"Əkinçi", 1 yanvar 1876, №12/Daxiliyyə

"Əkinçi", 1 yanvar 1876, №12

Əkin və ziraət xəbərləri


Altı ay yoxdur ki, bizim "Əkinçi" qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlın istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib istəyirlər ondan da nəf bərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir.

Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz "Əkinçi" qəzetini çap etdirməyi başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir ediblər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmaqdan ötrü qəzetimizdə e’lan basdırırıq, amma buçağadək ancaq qırx adam onu gələn il almağa xahiş edib.

Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktubunu oxuyana mə’lum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb... Ol səbəblərdən sonra danışarıq. Ġndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdam təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan oxudan gərək bizlərə elmül əbdanı da oxutsun?