Zakirin Farsca təxmisi

Zakirin Farsca təxmisi
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Qılmanlar və hurü mələklər qapının torpağını arzu edərlər,

Can-başla gecə-gündüz səni axtararlar,

Ola bilsin, xoşbəxt olub dövrəsinə dolansınlar,

Kənanilər əgər gül üzünün ətrini duysalar,

Heç Misr gülşəninin havasını arzulamazlar.


Sənin gözəlliyindən göylər də dəyişib,

Buludlar bir an belə qərar tutmazlar,

Xəcalətdən ay üzünə niqab çəkər,

Günəşin üzü ayaqların altda paymal oldu,

Münkirlərə de ki, səninlə üz-üzə dursunlar.


Qafil deyilsən, zavallı ürəyimdən agahsan,

Ancaq rəhmsiz, vəfasız dilbərsən,

Yarın qəlbin almağa heç bir ümid qalmayıb indi,

Könül istər ki, ləb-ləb üstə qoyaydın,

Min ildən sonra ki, torpağı sürahi olanda.


Üzünün Kəbəsinin ətrafında gədalar dolanırlar ki,

Sənin qəmzə xəncərindən bəlkə qətrə dadalar,

Bu ləzzət qismət olsa əgər, şah başının tacı olarlar,

Mələklər dəstəsi ona baxmaq üçün səf çəkərlər,

Hər yerdə sənin eşq qurbanlarını yuyarlar.


Qiyamətdə də gözəlliyinin həvəskarı az olmaz,

Çünki onlar zahidlər kimi məqsədsiz (üsulsuz) deyillər,

Aşiq olmayan kəs heç vaxt ağıllı adlanmaz,

Eşqi dananların pərəstişi qəbul deyil,

Hətta yüz dəfə Zəm-Zəm bulağında dəstəmaz alsalar belə.


Hicran gecələrində həsrət məni yandırdı,

Artıq qüslü kəfənə mənim ehtiyacım yoxdur.

Ey mərhəmətsiz ayım, atının dırnağı ziynətdir mənə.

Eşqin məni elə yandırıb ki, qarışqalar gorda belə,

Bir üzv tapmadılar ayaq bassınlar.


Hicran dərdi səbrin kökünü kəsdi,

Bizim varlığımızı tamam sarsıtdı.

Zakir, əgər qəlb qapısını özün açmasan,

Yar qəmlərinin özləri könlünə daxil olarlar.

Gizlincə de ki, qəlbini pak etsinlər.