Zakirin Qoşması
Təzkireyi-Nəvvab Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Sifariş etmişəm badi-səbadən,
Görən dərdim o cananə deyərmi?
Dolanıb başına misli-pərvanə,
Od tutuban yanə-yanə deyərmi?
Bu mükəddər dili-zarə keçdiyin,
Əl çəkməyib, varə-varə keçdiyin.
Uzun illər günü qarə keçdiyin,
Siyəh zülfi pərişana deyərmi?
Səg rəqibdən məclis olanda xali,
Çəkib bir kənarə çeşmğəzali,
Üzün təmənnası, ləbin xəyali,
Binəvanı salıb qanə deyərmi?
Səbadən olmasa əgər bir çarə,
Cürət edib ərz etməyə o yarə,
Bu əhvali o türreyi-tərrarə,
Mərhəm olan, görən, şanə deyərmi?
Zakirəm, kuyindən avarəyəm mən,
Karü şüğlüm olub naləvü şivən,
Yad eləyib bir yol, yarəb, görəsən,
“Harda qaldı o divanə” - deyərmi?