"Əkinçi", 29 fevral 1876, №4/Əkin və ziraət xəbərləri

Daxiliyyə "Əkinçi", 29 fevral 1876, №4

Məktubat

Necə ki, bir heyvan, məsələn, sərçə yumurtadan çıxıb zindəganlıq edib bir neçə dəfə yumurtduyub sonra tələf olur, habelə hər bir ələfiyyat toxumdan əmələ gəlib zindəganlıq edib, toxumluyub sonra tələf olur. Ondan masəva, heyvanatın bəzi çox, bəzi az ömür edən kimi ələfiyyatın da hər birinin ömrü başqa olur və hər bir qism heyvana bir qeyri cürə xörək lazım olan kimi hər bir ələfiyyata da başqa xörək lazımdır. Xülasə, elmi-ələfiyyatdan məlumdur ki, hər bir ələfiyyat heyvan kimi canlı şeydir və onun kimi zindəganlıq edir.

İndi görək ələfiyyat zindəganlıq etməyə, yəni onların nəşfü nümasına nə lazımdır?

Hər bir ələfiyyata lazımdır: əvvələn, hava ki, onsuz heç bir cism dolana bilməz. Havanın ələfiyyata lazım olmağın belə bəyan etmək olur: bir göyərən otu stəkanı çökürüb onun altında saxlayanda ot quruyub tələf olur.

Saniyən, isti. Əgər bir otu göyərən vaxtda soyuğa versək, tələf olur, ona binaən qışda tamam ələfiyyat ya tələf olur, ya yuxuya gedir.

Salisən, günün işığı. Əgər bir göyərən otu qaranlıq yerdə saxlıyasan onun rəngi saralıb tələf olur.

Xamisən, xörək, yəni bəzi duzlar ki, onlar suda əriyəndən sonra otların kökü onları sorub nəşvü nüma edirlər.

Su ələfiyyata lazım olmağı mə’lumdur və duzların həm lazım olmağını belə bəyan etmək olur: əgər bir əlcə pambığın içinə toxumları qoyub onları soyuq olmayan yerdə suluyasan, onlar əvvəl zaman göyərir, yəni xırda otlar çolpa yumurtanın sarısını və ağını yeməkdən böyüyüb dünyaya gələn kimi toxumların içində olan xörəkləri yeməkdən əvvəl zaman göyərib dünyaya gəlirlər. Amma sonra xörək olmadığına tələf olurlar. Lakin onlara lazım olan duzları pambığm üstə səpəndə onları sorub nəşvü nüma edirlər.

Pəs ələfiyyat heyvan kimi yemək-içməyə möhtacdır. Necə ki, bir heyvanı saxlıyan onun ələfini yığıb ona yedirtməyəndə ondan nəf tapmaz, həmçinin əkinçiyə də lazımdır ki, öz əkininin xörəyə möhtac olmağını bilib əkin yeri qüvvətdən düşəndə, yəni onun əkinə xörək olan şeyləri azalanda ol şeyləri yerə qarışdırmaqla onu qüvvətə gətirsin ki, mənfəəti ziyadə olsun. İmtahan olunub ki, qüvvətlənmiş yerin birə on ya iyirmi məhsulatı artıq olur.