"Əkinçi", 18 noyabr 1875, №9/Əkin və ziraət xəbərləri

Daxiliyyə "Əkinçi", 18 noyabr 1875, №9

Elm xəbərləri

Keçən nömrələrdə əkin yerini necə imtahan etməkdən və onun xasiyyətlərindən danışdıq. Ümidvarıq ki, bu çağacan bizim qəzeti oxuyan əkinçilər öz yerlərini imtahan edib onların xasiyyətlərini biliblər. Ġndi nə tövr ilə əkin yerinin xasiyyətini dəyişdirməkdən danışaq. Əgər bir kəs istəyə ki, bir yerdə əkin etsin, amma ol yerin xasiyyəti, yəni qumu, gili ya əhəngi ziyadə olmağı ona mane ola, ol vaxtda ol yerlərin xasiyyətini dəyişdirmək lazımdır.

Əlbəttə qumu ya əhəngi ziyadə olan yerə gil və gili ziyadə olan yerə qum və əhəng ya gili, qumu və əhəngi ziyadə olan yerə çürümüş ot qarışdırmaqlıq ilə onları yaxşılaşdırmaq olur və belə əkin yerinə torpaq çəkəndə sə'y etmək gərək ki, ol yerdə qumun, gilin və əhəngin qədərini bərabər edəsən. Əgərçi zikr olan qayda ilə əkin yerinə torpaq çəkməyin xərci və zəhməti çoxdur, məsələn, bir yerin qumu az olduğuna əkinçi istəyə ki onun qumunu artırsın, məsələn, onun 100-də 10 girvənkə qumu olsa, istəyə ki 10-də 15 girvənkə qumu olsun, ol vaxtda hər desyatinə (bir desyatinin tuli 180, ərzi 120 rus arşınıdır). 8000 putacan gərək qum çəksin, amma eyni məsləhətdir ki, əkinçi qışda bikar olan zaman mürur ilə öz yerlərinə lazım olduqcan torpaq çəksin ki, ol yerin xasiyyəti yaxşılanmağa binaən artıq mənfəətbərdar olsun.

Bəzi vaxtda əkin yerinə lazım olan torpaq qarışdırmaq çox asan olur. Məsələn, əkin yerinin binası, yəni şuxm olan yerin altı ol yerə lazım olan torpaq olsa, məsələn, qumstanın binası gil ya gilin binası qum olsa, ol vaxtda belə yeri dərin şuxm etməkliklə yaxşılandırmaq olur, ya lazım olan torpaq olsa, ol vaxtda su arxının ağzını bağlayıb ol torpağı suya qarışdırıb sonra suyu ol yerə buraxıb orada 20 ya 30 saat saxlayanda sudan torpaq yerə düşür. Onu şuxm edib yerə qarışdırmaq olur. Bişmiş gil qum xasiyyətində olduğuna gilli yeri yandırmaq və ona qum çəkmək kimidir, amma gərək kotan ilə ya bel ilə ol yerin üzünü bir qat soyuq, onu kərpic kimi kəsib onları ömür yandıran kimi yandırıb, sonra əzib ol yerə çəkəsən. Belə gilli yeri yandıranda orada olan alaq otlarının toxumları və heyvanat yumurtaları yanıb tələf olurlar. ġoran yerin şor olmağına səbəb ol yerdə duz çox olmaqdır. Belə yeri yaxşılandırmaqdan ötrü ol yeri suya basdırmaq gərək ki, su duzu əridib axıdıb aparsın. Əkin yerin yaxşılandıran vaxtda sə'y etmək gərək ki, ol yer düz və bir az eniş olsun ki, onu sulayan zaman ya yağış yağan zaman su bir də dayanmayıb mürur ilə axsın. Amma onun enişi artıq olsa, onu su yuyub xarab edər.

Çünki yerin xasiyyətini imtahan etmək və ol yerə lazım olan torpağın qədərini bilmək çətindir, ona binaən məsləhətdir ki, hər əkinçi zikr olan qaydaların birisi ilə öz yerini yaxşılandırandan irəli ol yerin bir hissəsini imtahan üçün yaxşılandırsın və əgər ol hissə torpaq çəkməkdən yaxşılansa, sonra tamam yerə ol qayda ilə torpaq çəksin.