Zərnigar
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var, biri yoxmuş. Səmərqənddə bir padşah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bunun adı Zərnigardı. Bu bir molla tutmuşdu ki, bir ayrı otaqda bu qıza dərs deyə. Bu molla həmişə qabaqca bu qıza gəlib dərs deyirdi. Sonra gedib başqa uşaqlara dərs deyirdi.

Bir gün oturub ərli arvadlı xörək yeyirdilər. Bu arvad ərinə dedi ki:

– Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək.

Bu Şəmil arvadının sözün qəbul elədi. Dedi:

– Nolar, yaxşı olar.

Səmil vəziri çağırdı. Dedi:

– Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun sənə bir ehtiyaclığı yoxdur, yeməyi yanında, içməyi yanında. Otur yerimdə padşahlıq elə, ölərəm padşah, gələrəm də yenə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı sənə tapşırıram, səni də Allaha.

Bu qızı tapşırdı vəzirə, arvadı da götürüb getdi. Günə bir mənzil teyi-mənazil, gedib çıxdılar Məkkəyə. Vəzir də bunun yerində padşahlıq elədi. Vəzir bir gün çıxmışdı balkonda gəzirdi, bu qız da əlinə aftafa alıb çölə çıxmışdı. Vəzir baxdı gördü ki, vallahı, bu bir qızdı ki, Allah-taala xoş gündə, xoş saatda yaradıb. Vəzir buna min könüldən aşiq oldu. Dedi:

– Kim bilir, padşah, necə olacaq! Qoca kişidir indi görən ölüb harda qalacaq.

Gecəni saldı arıya. Getdi qızın qulluğuna. Qız gördü, vəzir qapıdan girdi. Dedi:

– Filan-fılanşüdə, sən nə cürət edib mənim otağıma girirsən?

Qıza vəzir dedi:

– And olsun Allaha, biraz o ən-buən eliyərsən, boynunu vurduraram.

Dədən də bir qoca kişidi. İndi görən harda ölüb qalacaq. Qız gördü ki, bı çox qəzəbnak olub, bunu öldürəcək.

Dedi:

– Vəzir, otur, bu saat əlimə qab alım, gəlim.

Qız əlinə qab alıb çölə çıxdı. Ağzın çevirdi bərri-biyabana. Yavaş-yavaş getməyin binəsin qoydı. Ayın qaranlığı, bir yer görməmiş, padşah qızı. Getdi, bir çobana ürcah çıxdı. Çoban qızı görən kimi dedi:

– Ay bacı, başına dönüm, bacım yoxdu, Allah səni mən yetirib, gəl gedək.

Başladı bu qızın boynun qucaqlıyıb, o üzündən bu üzündən öpməyə. Qızı da götürüb apardı. Qız gördü ki, bir meşənin qırağında evi var. Çobanın bir qoca nənəsi də var. Evdə də yağ, süd, qatıq, pendir hər şey var. Çoban içəri girən kimi dedi:

– Ay nənə, bir bacı tapmışam.

Nənəsi dedi:

– Bala, sənin bacına da qurban olum, özünə də.

Qız biraz oturdu, baxdı gördü bu arvadın üst-başı çirklidi. Qayıtdı su qoydu, bı arvadı yudu, çimizdirdi, paltarını yudu. Çoban da hər saatda gəlib tapşırırdı ki, bacım amanatı mənə bax, gələm, görəm, bacım bekardı, bı dəyənəyi görürsənmi? Sınınca, səni döyəciyəm. Bu burda qalsın, sizə kimdən xəbər verim, Şəmil padşahdan. Bu Məkkəni ziyarat elədi qayıtdı. Vəzir də bildi ki, bı gələndə bı sirr açılacaq. Atın mindi bir mənzil bı kişinin qabağına getdi. Kişiynən görüşdülər, elədilər, kişi tez qızının əhvalın soruşdu. Vəzir başını bullayıb dedi:

– Ey Şəmil! Ona qız demə, bir lotunun biri de. Bütün şəhəri bir-birinə qırdıdı, nə qədər öyüd-nəsihət verdim, baxmadı. Axırda dedim:

– Atan gələndə xəbər verəcəyəm, səni öldürsün.

Gecəylə qaçıb. Hər şəhərdə soraq salmışam, həmən qız tapılmır. Padşah gəldi camaatıyla görüşdü. Gəldi çıxdı genə taxdı səltənətinə. Başdadı padşahlıq eləməyə. Vəzir dedi:

– Qibleyi-aləm sağ olsun, daha mən vəzirlik eləmirəm.

Padşah dedi:

– Niyə?

Dedi:

– Buna görə ki, daha qocalmışam, vəzirlik elədiyim də daha bəsdir.

Padşah bunu vəzirlikdən çıxartdı. Bı gəldi bir dərviş libası alıb geydi. Başdadı dərviş-libas gəzməyə. Bu şəhərdən o şəhərə qızı gəzirdi. Qız da bu çobanın yanında bir ay qaldı.

Bir gün öz-özünə dedi:

– Əyyar, mən padşah qızıyam, burda nə gəzirəm?

Gecəni saldı araya qaçdı, gəldi hava işıqlananda çıxdı bir yerə. Gördü, bəli, burda bir çinar ağacı var, bu çinar ağacının koğuşunda gizlənib pünhan oldu.

Gördü bir atlı gəlir. Bı atdı da padşahın oğlu idi. Bı atlı gəlhagəl gəldi başladı atı suvarmağa. Bu atı çəkdi suya, gördü bu at içmir. Baxdı gördü suya bir şövq düşüb. Ənə-ənə baxdı gördü çinarın dibində bir zənən oturur! Çevrikdi qıza dedi:

– Nəçisən? Hardan gəlirsən?

Zərnigar dedi:

– Qaçqınam.

Dedi:

– Gəl, tərkimə min.

Qızı aldı tərkinə, getdi gəldi evlərinə. Qız bir ay qaldı. Arvad baxdı gördü, bu bir qabil adamdı, lap padşahyana. Ərinə dedi:

– Əşi, gətir bu qızın kəbinin kəsdirək, alaq oğlumuza.

Qızın kəbinin kəsdilər, necə gün, neçə gecə toy eləyib qızı gəlin gətirdilər oğluna. Qız dedi:

– Mən Yəmən padşahının qızıyam.

Bı oğlan dedi:

– Bəs padşah qızısan, indiyədək bəs niyə deməmisən?

Vaxt oldu, ay ötdü, il dolandı. Bı qızın gəldi düşdü boyuna bir uşaq.

Gəldi bunun bir oğlu oldu.

Bu qalsın burda, sizə xəbər verim çobandan. Gəldi evə, gördü qız yoxdu. Dedi:

– Nənə, bəs bacım necə oldu?

Dedi:

– Bala, gecə yox olub.

Bu çoban da sürünü unudur, dərviş-libas olub başladı şəhərbəşəhər bu qızı axtarmağa.

Bu Zərnigarın da oğlu da gəldi oldu üzə gülən. Padşahın oğlu vəziri çağırıb dedi:

– Vəzir, gəl bunu apar, öz atasının vilayətinə. Yəmən şəhərinin padşahının qızıdı. Ata-anasıynan görüşsün, yenə gətir.

Bunu qoşunla, cəlalı ilə vəzirə qoşdu, yola saldı. Bunlar gəlməyə məşğul oldu. Gəldilər Yəmənin üç ağaşdığında düşdülər. Çadırı, kənəfi qurdular. Vəzir gecəni saldı arıya dedi:

– Bəli, burda kim var.

Durdu yavaş-yavaş getdi qızın yanına. Qız gördü vəzir gəldi, dedi:

– Filan-südə, sənin nə həddin var ki, mənim çadırıma girirsən?

Vəzir dedi:

– Bu saat sənin də, oğlunun da boynun vurduraram, artıq uzun eləmə.

Qız baxdı gördü, olmuyacaq Dedi:

– Sən otur, bu saat əlimə qab alım gəlirəm.

Çölə çıxdı, başladı daşmağa. İşıqlananda gəldi-gəldi, çıxdı bir şəhərə. Gördü, bura öz dədəsinin vilayətidi.

Zərnigar bələd idi dükan-bazara. Gəldi dərzi dükanına dedi:

– Mənim ərim dərvişdi, ona bir dəst dərviş paltarı verərsən.

Köşkülünəcən, təbərzinəcən aldı. Geyindi. Saçın yığdı papağın altına, təbərzini də aldı əlinə, köşgülü də. Gəldi böyük bir çayxananın qabağına. Başladı bir qəsidə oxumağa. Bunda bir ləvs vardı ki, bunu eşidən səsinə valeh olurdu. Camaat hamısı yığışdı bıra. Çayçı, aşbaz gördü gündə bunların yüz manat qazancı olurdusa, bı dəfə iki yüz manat qazancı oldu. Bu aşbaz dedi:

– Ağa dərviş, yeməyin də məndən, içməyin də. Nə qədər qalacaqsan, qal burda. Bu burda qalmaqda olsun, sizə kimdən xəbər verim vəzirdən.

Səhər açıldı, vəzir qoşunu da götürüb geri qayıtdı, getdi padşaha dedi:

– Qız lotunun biriydi. Çıxdı getdi.

Vəzir də dərviş-libas olub, başladı qızı axtarmağa.

Qız qəsidə oxuduğu yerdə, gördü camaatın içində bir dərviş durur. Nəzər saldı, gördü dədəsinin vəziridi. Dedi:

– Ağa dərviş, buyur sən də bir qəsidə de.

Bu dedi ki, mənim nə laiqim var ki, sənin yanında oxuyam? Qız dedi:

– İndi ki belədi, gəl burda mənim yanımda çal.

Bir gün də gördü ki, çoban dərviş-libas gəlir. Dedi:

– Buyur, bir qəsidə də sən oxu!

Bu da dedi:

– Mənim nə qüdrətim var ki, sənin yanında qəsidə deyəm.

Dedi:

– Onda, sən də qal mənim yanımda.

Bunlar oldular beş dərviş. Bı qız gündə çıxıb meydan eləyirdi; camaatı yığırdı başına. Bu höl-hölə, bı qul-qula bı səs getdi çıxdı padşaha. Padşah bu əhvalatı eşidəndə adam göndərdi ki, o dərvişi qonaq eliyin. Qız gələn fərraşa dedi:

– Paçcaha deyin bir nəfər deyilik, beş nəfərik.

Bu fərraş gəldi padşaha dedi ki, belə-belə deyir. Bu qaytardı dedi:

– Get denən, padşah deyir ki, beşi də mənə qonaxdı.

Bunlar beşi də gəldilər padşaha qonaq, yedilər, içdilər. Bu qız bir qəsidə başladı. Padşah gördü ki, bunda bir nəfəs var ki, göyündən gedən quş valeh olub dayanır. Qəsidəni tamam eləyəndən sonra dedi:

– Padşah sağ olsun, ərzim var.

Padşah dedi:

– Buyur.

Dedi:

– Padşah sağ olsun, mənim səndən bir təvəqqe eləyirəm.

Padşah dedi:

– Nə desən, əməl eliyərik, ağa dərviş. Buyura bilərsən.

Qız dedi:

– Qapıda bir qarol qoy, içəridən çölə çıxanı buraxmasın, çöldən içəri gələni buraxsın.

Padşah dedi:

– Baş üstə!

Qayıtdı qapıda bir qarol qoydu. Bu qız dedi:

– Dərviş qəsidə deyəndən sonra gərək arasında qə zoqədərdə desin.

Padşah dedi:

– Buyura bilərsən, ağa dərviş!

Qız dedi:

– Günlərin bir günündə, padşah sağ olsun, bir padşah vardı. Bunun da bir qızı vardı. Bir gün bı padşah arvadı ilə çörək yeyəndə arvadı dedi:

– Əşi, gəl bir Məkkəyə gedip ziyarət eliyək.

Kişi dedi:

– Çox yaxşı.

Qızın xurdu-xörəyin də qoymuşdud yanına, bir molla da təyin eləmişdi ki, ona dərs versin. Bı vəziri çağırdı. Dedi:

– Vəzir, bilirsən nə var? Biz gedirik Məkkəyə, səni yerimdə qoyuram. Pərdeyi-ismətdə bir qızım var. Onu sən tapşırıram. Səni də Allaha.

O saat padşah dedi:

– Ay qurban olum, o qız necə oldu?

Dedi:

– Dinmə, nağılın axırına qulaq as!

Vəzir də dedi:

– Qoy çölə çıxım.

Dedilər:

– Olmaz, otur yerində. Vəzir razı oldu.

– Bəli, bunlar getdilər, bir gün vəzir balkonda gəzirdi. Gözü sataşdı bu qıza. Gecəni saldı araya, gəldi qızın yanına. Qız nə qədər buna yalvardı, nə qədər minnət elədi, olmadı. Qız gördü ya bunu öldürəcək, ya ələ gətirəcək. Dedi:

– Əlimə qab alım gəlim!

Çıxdı qaçdı. Bərri-biyabanınan gedirdi, bir çobana ürcah çıxdı. Çoban bunun o üzündən, bu üzündən öpdü: Bıy bacı, sənə qurban olum; bacım yoxdu; Allah səni mənə yetirdi. Çoban dedi:

– Ay ağa dərviş, başına dönüm, o qız necə oldu?

Dedi:

– Axırına qulaq as!

Çoban bunu apardı evlərinə. Qız gördü, hər şey var evlərində, yağ, motal, süd, qatıq. Bir də bir qoca nənəsi var, heç nəyi tay yoxdu. Çoban anasına dedi:

– Ana, bir bacı tapmışam, bu anda, bı kalama bunu bikef görsəm, bu ağac sınıcan səni döyəcəyəm. Səhər qız biləyin çırmayıb evi-eşiyi təmizlədi. Arvadı suya saldı. Arvad dedi:

– Ay, Allah, sənə şükür, bunu mənə hardan yetirdin. Beş gün, üç gün burda yedi-içdi, ləzzət apardı. Bir gün dedi:

– Mən padşah qızı burda havaxtacan qalacağam.

Gecəni saldı arıya qaçdı. Səhər açılanda özün yetirdi bir şəhərə, gördü bir çinar var. Bunun koğuşundə pünhan oldu. Bir vədə gördü bir atlı gəlir. Bı atlı gəlib atın süvaranda gördü ki, at su içmir. Baxdı, gördü suya şövqü düşüb. O yana-bu yana baxdı, gördü çinarın koğuşunda bir qız oturub. bundan soruşdu ki, niyə burda oturmusan? Nəçisən?

Qız dedi:

– Qaçqınam.

Buna dedi:

– Gəl tərkimə min.

Qızı tərkinə alıb apardı evlərinə. O saat padşahın oğlu dedi:

– Ay başına dönüm, o qız necə oldu?

Qız dedi:

– Axırına qulaq as.

– Bəli, padşahın oğlu bu qızı evlərinə apardı. Bu qız beş gün, on gün burda dolandı. Oğlanın nənəsi baxdı gördü, bu bir qabil adamdı. Ərinə dedi, bunun kəbini kəsdirək oğlumuza. Bunun kəbini kəsdilər oğluna. Bir gün bu qız dedi:

– Bəli, mən filan padşahın qızıyam, bunun bir oğlu da olmuşdu. Əri dedi, bəs indiyəcən bunu mənə demirdin. Sabah bunu cəh-cəlalı ilə, qoşından, vəziri də yanına qoşub yola saldı.

O saat ərinin vəziri dedi:

– Qoyun, mən çölə çıxım.

Dedilər:

– Olmaz, otur yerində.

– Bunlar, bəli, vilayətlərinə üç ağac qalmış durdular, düşdülər gecə vəzir öz-özünə dedi: burda kim var, getdi qızın yanına. Qız nə qədər elədi, of eliyə bilmədi. Dedi:

– Sən otur, bu saat gəlirəm.

Asta qaçana imam mənim, qaçdı. Qız gəldi bir dəst dərviş libası aldı, geyindi, gəldi çıxdı atasının şəhərinə. Başladı bir çayxanada dərvişlik eləməyə. İndi bax, padşah sağ olsun, o sənin vəzirin, bu çoban, bu da mənim ərim. Bı da mənim ərimin vəziri. Siz də atam. Başından papağın götürdü:

– De, görüm, qızınammı?!

Padşah o saat cəlladı çağırdı. İki vəzirin də boynun vurdurdu. Qızın ərin öz yerində padşah elədi, çobanı da vəzir.

O yedi, yerə keçdi. Siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də nağıl deyənin.