"Əkinçi", 1 yanvar 1876, №12/Əkin və ziraət xəbərləri

Daxiliyyə "Əkinçi", 1 yanvar 1876, №12

Məktubat


Keçən nömrələrdə əkin yerindən danışdıq. İndi gərək onu şuxm etməkdən və qüvvətləndirməkdən danışaq. Amma şuxm edən əsbabları görməmiş və onların şəklinə baxmamış bir yazı ilə ondan baş çıxarmaq olmaz. Ona binaən onlardan gərək müxtəsər danışaq.

Əkin yerin şuxm etməkdən murad əvvələn ol yeri narm etməkdir ki, hava və günün istisi ol yerə daxil olub yerin altında otlara xörək olan şeylərə dəyib onları otlar üçün amadə etsin ki, toxum səpmək məqdur olsun ki, onların kökləri dərinə getsin, ta ki, onlara quraqlıq kar etməsin və yağınlıq olsa ol narın yerdən su tez buğa dönüb rədd olsun. Saniyən, ol yerin hissələrin bir-birinə və ya yeri qüvvətli edən şeylər ol yerə çəkilmiş isə ol şeyləri yerin hissələrilə yaxşı qarışdırmaqdır. Salisən, yerin nəmişliyini almaq və ya ol yeri quru isə onu şəbnəm çəkməkliyi ilə nəm etməkdir. Rabiən, əkin yerin alaqdan, yəni ələfiyyatdan təmizləməkdir. Xamisən, əkin yerin düzəltməkdir. Sadisən, toxumun üstün örtməkdir.

Əkinçilik əsbabları bir neçə qism olur. Əvvələn, yeri şuxm, yəni narın edən əsbablar. Saniyən, toxum səpən əsbablar. Salisən, əkini biçib döymək əsbabları.

Rabiən, əkin daşımaq əsbabları.

Əkin yerin şuxm edən əsbablar: əvvələn, kotan. Kotan yaxşı olduqcan yeri yaxşı, narın edər, onu işlətməyin zəhməti az və yerin bəhrəsi çox olur. Yaxşı kotan gərək şuxmu bir qalınlıqda kəsib qalxızıb, çökürüb əzsin. Kotanın hissələri:

1) Gəvasin. Gəvasin bir yastı dəmirdir ki, onun ucu və qıraqları iti olur, onu kotanın künəsinə, yəni binasına möhkəm edirlər. Onun ucunun eni dörd kərəhdən altı kərəhəcəndir, amma əkin yeri daşlı olsa, onun ucunu bir az ensiz, 3 kərəh yarım edirlər və elə ki, yer çox daşlıq oldu, onu çox ensiz dil kimi qayırırlar. Gəvasin şuxmu altından kəsir.

2) Qılınc. Kotanın qılıncı bıçaq kimi düz dəmirdir. Onun dəstəsi kotanın qırına möhkəmlənib ağzı gəvasinin qabağında onun bir böyründədir ki, şuxmu böyürdən kəssin. Qılınc gərək bir az əyri, yəni meyli irəli möhkəm olsun ki, sınmasın. Bəzi vaxtda gəvasinin bir tə-rəfin bıçaq kimi iti edirlər ki, qılınc əvəzinə şuxmu böyürdən kəssin. Amma onilə ancaq dolama əkmək olur. Əgər əkin yeri qumlu, yəni yumşaq olsa, ol vaxtda kotanın qılıncını çıxardırlar.

Baqisi gələn səfər