"Əkinçi", 18 noyabr 1875, №9/Daxiliyyə
←Elan | "Əkinçi", 18 noyabr 1875, №9 |
Əkin və ziraət xəbərləri→ |
Rusiyanın şəhərlərində və kəndlərində aşkar olan yanğıların qədərini və onlardan olan zərərlərin hesabını həmişə qəzetlərdə yazıb bəyan edirlər. Ol xəbərlərdən məlumdur ki, hər ildə Rusiya əhlinə yanğından bir neçə milyon manat zərər olur. Yanğından xalqı mühafizət etməkdən ötrü Rusiyada zəmanət icmaları bina olunub ki, onların bizim Qafqazda da adamları var. Hər kəs öz evini qiymət edib ol qiymətə görə zikr olan icmaa ildə bir qədər də pul verir. Bu şərtlə ki, onun evi yansa, məzkur icma onun qiymətini ona versin. Və bir də hər kəndin və şəhərin icmaı yanğı keçirtməkdən ötrü lazım olan əsbablar, atlar və fəhlələr saxlayırlar ki, yanğı aşkar olan kimi onlar dərhal gedib onu keçirtsinlər.
Böyük şəhərlərin hər bir məhləsində bir hündür minarə tə’mir olunub və ol minarənin başında həmişə qarovulçu durub ki, yanğını görən kimi zəng vurub ol minarədə həmişə sakin olan yanğı keçirdənləri hali etsin. Ol vaxtda yanğı keçirdənlər 5 dəqiqənin müddətində öz ərradələrinə lazım olan əsbabları və suyu götürüb çaparaq gedib yanğını keçirdirlər. Ondan masəva hər məhlənin bir tövr fanusu var, elə ki, bir məhlədə yanğı oldu, qarovulçu öz məhləsinin fanusunu yandırıb minarənin başından asır. Onu görüb qeyri məhlələrin qarovulçuları yanğı olan məhlənin fanusu tərzdə fanus yandırıb tamam xalqa yanğı olan yeri məlum edirlər. Ol vaxtda hamı məhlələrin yanğı keçirdənləri yanğı olan yerə cəm olub yanğını keçirdirlər. Onlardan savayı hamı məhlələrin arasında teleqraf var ki, yanğı çox ya az olmağını bir-birlərinə tel vurub mə’lum etsinlər. Və bir də Rusiyada ev tə’mir edənlər qanuni-tə’mirata binaən gərək evlərini bir-birindən aralı tə’mir etsinlər ki, yanğı olanda bir evdən o biri evə keçməsin və küçə gərək 9 arşından ensiz olmasın. Amma bununla belə Rusiyada yanğıdan hər ildə bir neçə milyon zərər olur. Bizim ki xalqı yanğıdan mühafizət etməyə heç bir tədarükümüz yoxdur və evlərimizin çoxu ağacdan ya qarğıdan və qamışdandır, evlərimizin bir-birindən aralı tikməkdən, enli küçələr qayırtmaqdan bixəbərik - hər ildə yanğıdan nə qədər zərərimiz olur! Biz korluq çəkməyə elə adət etmişik ki, bir kəndimiz tamam yananda da yazıb yerinə mə’lum etmirik. Hətta zərər dəyən kəslərimiz də yandım sədası vermir. Əlhəq bizim diriliyimizə tamaşa edən gərək təəccüb etsin ki, bu qədər korluq çəkməkdən nə yovuz buçağacan tələf olmamışıq!