"Əkinçi", 18 dekabr 1875, №11/Daxiliyyə

Elan "Əkinçi", 18 dekabr 1875, №11

Əkin və ziraət xəbərləri

Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya yamanlığından agah olub sonra peşmanlıq çəkməsin.

Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız "Əkinçi" qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad oluruq. Amma çifayda qəbristanlıqdan səs gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzeti oxuyanlar ol mətləblərə bir cavab yazmırlar.

Belə olan surətdə biz mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi oxuyanlar ondan narazı olduğunu da bu çağacan bilmirdik. Amma "Əkinçi" qəzetinin 9 nömrəsi xalq arasına bir səs salıb ki, o səsi eşitməyən yoxdur.

Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlı Moskvada xaçpərəst olmağından danışdıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvələn, təzə xəbərləri biz özümüzdən yazmırıq. Onları xaricilərin qəzetlərindən yazırıq. Ona binaən ol xəbərlər dürüst də olmasa, onları eşitmək bizim xeyrimizdir. Ol səbəbə ki, onları oxuyub xaricilər bizlərə necə baxmağından xəbərdar oluruq. Saniyən, təzə xəbərləri yazanda biz sə'y edirik ki, müsəlman vilayətlərindən çox xəbər yazaq. Ona binaən ki, bizim xalqa ol xəbərlər gərək xoş gəlsin. Amma bizim müsəlmanlar elm və ədəbdən qaçmağına xaricilərə gülüş olublar. Ona binaən bizə xoş gələn xəbərlər onların qəzetlərində çox az olur. Bu səbəblərə yaxşı-yaman hər bir xəbəri yazdıq. Salisən, ol xəbərləri yazandan irəli təhqiq etmək müşküldür. Əgər onları təhqiq edib sonra yazsaq, gərək heç təzə xəbər yazmayaq.

Pəs bizim zikr olan xəbərlərdən narazı olanlar bir şirvanlı hacı kimi fikir etməsinlər ki, onları biz qəsdlə düşmənlikdən yazmışıq. Əgər qəzetdə məqdur olsaydı, mən dəlillərlə sübut edərdim ki, Osmanlı və Ġran əhli bizim ilə bir qanda, bir canda və bir məzhəbdə olmağına binaən mən bizim müsəlmanların çoxundan və bişəkk zikr olan şirvanlı hacıdan artıq onları dost tuturam. Pəs müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər.