat düşdü yerə.

Zəngi gözlədi, gördü oğlan qayıtmadı, gedib aşbazdan xörəyi istədi.

Aşbaz məcməyini doldurub verdi Zəngiyə. Zəngi xörəyi gətirib padşaha verəndə padşah dedi:

– Oğul, qabaqca məcməyini kim apardı?

Oğlan dedi:

– Padşah sağ olsun, sizin oğlunuz apardı.

Padşahın gözləri çıxdı kəlləsinə, bildi ki, ölən öz oğludu. Padşah vəziri çağırıb dedi:

– Vəzir, cəlladları çağır bu məlunu öldürsünlər.

Əhvalatdan padşahın qızı xəbər tutdu. Gedib Zəngiyə xəbər verdi. Zəngi əlinə bir qılınc keçirib dedi:

– Padşah, mən sənin bütün kələklərini bilirəm, odu ki, səni mərd mərdanə öldürmək istəyirəm. Qılıncını götür vuruşaq.

Padşah öz gücünə bələd idi, odur ki, əkilmək istədi. Zəngi macal verməyib qılıncı onun təpəsindən endirdi. Padşah cəhənnəmə vasil oldu. Zəngi padşahın qızını da alıb özü taxta çıxdı.