Zevs Kronu taxtdan salır. Olimp allahlarının Titanlarla mübarizəsi
Zevs Kronu taxtdan salır. Olimp allahlarının Titanlarla mübarizəsi. Müəllif: Şifahi xalq ədəbiyyatı |
Mənbə: Dünya xalqlarının mifləri və əfsanələri. Bakı, 2004 |
Zevs günü-gündən böyüyür, ərsəyə çatırdı. O, atasına qarşı çıxdı və udduğu uşaqları geri qaytarmağa məcbur elədi. Kron bir-birinin dalınca uşaqlarını - tanrıları geri qaytardı. Onlar dünya ağalığı üstündə Kronla və titanlarla mübarizəyə başladılar.
Bu mübarizə dəhşətli və inadlı mübarizəydi. Kronun uşaqları Olimpdə möhkəmləndilər. Bəzi titanlar, birinci titan Океап və qızı Stiks öz uşaqları Qeyrətlə, Güclə və Qələbə ilə birlikdə onların tərəfinə keçdilər. Bu mübarizə Olimp Allahları üçün təhlükəliydi. Onların düşmənləri qüdrətliydilər, qorxuncuydular. Amma sikloplar Zevsin köməyinə gəldilər. Sikloplar ildırım və şimşək hazırlayırdılar, Zevs isə bunları titanların üstünə yağdırırdı. Mübarizə on il çəkdi, amma qələbə tərəflərin heç birinə meyl göstərmirdi. Nəhayət, Zevs torpağın dərinliyindəki yüzəlli nəhəngləri azad eləməyi və onları köməyə çağırmağı qərara aldı. Dağ kimi уекə nəhənglər yerin dərinliyindən çıxdılar və çıxan kimi döyüşə atıldılar. Onlar dağlardan iri-iri qayaları qoparır və nəhənglərin üstünə atırdılar. Titanlar Olimpə yaxınlaşanda onların üstünə yüzlərlə iri-iri qayalar yağdı. Torpaq zarıyırdı, gurultu havanı başına götürmüşdü, yer titrəyirdi. Bu döyüşdən hətta Tartar da əsirdi. Zevs dalbadal odlu şimşəklər və gurultulu ildırımlar atırdı. Alov torpağı başına götürdü, dənizlər qaynaşırdılar, tüstü və üfunət işıqlı dünyanı qatı örtüklə bürüdü.
Nəhayət, titanlar geri durdular. Onların gücü tükəndi və məğlub oldular. Olimp Allahları onları zəncirlədilər və zülmət Tartara, əbədi qaranlığa tulladılar. Qüdrətli titanlar azadlığa çıxmasınlar deyə, Tartarın mis, möhkəm darvazasının ağzında yüzəlli nəhənglər keşik çəkməyə başladılar. Titanların dünyadakı ağalığına son qoyuldu.