Zindani-qəmdə oldu gunum qarət ağlaram

Zindani-qəmdə oldu gunum qarət ağlaram
Müəllif: Mir Möhsün Nəvvab
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Zindani-qəmdə oldu günüm qarət ağlaram,
Sövdayi eşqində çəkib zillət ağlaram.

Zülfün havası ilə olub tirətər günüm,
Qalu bəlada hicrin olub qismət, ağlaram.

Ahimlə dövri-şəmsü qəmər halə bağlayıb,
Bir dəm sənlə eyləmədim söhbət, ağlaram.

Bülbül kimi nəvayə gəlib eylərəm fəğan,
Hicri-rüxündə oldu kəman qamət, ağlaram.

Ahu fəğanım ərşə çıxıb, dilbəra, nedim?
Sənsiz məni əhatə edib möhnət, ağlaram.

Kuyində sərfəraz olubdur rəqiblər,
Edirlər hər zaman mənə min töhmət, ağlaram.

Əncümşümar olubdu fəraqində gözlərim,
Yadi-vüsalın ilə çəkib həsrət, ağlaram.

Nəvvabtək alıbdı əlimdən təvanımı,
Bitaqət eyləyibdi məni firqət, ağlaram.