Zoğal əhvalatı
Zoğal əhvalatı Müəllif: Aşıq Valeh |
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva). |
Aşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.
Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.
Beləliklə, Valeh bir neçə gün Qalada qalır və bir kilo da zoğal sata bilmir. Valehin öküzü, atı xəstələnib ölür. Zoğal isə lalıqlayır, suyu tayçalardan axmağa başlayır. Baqqallardan biri Valehi dolamaq məqsədi ilə ona yaxınlaşıb, deyir ki, Aşıq Valeh onsuz da bu zoğal zay olub gedir. Bunun yükünü bir Abbasıya versəydin alardım. Valeh fikirləşir ki, əşi yenə bacım oğluna xərclik olar, qoy verim getsin, razılaşır. Baqqal isə Valehə bildirir ki, amma pulum yoxdu, nisyə ver. Sonra pulun bir adamnan göndərərəm. Bu dəmdə Valeh başa düşür ki, dostu onu dolamaq üçün bu qurğunu qurubdur. Allahqulugildən sazını gətirdir. Dostlarını cəmləyib, bu sözləri onlara oxuyur.
GƏLDİM
Dostum namə yazdı, dedi: durma, gəl,
Aldandım, bazarın nəyinə, gəldim.
Unutdum sənəti, oldum sövdəkar,
Bir libas tikdirdim əyinə, gəldim.
Biiman göndərib, naməni dərhal,
Yazıbdır bu yerdə mətahdır zoğal,
Tapılsa üstündə olar qalmaqal,
Aldandım namərdin küyünə, gəldim.
Kimlər səbəb oldu deyin, bu hala,
Xəstə ölür, şəfa qalıb zoğala,
Dərdirdim hər nə var, yığdım çuala,
Dost dedim, nadanın səyinə gəldim.
Bir öküzüm vardı kəndi – Qacarda,
Yazıq heyvan çəkməmişdi azar da,
Dedilər urbatdı zoğal bazarda,
Yolları sevinə- sevinə gəldim.
Allahqulu ilə keçdi ilqarım,
Yazdı: Gətir satım, hər nəki varın,
Yurdu viran olsun bu səbəbkarın,
Sovqatla zalımın evinə gəldim.
Xalqın ulaqları kəklik tək səkər,
At mayallaq aşar, öküzlər çökər,
Bacım oğlu gözlərindən yaş tökər,
Yolları deyinə-deyinə gəldim.
Şuşa baqqalları, ara qatanlar,
Dini girov qoyub, iman satanlar,
Xırman sıpası tək şıllaq atanlar,
Nadanlar adına tənayə gəldim.
Zoğalın qaydına qalan olmadı,
Mənim kimi mağmın olan olmadı,
Öküzlərin gönün alan olmadı,
Nəzərdə diqqətin səyinə gəldim.
Allahqulugildə vardı bir nökər,
Gecə durub haramzada bixəbər,
Atın çulun alıb, at olub qəysər,
Dalını basdırdım, peyinə gəldim.
Bir baqqal zoğalı qoydu kasıya,
Süzələndi suyu axdı lasıya,
Yükünü kəsdilər bir abbasıya,
Onu da istədim, nisyə gəldim.
Valeh sinəsinə çəkildi bu dağ,
Zoğal ağacından hər kim əksə bağ,
Arvadı lotudur, özü qurumsaq,
Bu sözlə sənətin çiyinə gəldim.