"Əkinçi", 30 yanvar 1876, №2/Təzə xəbərlər
←Məktubat | "Əkinçi", 30 yanvar 1876, №2 |
İran dövlətinin Tiflis general-konsulunun dəftərxanasından yazırlar: keçən ziqədə ayının onuncu yövmündə Culfa sərhəddində İran dövlətinin tərəfindən nəviştəcat, pul və əmanət göndərmək üçün poştxana bina olunub. Bundan sonra ümumi-nas bacara bilirlər ki, öz nəviştəcat, pul və əmanətlərini haman poştxananın təvəssütilə lazım olan yerlərə göndərsinlər və göndərən surətdə gərək paketin üstündə vazeh yazılsm ki, bu kağız ya pul, ya əmanət Culfa sərhəddində İran poştxanasına yetişib onun təvəssütilə filan şəhərdə, filankəs filan oğluna çatsın. Hər şəxsin zakaznoy kağızı və ya əmanəti müəyyən olan məhlədə özünə çatmıya, o vaxt o kağız və o əmanəti iki ay saxlayıb ondan sonra sahibinə geri qaytaracaqdır. Məzbur poştxana mütəəhhid olur ki, əgər bir şəxsin pulu, kağız və ya əmanəti yolda tələf olub lazım olan yerinə yetişməyə cəmi xəsarətinin öhdəsindən gəlsin.
- * *
İngilis padşahının oğlu bu çağacan Hindistanda səyahət edir. İndi Hindistanın şimal tərəfindən pələng və fil şikarına məşğuldur.
- * *
Bir ildir ki, Badkubənin sudebni pristavı erməni Sukyasov min səkkiz yüz manat padşahlıq pulun özünə məsrəf eləməkdən ötrü məhbus olmuş idi. Bu yanvarın 13-də onun işi qət olan zaman Badkubə erməniləri siyahı üzilə ol məbləği cəm edib suda veriblər. Ona binaən sud onu qulluqdan əzl edib əldən qoyubdur. Bizim müsəlmanlardan belə işə 5 qəpik də verən olmaz.
- * *
Peterburqda təzədən Rusiyada ixtira olunmuş tüfəng ilə əsgərlər məşq edirlər. Onu hava ilə doldururlar, gülləsi 70 arşın gedir və tüstüsü olmur.
- * *
Andraşinin sülhnaməsini hələ Osmanlı qəbul etməyib. Deyirlər İngilis də təkid edəcək ki, qəbul etsin.
- * *
Daşkənddən yazırlar ki, abtavaçıbaşı təzədən Acid şəhərində qəzavət üçün 10.000 əsgər cəm etmiş imiş, amma Namanğanda olan rus əsgərləri onları pərakəndə ediblər.
- * *
Peterburqda itiğlis adlı bir kəs bir milyon manat verib ki, ol məbləğ ilə bir şəkil çəkmək məktəbxanası açılsın.
- * *
Tiflisdə dövlət tərəfindən bir məclis bina olunub ki, Qafqazda olan əkin sulamaq adətlərin cəm edib bir qərardad qoysun ki, su xalq arasında doğruluq ilə paylansın.
- * *
Tiflisdə ermənilər və gürcülər öz dillərində həmişə teatr çıxardıllar, amma bu çağacan onların həmişəlik imarəti yox idi. İndi istəyirlər dəftər ilə pul yığıb teatr üçün imarət təmir etsinlər.
- * *
Dünyada 1034434000 insan var, o cümlədən 17300000 müsəlman, 300000000 xaçpərəst, 47000 yəhudi, 740000000 bütpərəst və artığı qeyri məzhəblərdir. Dünyada min məzhəb var.
- * *
İmtahan ilə məlum olub ki, dərya suyunun 62 putunda bir qran qızıl olur.