"Əkinçi", 15 fevral 1876, №3/Elm xəbərləri

Daxiliyyə "Əkinçi", 15 fevral 1876, №3

Məktubat


İmtahan ilə bəyan olub ki, bəzi naxoşluq insandan heyvana və ya heyvandan insana düşür. Məsələn, sinə naxoşluğu ki, ona sill deyirlər, heyvanda da olur və onların südünü işlədən insana da düşür. Ona binaən sağlam malın sill naxoşluğu olsa onun südünü yemək məsləhət deyil. Ondan masəva onu sürüdə də saxlamaq yaxşı deyil. Ona binaən ki, sürüdə olan dana və buzovlar onu əmib sill naxoşluğuna düşər. Həmçinin onun ətini də yemək yaxşı deyil. Ol səbəbə yəhudilərin adəti ki, malı kəsəndən sonra onun ciyərinə baxıb və gər yara olsa onun ətini yemirlər, yaxşı adətdir. Pəs sill naxoşluğu olan heyvanı məsləhətdir tələf edəsən ki, onun ətini ya südünü insan və heyvanlar yeməsinlər.

  • * *

İmtahan ilə mə’lum olub ki, insanın xasiyyəti və bəzi naxoşluqları, məsələn, sill və babasil naxoşluqları onun övladında tapılır və habelə zikr olan naxoşluqlar ananın südü ilə övlada yetişir. Ona binaən dayə saxlayanlara məsləhətdir ki, sağ dayə tutsunlar ki, onun sill, ya babasil və ya kəffət naxoşluğu olmasın. Həmçinin zikr olan naxoşluqları olan övrətlərə məsləhətdir ki, öz uşaqların əmizdirməyib onun üçün dayə tutsunlar ki, uşaq əgər anasına oxşamış isə naxoş ananın südündən azara düşməsin.

  • * *

Çünki bizlərdə oğrunu bəzi vaxtda ləpir ilə cüstücu edirlər və kəndlərdə olunan oğurluğun çoxunu atlı adam edir, ona binaən atının yeriməyindən və onun ləpirindən danışacayıq.

At yorğalıyanda hər tərəfinin iki ayağını birdən qalxızıb, birdən yerə qoyar. Addım ilə gedəndə hər bir ayağını tək yerə qoyar. Məsələn, sağ tərəfin qabaq ayağından sonra, sol tərəfin dal ayağını, sonra sağ tərəfin dal ayağını və axırda sol tərəfin qabaq ayağını. Yeriş ilə gedəndə iki ayağını birdən, yə'ni sağ tərəfin qabaq ayağı ilə sol tərəfin dal ayağını birdən və sol tərəfin qabaq ayağı ilə sağ tərəfin dal ayağını birdən yerə qoyar. Ona binaən at yorğalıyanda gah sağ tərəfə, gah sol tərəfə basıb yırğalanar, amma yeriş ilə gedəndə hər iki tərəfə birdən [ayaq] basdığına yırğalanmaz.

At yeriş ilə və addım ilə gedəndə onu hər tərəfinin iki ayağından bir ləpir düşür, yə'ni qabaq ayağının ləpirinin üstə dal ayağının ləpiri düşür. Lakin bir tərəfin ayaqları elədi ki, ləpirlərin bir-birindən irəli olmağına baxıb bilmək olur ki, o ləpirlər yeriş ilə və ya addım ilə gedən atdan düşüb. Addım ilə gedən atın ləpirlərinin arası az, amma yeriş ilə gedəninki çox olur. Amma at yeriş və addım ilə yoxuşa çıxanda onun dal ayağı qabaq ayağının ləpirinin üstə düşməz, bir az dala düşər və enişdən düşəndə dal ayağının ləpiri qabaq ayağından irəli düşər. Həmçinin yorğa at düz yerdə gedəndə dal ayağının ləpiri qabaq ayağının ləpirindən irəli düşür.

  • * *

Hörümçək öz torunun içində bir deşik qayırıb oturub gözləyir ki, bir heyvan ona düşəndə onu şikar etsin. Çünki hava yaman olanda heyvanat gəzmədiyinə onun toruna da düşməz, ona binaən ol zaman hörümçək özü də tordan çıxıb bir yavıq yerdə, məsələn, ağacın budağının altında gizlənir. Belə hörümçək yerini dəyişməyə binaən hava dəyişilməyin bir neçə gün qabaq bilmək olur. Əgər hava yaxşı olan zaman hörümçək tordan çıxıb gedir isə ya getmiş isə, məlum ki, hava dəyişilib yaman olacaq və əgər hava yaman olan zaman hörümçək öz toruna gəlmiş isə ya gəlmək istəyir isə, yəqin yaxşı hava olacaq.