Zaur Ustac "Dağlar" haqqında

Zaur Ustac "Dağlar" haqqında (2019)
Müəllif: Zaur Ustac
Mənbə: Zaur Ustac. ""Ədalət" qəzeti, Zaur Ustac "Dağlar" haqqında, N 146 (5610) S.14" (az.). Anl.az. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-29.

Mənim böyüyüb, boya-başa çatdığım coğrafi ərazi olduqca mülayim iqlimə malik, dağətəyi (Ağdam rayonunun Yusifcanlı kəndi) bölgə olub. Dünyaya gözümü açandan Günəşin düzənlikdən (Qarqar çayının aşağı axınında, yulğunluqlara qarışıb, qamışlıqlarda itdiyi yerdə, Ağ göl ərazisində) al-qırmızı doğub, haramı çöllərinin üzərindən qövs çızaraq keçməklə ilin fəsillərinə görə gah Kirsin, gah Qırxqızın, gah da Murovun arxasında yenə al-qırmızı rəngə boyanıb batmasını seyr etməklə keçib... Hava çox təmiz və açıq olanda Murovdan sonra daim başı qarlı şiş zirvə görünürdü. Bu dağa Ağrı dağı deyirdilər... Kənd ağsaqqallarının dilində Ağrı dağı ilə bağlı belə bir deyim var idi: - “Qar Ağrıya düşdüsə, üçcə günə burdadı”.

Lap körpəlikdən dağları Günəşin, Ayın evi bilmişəm... Dünyaya sahiblik – ağalıq edən qüdrətli Günəşin, o, olmayanda onu əvəz edən sirli Ayın evi... İndi siz dağların əzəmətini təsəvvür edin, bir uşaq düşüncəsində... Dağlar gecənin gizləndiyi, gündüzün dincəldiyi müqəddəs bir məkan olub mənim üçün... Dağların yaddaşımda belə dərin iz qoymasının ilk əsas səbəblərindən biri, bəlkə də birincisi – kənd uşaqları bunu yaxşı bilər – qoyun-quzunu axşamüstü örüşdən gətirmək üçün hər axşam Günəşin batmasını gözlədiyimdən gözlərimin sürəkli dağlarda olmasının və mütəmadi olaraq hər gün eyni mənzərənin təkrar olunmasının da rolu az olmayıb. Əlbəttə, o vaxtlar uzaqda olan dağlar sirli bir qala kimi görünürdü və uşaqlarla həmişə mübahisə edərdik ki, ora neçə günə gedib çıxmaq olar?.. Sonra tale elə gətirdi ki, bu sirli-sehrli dağlara sirdaş oldum...

Hərbi xidmətimin çox hissəsini 2500 metrdən yüksək olan dağlarda keçirdim və anladım ki, dağlara uzaqdan, aşağıdan yuxarı baxmaq nə qədər sirli görünürdüsə, indi bu əzəmətli qalaların qoynunda olub, düzlərə yuxarıdan-aşağı baxmaq o qədər, bəlkə də ondan min qat dah artıq zövqverici, eyni zamanda, ibrətamizdir... Xüsusi ilə hərdən olur ki, sən zirvədə olanda düzlərlə, yəni aşağıdakılarla sənin arana dümağ lopa-lopa buludlar girir və sən qalırsan buludların üzərində... Aşağıdakılar buludlara aşağıdan yuxarı baxıb orda Göyün – dünyanın bitdiyini sandıqları halda, sən o buludların üzərində olub, kaş dünya elə bu buludlarda bitəydi, hal-hazırda onun məndən gizlədiyi, buludların altında qalan bütün günü boş-boş şeylər üstündə didişən, söyüşən, bir-birinin ətini yeyib, qanını içən insanların varlığından heç xəbərim olmayaydı... Dünya elə bu buludlardan - yuxarıdakılardan ibarət olaydı – deyə düşünürsən...

Olduğum ən hündür zirvə Qapıcıqdır. Bundan əlavə, Murovun, Baba dağın ətəklərində, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxının və digər adını qeyd etmədiyim bölgələrin istər boz, istər yaşıl dağlarında yayda da, qışda da çox olmuşam... Batabatda, Cıdırdüzündə olmuşam... Qeyd edim ki, sakit havalı (çovğunsuz) qarlı dağlar heç də yazdakı güllü-çiçəkli dağlardan az cəlbedici olmur, şəxsən mənim üçün daha gözəldir... Bunu söz xatirinə deyil, bir neçə mövsüm ard-arda Batabat yaylağında yaz-yay, payız-qış keşirmiş təcrübəli səyyah kimi qeyd edirəm. Tək Batabat deyil, Salvartısı, Dağdağanı, Əyriqarı, Sisqatarı, Küküdağı (Qogi), Ciciyurdu, Qanlı gölü, Göy gölü və digərləri hamısı bir-birindən səfalı olur, yayda da, qışda da... Mətləbdən uzaqlaşmayaq, bunlar hələ çox sonralar olacaq hadisələr idi və əlbəttə ki, mən də bunlardan xəbərsiz...

1987-ci ilin yayında yenə ailəvi olaraq Qalaya - Şuşaya getmişdik. İsabulağında, Cıdırdüzündə olduq... Bu bizim Cıdırdüzü ilə son görüşümüz oldu və bir daha dərədə gurhagurla, şırhaşırla, qıjhaqıjla axan Qarqara yuxarıdan aşağı, amiranə, könül fərahlığı ilə baxa bilmədik... (Deyirəm, tək Cıdırdüzü deyil, sonralar bunu digər dağlarda da hiss etmişəm. Təmiz dağ havasını sinəyə çəkdikdə qəlbi qəribə fərahlıq hissi, ruhu coşğunluq çuğlayır... Bu hissi dağ olmayan yalnız bircə ərazidə hiss etmişəm Azərbaycanın Rusiya ilə sərhədində Xaçmazın sonuncu kəndi var, Xanoba - Zeyxuroba. Bir tərəfi meşə, bir tərəfi dəniz, çox gözəl havası var, lap dağ havası kimi...) Olsa-olsa bir neçə dəfə körpüdən baxıb, sonra da çevrilib çiynimiz üstündən gözdən itənə qədər arxamızca boylanıb baxa bildik vəssalam... (...və bir də indi təzə-təzə peykdən baxıb, köks ötürmək öyrənmişik...) Bu səfərdən sonra sentyabrda dərs açılanda “Dağlar”a aid şeir axtarmağa başladım. Əlbəttə, o vaxtlar indiki kimi hər şeyə maraqlı şagirdlərin sevimli dostu olan, nə lazım olsa, bir anın içində tapıb ovcunun içinə qoyan (uşaq və gənclər bu nemətin dəyərini anlamalı və bacardıqca çox faydalanmalıdırlar...) “Google” kimi dostumuz olmadığına görə bu proses bir qədər çəkdi və nəhayət, doqquzuncu siniflərin birindən onların gündəlik işlətmədikləri bir kitab – “ IX sinif Ədəbiyyat Müntəxəbatı ” kitabı tapdım. Bu kitabın Aşıq Ələsgərə aid bölümündə ayrı-ayrı parçalar şəklində müxtəlif nümunələr var idi:


Zaur Ustac "Dağlar" haqqında

Bahar fəsli yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı, gədanı -

Tutmaz bir-birindən “aralı” dağlar.



Həsənnənə, Həsənbaba qoşadı,

“Xaç” bulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!


Bu iki bəndi elə ilk oxunuşda əzbərlədim desəm, yalan olmaz. Sonralar Ədəbiyyat müəllimim Həsən müəllimdən (Allah rəhmət eləsin!) bu “aralı”nın əslində alalı – fərqli , “Xaç” bulaq – ın isə Xoş bulaq olduğunu öyrəndim... Və o gündən bu günə sanki, namaz sözləri kimi gün ərzində - hər gün özümdən asılı olmayaraq dəfələrlə təkrar edirəm... Əgər, bu sətirləri nə vaxtsa məni yaxından tanıyan, yol yoldaşı, otaq yoldaşı olmuş şəxslrdən kimsə oxusa bunu əminliklə təsdiq edəcəklər. Bununla bağlı kiçik bir haşiyəyə çıxmaq istəyirəm:

HAŞİYƏ: Hərbi xidmətdə olanların “kazarma” - əsgər yataqxanası haqqında yəqin ki, təsəvvürləri var. Olmayanlar üçün qeyd edim ki, 100-200 nəfərin birlikdə yaşadığı, hərənin öz çarpayısı (ehtiyac olduqda iki mərtəbəli də olur), dolabı, kətili olan, ayrı-ayrı hissələrdən ibarət, hər iki başında tualet (ayaqyolu və yuyunmaq üçün yer) və digər yardımçı otaqlar nəzərdə tutulmuş böyük bir ev. «Ev» sözün əsl mənasında ev. Öz evlərində doğmaca ailə üzvləri ilə yola getməyənlər bu evdə elə yaxşı yola gedirlər ki... İndi deyəcəksiniz bütün bunların məsələyə nə dəxli?.. Əlbəttə, dəxli var. Bu hal digər xidmət yerlərində də olub. Ancaq BABKM –da oxuduğum vaxt uzun müddət olduğu üçün bu “kazarma”nı misal çəkmək istədim. Deməli, düz dörd il boyunca sərasər hər gün səhər idmanından sonra (yay, qış fərq etmir) “kazarma”nın o başından yuyunub, qurulana-qurulana öz çarpayımın yanına gələnədək – o başdan, bu başa:


Bahar fəsli yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar.

Yoxsulu, ərbabı, şahı gədanı -

Tutmaz bir-birindən “aralı” dağlar.


- bu bəndi o qədər demişdim ki, artıq mən: “Bahar fəsli yaz ayları gələndə...” - deyən kimi, bir-iki nəfər, - “...şair yenə başladı...” - deyənləri çıxmaq şərti ilə, “kazarma”-da olub öz işləri ilə məşğul olan (üzün qırxan, yaxalıq tikən, daranan) uşaqların böyük əksəriyyəti bir ağızdan: “Süsənli, sünbüllü, lalalı dağlar” – deyə səsimə səs verirdilər...

Bu vərdişim günü bu gün də dəyişməyib, elə bil əlimə su dəyəndə, dağlar, buz bulaqlar yadıma düşür və sövq-təbii Dədə Ələsgəri, “Dağlar”ı xatırlayıram və qeyri-ixtiyarı “Bahar fəsli yaz ayları gələndə...” qopur dilimdən... Onu da qeyd edim ki, Tuncay bu layihədə fəal iştirak etsə də, “...şair yenə başladı...”- deyənlərdəndir... Baxmayaraq ki, o da “İbtidada Əlif Allah”ı tam əzbər bilir və tez-tez deməyi xoşlayır. Uşaqlıqdan, sadəcə, Günəşin, Ayın, gecənin, gündüzün evi bildiyim dağların böyüdükcə daha geniş anlam kəsb etdiyini anlamağa başladım. Azərbaycanı qarış-qarış gəzdikcə, dünya haqqında məlumatım artdıqca ölkəmizdə də, dünyanın digər yerlərində də insanların olduqca müxtəlif səbəblərdən müxtəlif dağları müqəddəs bilib, ziyarətə getdiklərini, qurbanlar kəsdiklərini öyrəndim... Bir vaxtlar qeyri-ixtiyarı, sadəcə, nəyə görəsə xoşuma gəldiyi, bir doğmalıq, istilik hiss etdiyim üçün, bəlkə də başqa bir səbəbdən əzbərlədiyim misralar, sonralar oxuduğum və bu gün də yenilərini oxumaqda davam etdiyim dağlar haqqında nümunələr daim fikrimi məşğul edir. Almanaxla tanış olduqca burada toplanmış fərqli zamanlarda, müxtəlif statuslu, müxtəlif yaş qruplarına aid, müxtəlif nəsillərin nümayəndələri tərəfindən dağlara xitabən qələmə alınmış nümunələri oxuduqca siz də bu barədə düşünə bilərsiniz... “Dağlar” bizi bir məfhum kimi cəlb edir, yoxsa əksəriyyərin şüuraltı bilincində Tanrının Göydə olması anlayışı yer tutduğundan, dağların da Göyə, Tanrıya daha yaxın olması səbəbi ilə onu qutlaşdırır, Yer üzərində Tanrının təcəllisi səviyyəsinə qədər yüksəldib, tapınağa çevirirk. Yaxud da, gözəgörünməzlik, zatda varolma anlayışlarını qəbul edib, etməməsindən asılı olmayaraq, insan yardım istəmək, şikayət etmək, tərifləmək istədiyi yaradanı, güc-qüdrət sahibini görmək istəyir və Yer üzündə görüb, tanıdıqlarından yalnız dağı, dağları bu mərtəbəyə layiq bilib onunla eyniləşdirir. Öz yaradanının daim gözünün önündə - məchul deyi, əlçatan olmasını arzu edir və bu istəyin gücü ilə Tanrını dağların timsalında bir məbud kimi görərək onun varlığın “Dağlar” obrazında reallaşdırır. Bu xüsusda yenə Dədə Ələsgərdən bir misal gətirmək istəyirəm:


Yoxsulu, ərbabı, şahı, gədanı -

Tutmaz bir-birindən alalı dağlar.


Misaldan göründüyü kimi, bəşər övladına bu günə qədər məlum olan bütün məlumat qaynaqlarının hamısı nəzərə alınmaqla, yalnız və yalnız Böyük Allaha məxsus olan, onun “Adil” adının hökmlərindən irəli gələn, “ədalətlilik”, “bərabərlik” prinsiplərini, yəni qarşısındakıları, yaratdıqlarını, bütün mövcudatı bərabər görmək, onları bir-birindən fərqləndirməmək sifətini əsl Haqq Aşığı, xalqımızın mütəfəkkir oğlu “Dağlar” obrazının üzərinə proyeksiya edir. Məhz bu xüsusiyyətinə görə Dədə Ələsgərin yaratdığı “Dağlar” obrazı yeganədir və özündən əvvəlkilərdən və sonrakılardan seçilir. Dahi söz ustadının yaratdığı “Dağlar” Adil Allah kimi heç kimi, heç bir xüsusiyyətinə görə bir-birindən fərqləndimir, ayrı-seçkilik etmir... Bu minvalla almanaxda da yer almış, bizə məlum olan Miskin Abdala məxsus “Dağlar” adlı ilk nümunədən üzü bəri bu gün də yazılan nümunələrdə kefimiz kök olanda dağları vəsf edir, şəninə təriflər yağdırır, ələmə qərq olanda isə özümüz özümüzdən dağlara şikayət edir, dərd-sərimizə onlardan mədət umuruq... Bunu da qeyd etməsəm olmaz... Son vaxtlar nədənsə, dilimdən daha çox:


Həsənnənə, Həsənbaba qoşadı,

“Xaç” bulaq yaylağı xoş tamaşadı.

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!


- bu bənd qopur və Dədə Ələsgərin dilindən, özüm üçün dəfələrlə, dönə-dönə təkrar edirəm:


Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!


Otuz ildən artıq bir müddətə yuxarıda qeyd etdiyim kimi, gün ərzində dəfələrlə səbəbini bilmədən, qeyri-ixtiyari təkrarladığım misraları indi Dədə Ələsgərin nələr hiss etdiyini, nələr çəkdiyini bir köynək daha yaxından anlayaraq, xüsusilə təklikdə qalanda dönə-dönə, düşünə-düşünə təkrar edirəm:


Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!


Ancaq, neyləmək olar... Ölmək də olmur... Bu dünyanı yaşamaq, çözmək məcburiyyətindəyik... Bu fikir məni o qədər məşğul edir ki, yenə dağlar qoynunda – Şamıxıda olduğum vaxtlarda ölüm haqqında belə kiçik, ancaq ölümün tam tərifi kimi alınmış «Ölüm nədir?» adlı bir şeir yazmışam:


Ölüm, ən şirin nemət,

Ən sonuncu diləkdir…

Ölüm, sonuncu fürsət,

Ümidsizə ümiddir…


07.01.2014.

Şamaxı


Çalışın ölümdən uzaq olun, həyatdan zövq almağa çalışın... Nə olur-olsun yaşamaq gözəldir... Heç bir səbəb onu bilərəkdən sonlandırmağa əsas ola bilməz. Sənin çıxılmaz zənn etdiyin bütün vəziyyətlərin çıxış qapısı var ki, əslində bu yer həyatını yaxşıya döğru dəyişəcəkb bir dönüş nöqtəsidir...

Odur ki, mən də şalışıram tək qalmayım:

Arsız aşıq elsiz niyə yaşadı,

Ölsün Ələsgərtək qulların, dağlar!

- deməyim.

Tuncay mənə nə qədər “...şair yenə başladı...” desə də, mən elə: “Bahar fəsli yaz ayları gələndə...” - deməyə davam edim...

Allah sənə qəni-qəni rəhmət eləsin, Dədə Ələsgər! Ruhun şad olsun!.

Qeyd: Kitabla maraqlananlar Bakı şəhəri, «İnşaatçılar» metrostansiyasının üstündə yerləşən “LİDER KİTAB EVİ”nə müraciət edə bilərlər.

Bu əsərin müəllifi (və ya müəllif hüquqlarının sahibi) onu yaymaq, dəyişmək və hüquqi sahibinin məlumatlarını saxlamaqla (orijinal müəlliflik və/və ya mənbəyə istinad) əsəri istənilən məqsəd (həmçinin kommersiya) üçün istifadəyə icazə verir.