"Əkinçi", 29 fevral 1876, №4/Daxiliyyə

"Əkinçi", 29 fevral 1876, №4

Əkin və ziraət xəbərləri


Bu çağacan təzə dadistəd qərardadından bir neçə dəfə danışmışıq, amma onilə belə ki, sabah mart ayının əvvəli olduğuna tamam Qafqaz vilayətində təzə qayda işlənəcək, bizim xalqın çoxu ol qaydanın adablarından bixəbərdir və onların belə bixəbər olmağına ümdə səbəb ehtimallıqdır ki, ata və babadan qalan adətlərə öyrənib onu dəyişdirməyi özlərinə böyük tənbeh hesab edirlər. Çörəkçi fəğan edir ki, belə zülm olmaz, 28 manat 80 qəpik gərək xərc versin, kəlləpəz ona yoldaş olub deyir canım, 10-ca manat mayam var, amma mən də zikr olan xərci verəcəyəm. Bu sözləri dülgər eşidib ah çəkib deyir dülgərlik əsbablarından savayı heç bir zadım yoxdu, məndən də o xərci istəyirlər. Xülasə, çörəkçi, kəlləpəz, dülgər, baqqal, əttar, bəzzaz və qeyriləri bir-birinə dəyib elə dad edirlər ki, onların sədası ərşə çıxıb. Əgər kənardan bir kəs ol sədaya qulaq asa, elə fikir edər ki, onlara həddən ziyadə cəbr edirlər. Amma həqiqətdə onlara bir heylə cəbr yoxdu, taxsır ancaq ata və baba adətidir ki, ondan əl çəkə bilmirlər.

Çörəkçi, kəlləpəz, kababçı və qeyri yeməli şeyləri satan kəslər əgər ol şeyləri evdə bişirib çıxarıb əldə satalar onlara heç xərc yoxdu, amma bizim adam ol şeyləri həmişə dükanda satıblar, ona binaən indi dükandan çıxmağı istəməyib və dükan xərcini çox görüb dad edirlər.

Hər bir sənətkar, o cümlədən dülgər ki, dükanı olmaya və qeyri kəslərə fəhlə olub işləyə xərc verməyəcək, amma bizim dülgər bir dükanı özünə mənzil edib oradan gedib fəhləlik edir və ondan dükan xərci istəyəndə ah çəkib fələkdən şikayət edir.

Baqqal, əttar və qeyri xırda alış-veriş edənlərdə ixtiyar var ki, 4 dükan saxlasınlar, yəni 4 dükana 28 manat 80 qəpik xərc var, amma bizim baqqalın və əttarın ki, bir neçə tabaq alına ya fındıq və ya bir neçə torba dərman almağa tavanası var, bir dükan açıb və ondan 4 dükanın xərcini istəyəndə fəğan edir ki, ona cəbr olur.

Bizim bəzzazların çoxunun mayası min manatdan ziyadə deyil, amma hər bir malı arşın ilə ya çəki ilə satan gərək 80 manat 90 qəpik xərc versin və 10 ədəd belə dükan aça bilər. Çünki min manat ilə bircə də yaxşı dükan açmaq olmaz, ona binaən bizim adlarını bəzzaz qoyan kəslər əgər qaz yerişi yeriməyib öz tavanalarına görə dadistəd etsəydilər, heç fəryad etməz idilər.

Xülasə, bizim dadistəd edənlərimiz təzə qaydaya mütəvəcceh olub onilə rəftar etsələr, belə fəğan olmaz. Çünki zikr olan qayda bizim ata və baba qaydası deyil, ona binaən bizim adətlərimiz ilə düz gəlmir. Məsələn, malı gəzdirib satmaq bizlərdə heç olmuyub. Ol səbəbə ki, bizim vilayətlər heç əminlik olmuyub. Amma indi vilayətimiz əminlik olduğuna malı gəzdirib də sata bilirik. Pəs ata və baba adətləri dəyişmək bizə lazımdır. Əlbəttə, adət dəyişmək çətindir, amma dövlət bir qayda qoyanda hər bir kəsin adətini mülahizə edə bilməz və əgər onlar mülahizə olunsa idi, bizim əyri və mütəəffin küçələrimiz gərək baqqi qalaydılar. Amma indi düz plan ilə qayrılmış küçələrə elə adət etmişik ki, hərgah qədim şəhərlərimiz geri qayıda, bir gün də onda davam edib qala bilmərik.