Zahid ki, məscid içrə öziçün məkan tutub
Zahid ki, məscid içrə öziçün məkan tutub Müəllif: Ağa Hacı Molla Tağızadə |
Zahid ki, məscid içrə öziçün məkan tutub,
Bayquşdu kim, xərabə ara aşiyan tutub.
Nadanlığın görün ki, könüldə o bişüur
Yüz min qüsur ilə yenə qəsri-cinan tutub.
Kövsərsə mətləbin, olasan kur, zahida,
Görmürsən əldə saqi meyi-ərğəvan tutub?!
Naməhrəm olduğiçün özün novərusi-mey
Səndən çəkib kənara, cəmalın nihan tutub.
Yox badədə nəsibinü kövsərdə qismətin,
Bədbəxtlik basıb səni, zahid, ziyan tutub.
Fitva verir ki, sağəri-səhbanı sındırın,
Ey rindlər, görün, bu xətəkarı qan tutub.
Bixud, yəqin kəlamını dərk eyləməz avam,
Saxla nihan ki, aləmi zənnü güman tutub.