"Əkinçi", 15 fevral 1876, №3/Daxiliyyə
"Əkinçi", 15 fevral 1876, №3 |
Elm xəbərləri→ |
Elmi-əbdan hədisinin barəsində olan külu vəşrəbu və la tisrifu 80 bizim mollalar verən mənanın birisini görüb istəyirəm ol ayənin hikməti mənasından danışam. Hər bir millətin məzhəbində insan özünə və ya bir qeyri kəsi öldürmək qadağan olunub. Ona binaən ki, insan bir-birini həlak etsə, camaat olmaz və camaatsız insan dolanmaz. Çünki insan özünü bir neçə tövr ilə, o cümlədən az ya çox yemək və içmək ilə həlak edə bilir, ol səbəbə zikr olan ayə müsəlmanlara nazil olub ki, onları belə ölümdən mühafizə etsin.
Necə ki, şamın piyi çox olanda piltəni boğduğuna və az olanda piltəyə çatmadığına onun işığı kəm olur, habelə insanın da yemək-içməyi ziyadə və ya kəm olanda onun bədəni zəiflədiyinə ona naxoşluq ariz olub onu həlak edir. Az yemək və içmək insanın bədənini zəif eləməyi məlum və aşkar olduğuna, indi ancaq çox yemək və içmək bədənə zərər eləməyindən danışacağıq.
Biz yediyimiz xörəklər gərək mədədə əriyib qana qatışıb bədəni saxlasınlar və əgər mədədə bir girvənkə xörəyi bişirib əritməyə qüvvət varsa, ona iki girvənkə xörəyi bişirtdirəndən mədə gücdən düşüb zəiflədiyinə tamam bədəni də zəif edir. Habelə biz içdiyimiz su lazımdır ki, mə’dədə bişən xörəyi əridib qan kimi etsin ki, damarların içində axsın. Elə ki, qan bədənin əczalarına daxil oldu, gərək su özü tər və ya qeyri surətdə bədəndən rədd olsun. Çünki suyu rədd edən əczalar su çox olanda onu rədd eləməkdən ötrü ziyadə kuşeş edib, gücdən düşüb tamam bədəni zəif edirlər, ona binaən çox içmək, çox yemək kimi bədəni fövtə verir.
Pəs üləmayi-islam yaxşı elərdilər ki, zikr olan ayeyi-şərifəyə verilən mənaların cümləsindən zikr olan hikmət mənasını da verəydilər və bir müsəlman israf edəndə, məsələn, qovunu batman ilə yeyəndə, ya lilli suyu bir neçə kasa içəndə ona deyəydilər: külu vəşrəbu və la tüsrifu.