Zahid, bir neçə kəlmə sən

Zahid, bir neçə kəlmə sən
Müəllif: Əndəlib Qaracadaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Zahid, bir neçə kəlmə sən,
Eşit şəhri-qiyamətdən.
Gör nə cəfalər gorübdür
Könlüm bir sərvqamətdən.

Nə qəddi sərv, sənubərdir,
Yoxsa şümşadi-Azərdir.
Ya möcüzi-peyğəmbərdir,
Zahirdir çox əlamətdən.

Ya məgər xaliqi-sifat,
Xəlq etmiş bir həbbi-nəbat,
Ləbləridir abi-həyat,
Əmmək olmaz lətafətdən.

Olur mənim kimi hər ac,
Qaşların gəncinə möhtac,
Görsə bu guşəni həccac
Üz döndərər ziyarətdən.

Bax mövsümi-novbaharə,
Əzmi-seyri-gülüzarə
Əndəlibi-bəxtiqarə
Söyləsin bu rəvayətdən.