İblis/Dördüncü pərdə

Üçüncü pərdə İblis. Dördüncü pərdə
Müəllif: Hüseyn Cavid



Ormanda bir cığır... Ətrafda iki-üç kötük, qüruba yarım saət var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində iki haydut çıqar.
 
B i r i n c i h a y d u t
 
Tale bizə hər nədənsə küskün,
Bir av ələ keçmiyor bütün gün.
 
İ k i n c i h a y d u t
 
Qismət nə isə gəlir, əmin ol,
Ətmək, yeyəcək, qəm etmə, pək bol...
 
B i r i n c i h a y d u t
 
Bilməm, bu da bir həyatmı, yahu?
Bir gün bizə varmı rahət uyqu?
 
İ k i n c i h a y d u t
 
(istehzalı qəhqəhə ilə)
 
Haydut və qaçaq olunca insan,
Xoş görməli böylə halı hər an.
 
(Uzaqdan ıslıq səsi eşidilir)
 
B i r i n c i h a y d u t
 
İslıq çalıyor, baq, arqadaşlar.
 
İ k i n c i h a y d u t
 
(yola baqar)
 
Gəl, durma!.. Çəkil, çəkil, gələn var.
 
Həmən ağaclığa çəkilirlər. A r i f l ə R ə ’ n a gəlir.  
 
A r i f
 
Rə’na! Daha dur, yoruldun artıq;
Acsın, bilirim, otur da azcıq,
Rahət edəlim, düşünmə, gəl, gəl!
 
(Bir kötük üzərinə oturur. Əlindəki ətməklə dolu məndili açar).
 
R ə’ n a
 
Pək qorquyorrum ki, arta əngəl.
 
A r i f
 
Bilməm ki, niçin təlaş edərsin?
 
R ə’ n a
 
Arif! Gedəlim, düşün nə dersin?
Kənarda ıslıq çalınır, bir qurşun atılır.
 
(Rə’na diksinir, təlaş ilə)
 
Qurşun səsi!..
 
A r i f
 
Şübhəsiz çobanlar...
 
R ə’ n a
 
Yoq, onlar inan ki, yol vuranlar...
 
A r i f
 
(laübali qəhqəhə ilə cibindən bir revolver çıqarır)
 
Hiç qorqma, yanımda həm silah var,
Həm altın... Əvət, nasıl da parlar!..  
 
Bir avuc altın çıqarır, əlində oynatıb cibinə qoyar. H a y d u t l a r arqa tərəfdə, ağaclar arasında görünür. Heyrətlə onları dinlərlər.
 
R ə’ n a
 
Nerdən sana anlamam şu sərvət?
 
A r i f
 
(məğrur qəhqəhə ilə)
 
Bir arqadaşımdan oldu qismət,
Yoldaşdı bənimlə bir yəhudi,
Pəncəmdə həlak olub boğuldu,
Sərraf idi, həm də xeyli zəngin...
 
Kənardan İblisin mə’nalı və istehzalı qəhqəhələri eşidilir.
 
R ə’ n a
 
Sus, bir ləkədir bu söz səninçin;
Beş altına qarşı bunca vəhşət!?
 
A r i f
 
(sözünü kəsərək)
 
Vəhşət deyil, iştə bir cəsarət,
Lakin o da səndən, ah, səndən...
 
(Rə’nayə sarılmaq istər)
 
R ə’ n a
 
(geri çəkilir, sərt bir baqışla)
 
Dur, böylə nəvaziş istəməm bən.
Haydutlar ortaya fırlar.  
 
B i r i n c i h a y d u t
 
Bir tilkiyə baq bə! Hiç səninçin
Layiqmidir öylə bir gövərçin?
 
R ə’ n a
 
Ah, iştə fəlakət!
 
A r i f
 
Etmə qəsvət!
 
Silahını çıxarır, Rə’na qolundan tutub bıraqmaz.
 
B i r i n c i h a y d u t
 
(tüfənglə nişan alır)
 
Altınları ver!..
 
İ k i n c i h a y d u t
 
(istehzalı qəhqəhə ilə Arifə)
 
Aman, nə cür’ət?
 
A r i f
 
Siz kimsiniz?
 
B i r i n c i h a y d u t
 
İştə boş suallar...
Biz – çöllərə hökm edən krallar...
Baş mərkəzimiz şu vəhşi orman,
Bac verməli kim keçərsə burdan.  
 
A r i f
 
İnsanlığı atdınızmı?
 
B i r i n c i h a y d u t
 
... Kafi!..
 
Altınları ver, bıraq da lafi.
 
A r i f
 
(beş-on altın çıqarır)
 
Al! Qaldı bir az bizimçin ancaq.
 
İ k i n c i h a y d u t
 
(xəncərini Arifin köksünə dayar)
 
Ver həpsini!
 
R ə’ n a
 
Ah!..
 
– deyə mane olmaq istər. Birinci qolundan tutub şiddətlə bir tərəfə itər. Bu sırada omuzunda əski siyah pelerin-plaş, vüqarlı, müsəlləh, zabit qılıqlı, qalın bıyıqlı, gur, qara saqallı, zində və mühib simalı Elxan ağaclar arasından çıqar.
 
E l x a n
 
(haydutlara)
 
Ədəbsiz, alçaq!
 
(Hər ikisi geri çəkilib dona qalır. Elxan qızğın)
 
Sizdən daha mərhəmətli qaplan,
Yahu, utanın da bir şu qızdan.  
 
(Ariflə Rə’nayə)
 
Əfv edin, onlar iştə pək canavar;
 
(Ətrafda ıslıq səsi eşidilir, iki qurşun atılır, Elxan haydutlara)
 
Durmayın, haydı, bir baqın da nə var,
Bəkçilər zərrə qəflət eyləməsin.
Ələ bir av keçərsə siz gətirin.
Bana baq, kim dökərsə haqsız qan,
 
(kəndinə işarətlə)
 
Ən ağır bir cəza verir Elxan.
 
R ə’ n a
 
Ah, əfəndim, nə mərhəmətlisiniz,
Sizə qəlbən təşəkkür etməliyiz.
 
A r i f
 
Parlıyor çöhrənizdə fəzlü zəka,
Sizə haydut denirmi? Yoq, əsla!
 
E l x a n
 
(səmimi qəhqəhə ilə)
 
Doğru, pək doğru... hiç yanılmadınız,
Deyilim haydut, iştə bən yalınız
Etdim isyan, bir əskəri-qaçağım,
Yurdum orman, mağaralar yatağım.
 
A r i f
 
Bir səbəb var ya?  
 
E l x a n
 
Var əvət, miskin
Bir ərəb zabit, iştə bir xain...
Bən açarkən onun xəyanətini,
Baqdım asdırmaq istiyor o bəni.
Bıraqıb ordugahı... ah, nə deyim
Böylə haydutca gün keçirmədəyim.
 
Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər.
 
Elxan onu görüncə tanır.
Gəl, yaqın gəl! Adın nədir? Söylə!
 
R ə’ n a
 
Ah, əfəndim!
 
E l x a n
 
(Rə’nayə)
 
Dur, etməyin əcələ.
 
(İbn Yəminə)
 
Söylə kimsin? Adın nə?
 
İ b n Y ə m i n
 
... İbn Yəmin.
 
E l x a n
 
(Ariflə Rə’nayə yarımqəhqəhə ilə)
 
Bəni asdırmaq istəyən şu ləin!
İştə bir av ki, izlər avçısını.
 
 
(İbn Yəminə)
 
Oldu məmnun könül, görüncə səni.
 
İ b n Y ə m i n
 
(diz çökər)
 
Aman, əfv et! Qüsurluyum, Elxan!
 
E l x a n
 
Hiç təlaş etmə, sayğısız qaplan!
Çünki yoq üzrə ehtiyac artıq.
 
(çingənələrə)
 
Siz niçin gəldiniz?
 
B i r i n c i h a y d u t
 
Bəyim, azacıq
Rəqs edərlər də könlünüz açılır.
 
E l x a n
 
Bən deyil, rəqs için o pək bayılır.
 
(istehzalı qəhqəhə ilə İbn Yəminin qolundan tutub göstərir)
 
Düşünür iştə, baq, nasıl qəmgin,
Oynayın, nəş’ələnsin, əylənsin.
Bir qız aşağıdakı sözləri oqur, oynar.  
 
Kanto
 
Bən bir qızım, həp ruhumu yaldızlar
Gündüz çiçəklər, gecələr yıldızlar.
Qarlı dağlar bənim,
Yeşil bağlar bənim,
Bənsiz quşlar uçmaz,
Bənsiz güllər açmaz.
 
Dün bir çoban sevdim pınar başında,
Bir əksiyi yoq gözündə, qaşında.
Fələk ayrı saldı,
Bən köçdüm, o qaldı,
Şimdi bənsiz yaşar,
İrmaq kibi coşar.
 
Of, bir qayğı bilməz çingənəyim bən,
Güldən-gülə uçan pərvanəyim bən,
Unut, yavrum, unut,
Baq, iştə hər bulut,
Söylər unut onu,
Çünki hiçdir sonu...
 
Rəqs bitmək üzrə ikən şiddətlə göy gurlar. İblis ağaclar arasından çıqar.
 
İ b l i s
 
(Məmnun qəhqəhələrlə)
 
Bir levhə ki, iştə pək bəyəndim.
 
E l x a n
 
Yahu, səni kim bıraqdı?..
 
İ b l i s
 
(məğrur bir tevr ilə əlini köksünə qoyaraq)
 
Kəndim!  
 
A r i f
 
(Elxana)
 
Bir mürşid o, sahibi-kəramət.
 
(İblisin əlini öpər)
 
Xoş gəldin, aman, nə mutlu saət!..
 
R ə’ n a
 
(dəxi öpər)
 
Yormuş sizi şübhəsiz bu yollar.
 
İ b l i s
 
(yarımqəhqəhə ilə)
 
Yoq, zənn edərim ki, səhviniz var,
Dağ, daş, uçurum, dəniz və orman
Əngəl olamaz önümdə bir an,
Bir şəhpər açıb da nagəhani,
Bən teyy edərim bütün cihanı.
 
E l x a n
 
Kimsin, əcəba, səndə ki var böylə məharət?
 
İ b l i s
 
Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət,
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah,
Dünyadə əgər varsa rəqibim o da: Allah!..
 
(qəhqəhə)  
 
Hər din ilə, məzhəblə, siyasətlə cihanda
Hər fırtına qopmuşsa, əvət, bən varam orda.
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət,
Hakimdir o yerlərdə şu qarşındakı xilqət.
 
E l x a n
 
Çöhrəndə, əvət, nuri-dəha olmada məşhud,
Derdim, bən əsatirə inansam, sana mə’bud.
 
İ b l i s
 
(laübali qəhqəhə ilə)
 
Mə’bud deyil, aləmi sarsan ulu mevcud;
Mevcud deyil, bəlkə vücudi-ədəmalud.
 
E l x a n
 
Olduqca müşəvvəşsə də əfkarü məqalın,
Bir abidi pək andırıyor zahiri-halın.
 
İ b l i s
 
Röya kibi hər an olaraq zahirü qaib,
Bən Şərqdə abid olurum, Qərbdə rahib.
Bir qazi olub, gah edərim, fitnələr icad,
Bir mürşid olub, gah edərim aləmi bərbad;
Bə’zən olurum bir papa! Cənnət satarım bən,
İsa dirilib gəlsə də qorqar qəzəbimdən.
Xilqətdəki hər məsələ, hər nöqteyi-mevhum,
Hər fəlsəfə, hər məzhəbü məslək bana mə’lum,
Bə’zən olurum bir çoban, azadə bir insan,
Bə’zən olurum zülmü fəsad aşiqi sultan,
Bir piri-zəbun olduğum əsnadə dilərsən,
Təbdili-qiyafətlə həmən gənc olurum bən.  
 
Səhnənin ışığı çəkilir, göy gurlar. İblis omuzundakı əbayı, başındakı sərpuşu və uzun, ağ saqalını qoparıb atar. Səhnə yarım aydınlaşır. İlk pərdədəki əzəmət və dəhşətilə, qorqunc və sürəkli qəhqəhələrilə hər kəsi heyrətdə bıraqmış olur.
 
Ə t r a f d a k ı l a r
 
(qorqu və heyrətlə geri çəkilərək)
 
Ah, iştə fəlakət!.. O nə surət?.. Nə qiyafət?..
 
E l x a n
 
(onlara)
 
Yoq, zənn edərim, bunca təlaş etməyə hacət.
 
A r i f
 
Eyvah! Ona yaqlaşmayın əsla, odur İblis;
İblis o, əvət, cümlə fəlakətlərə bais...
 
(Getdikcə acı və əsəbi hallar keçirir)
 
İ b l i s
 
(heyrətli qəhqəhələrlə ətrafa)
 
Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın,
Bilməz ki, sağır göylərə, yaxud bana tapsın.
 
(Arifə)
 
Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət?
İlk öncə məhəbbət, fəqət ən sonda ədavət...
 
(Xaricdən acı qəhqəhələr eşidilir)
 
E l x a n
 
Bu nasıl qəhqəhə? Kimdir o, baqın!  
 
B i r i n c i h a y d u t
 
(yola baqar)
 
Bir səfil iştə, o çılğın, şaşqın...
 
Bu halda İ x t i y a r – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə bir
qiyafətdə ağacların arasından çıqar.
 
İ x t i y a r
 
(həyəcanlı və çılğınca bir fəryad ilə)
 
Ah, bilməm ki, bu aləm nerəsi?
Bana bir söylə, cəhənnəm nerəsi?
Şu sönük qəlbimə atəş dilərim,
Ağlamaq istər ikən həp gülərim.
 
(çılğınca bir qəhqəhədən sonra)
 
Ah, Xavər! Sana kim qıydı, gülüm!
Bən dururkən sana layiqmi ölüm?
Onlar, eyvah, o səfil insanlar,
Qəlbi, vicdanı sönük qaplanlar!..
 
E l x a n
 
(sözünü kəsərək)
 
Söylə, aç söylə, bilinsin dərdin,
O sönük qəlbi ısındırmaq için,
Nə dilərsin yaparım, etmə kədər...
 
İ x t i y a r
 
İntiqam istərim, ancaq bu qədər!..
 
E l x a n
 
Söylə kimdən? Əcəba kimlərdən?  
 
İ x t i y a r
 
Tanrıdan, yırtıcı sərsəmlərdən,
Şu batan qanlı günəşdən, göydən.
Hiçliyin qəhqəhəsindən...
 
(göyə doğru)
 
Ey sən!
Sən ki, fəxr etmədəsin ədlinlə,
Bu nə xilqət, bu nə hikmət? Söylə!
 
İ b l i s
 
(mə’nalı qəhqəhə ilə)
 
Fəzlə, həp fəzlə bütün qəhrü niyaz,
Üzülüb durma, o hiç aldırmaz.
Bir çocuqdur ki, o pək bipərva,
Bir oyuncaqdır onunçin dünya;
Həm yapar, həm də qırar əylənərək,
 
(qəhqəhə)
 
Bu da bir başqa məraq olsa gərək...
 
E l x a n
 
Bir xəyal iştə – mühal olsa da – bən
Tanrı olsaydım əgər, gerçəkdən,
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşatırdım daim
Şadü məs’ud... o da olsaydı mühal,
Yaqaraq həp kül edərdim dərhal.
 
(qəhqəhə)
 
Sanki sərsəm yaşayışdan nə çıqar!?
Bəncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan.
 
İ b l i s
 
(yarımqəhqəhə ilə)
 
Səni pək aldatıyor hissiyyat,
Öylə yekrəng olaraq keçsə həyat,
Bıqar insan, yaşamaqdan yorulur,
Yaşayış bəlkə də mə’nasız olur.
 
İ x t i y a r
 
(müztərib)
 
Bana imdad edin, eyvah, imdad!
Əmr edin, şimdi bulunsun cəllad!
 
İ b l i s
 
Bulunub gəlsə o xain, əcəba,
Nə yaparsın?
 
İ x t i y a r
 
Veririm dürlü cəza,
Didərim, parçalarım, məhv edərim.
 
İ b l i s
 
(istehzalı qəhqəhə ilə)
 
Bən sən olsam, onu həp əfv edərim,
İbn Yusif diri olsaydı, əvət[1]
O da əfv etməni istərdi fəqət.
                                                            
 
İ x t i y a r
 
Atdım insanlığı, oldum canavar,
İntiqam istərim, ancaq bu qadar!..
 
X a v ə r i n x ə y a l ı
 
(görünür və çəkilib gedər)
 
İntiqam!..
 
İ x t i y a r
 
İştə o, dilbər mələyim!
Getmə dur, bən də bərabər gələyim.
 
Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir.
 
E l x a n
 
Gör o kimdir?
 
B i r i n c i h a y d u t
 
(yola baqar)
 
O da bir başqa yigit,
 
(İbn Yəmini göstərir)
 
Buna düşman kəsilən bir zabit...
 
V a s i f v ə İ b n Y ə m i n i n çavuşu iki nəfər başqa haydutla gəlir.
 
E l x a n
 
(Vasifə)
 
Gəl, yaqın gəl!.. Əcəba söylə niçin
Buna kin bəsləyərək izlərsin?  
 
Hiç məraq etmə, əzizim, burası
İştə haydut və qaçaqlar yuvası!..
 
R ə’ n a
 
Söylə, həp söylə!
 
V a s i f
 
(Rə’nayə)
 
Şu zalım xunxar,
Babanın qatili olmuş...
 
R ə’ n a
 
(İbn Yəminə)
 
Canavar!
 
V a s i f
 
(yanındakı əskərə işarətlə)
 
Bana anlatdı şu sadiq əskər,
 
(cibindən iki məktub çıqarır)
 
Bu kağızlar dəxi isbat eylər.
 
R ə’ n a
 
Ah, aman!..
 
E l x a n
 
İstəməz artıq həyəcan,
Yerdə qoymaz qanı adil Yaradan.  
 
İ b l i s
 
(istehzalı qəhqəhə ilə)
 
Əvət, əzsən də, əzilsən də, əvət,
Yenə adildir o müdhiş qüvvət!
 
R ə’ n a
 
(qoynundan küçük bir xəncər çıqarır. İbn Yəmini yaralamaq istər)
 
Qara əf’i!..
 
E l x a n
 
(onun əlini yaqalar)
 
Ona əl vurma, saqın!
Daha xoşdur yara bağlarsa qadın.
Onu öldürsə şu mə’sum əllər,
Can çəkişdikcə, inan ruhu gülər.
Azacıq bəklə, bulur şimdi cəza.
 
İ b n Y ə m i n
 
Ah, bəyim!..
 
E l x a n
 
(növbətçiyə)
 
Al bunu, söylətmə daha!
 
İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Bu sırada ıslıq səsi eşidilir. Müxtəlif qiyafətli dörd-beş qaçaq önlərində bir p a p a s , bir xaxam, bir iranlı şeyx və iranlı qiyafətində ixtiyarca, qara çarşaflı xəstə bir q a d ı n , on yaşında q a n b u r , qaşları tökülmüş, gözləri mə’yub, səqət bir çocuğun əlindən tutmuş olduğu halda gəlirlər.
 
E l x a n
 
(onları gətirən növbətçilərdən birinə)
 
Şu həriflər əcəba kim? Söylə!
 
N ö v b ə t ç i
 
(birər-birər göstərir)
 
Şu papas ermənidir, vaqtilə
Ermənistanə daşırmış qurşun,
Həm də Incil deyə!..
 
E l x a n
 
(istehzalı qəhqəhə ilə əlini onun omuzuna qoyaraq)
 
Ya!.. Eşq olsun,
Nerədən aldın o hissiyyatı,
Verdi Incilmi bu tə’limatı?
 
P a p a s
 
(xaç çəkərək)
 
Ah, suçum varsa da, əfv eylə bəni.
 
E l x a n
 
Bəklə, dur, şimdi bulur haq yerini.
Növbətçi onu da İbn Yəminin yanına götürür.
Şu hərif kim əcəba? Həm nə əbus...
 
N ö v b ə t ç i
 
Bu, fransız tərəfindən casus...
Ərəbistanı köpürdən şu adam
Bir yəhudi... sanırım həm də xaxam...  
 
E l x a n
 
(əlilə onun sırtını oqşar, acı qəhqəhə ilə)
 
Bu da Tevratə uyan bir dəccal!
 
X a x a m
 
(ayaqlarına qapanır)
 
Ah, əfəndim!..
 
E l x a n
 
Yetişir, qalq, abdal!
 
(O da qalqıb papasın yanına keçər. Elxan növbətçiyə)
 
Bildik artıq, bu, siyasət güdüyor.
 
(şeyxə işarəylə)
 
Ya bu əmmaməli şeytan nə diyor?
 
N ö v b ə t ç i
 
İngilis dəllalıdır, Iranda
Nəşri-əfkar ediyormuş...
 
E l x a n
 
Əcəba!?
Şu dəni məsləki bir söylə, xocam,
Hanki Qur’an sana etmiş ilham?
 
Ş e y x
(yalvarır)
 
Bəni aldatdı, bəyim, nəfsi-həris,
Çaldı vicdanımı xain İblis.
 
İ b l i s
(qızğın qəhqəhə ilə)
 
İftira!.. Həm də nə abdalca yalan!  
 
Ş e y x
 
(diz çökər)
 
Ah, aman!
 
E l x a n
 
(çizməsilə rədd edər)
 
Sus, yetər, ağ başlı yılan!
 
(O da xaxamın yanına keçər)
 
N ö v b ə t ç i
 
(tüfəngi ilə şeyxin omuzundakı heybəyi göstərir)
 
Doludur heybəsi altın, sərvət.
 
İ b l i s
 
(qəhqəhə ilə)
 
Onların tanrısı altındır, əvət.
 
X ə s t ə q a d ı n
 
(qolundan tutduğu səqət çocuğu göstərir. Elxana)
 
Bəyim! Allahı sevərsin, lütfən
Bizə yol ver, gedəlim erkəndən.
 
N ö v b ə t ç i
 
Kərbəlayə gediyorlar bunlar,
Şu qadın xəstə, səqət oğlu da var.
 
(burnu sarılı çocuğu göstərir)
 
Çürüyüb burnu dökülmüş yaradan,
 
(inildəyən anasına işarətlə)
 
Bu da həp öylə, inildər hər an.  
 
E l x a n
 
Bunca zəhmət nə içinmiş əcəba?
 
N ö v b ə t ç i
 
Gediyorlar alalar bəlkə şəfa.
 
E l x a n
 
Yoqmu İranda həkim?
 
X ə s t ə q a d ı n
 
Var, pək çoq...
Dərdimiz mühlik imiş, çarəsi yoq...
 
E l x a n
 
Var, gözəl çarəsi var, dur orada,
Bulunur dərdinizə şimdi dəva.
 
(onlar da əvvəlkilərin yanına keçər)
 
İ b l i s
 
(qafasını oynataraq heyrət və hiddətlə)
 
Dərdə baq, millətə baq, niyyətə baq!
Ölülərdən ölülər feyz alacaq!
 
E l x a n
 
(ətrafdakı haydutlara)
 
Haydı, atəş!..
 
Tüfəklərin tətiyi çəkilir, papas xaç çəkər, şeyx ilə xaxam şaşqın bir halda gözlərini göyə dikər.
 
Ş e y x
 
(müztərib)
 
Aman, Allah!..  
 
X ə s t ə q a d ı n
 
(təlaş ilə)
 
Bir dur!
 
E l x a n
 
Xayır, ən kəskin ilac iştə budur,
Yaşamaqdan daha xoşdur ölüm...
 
X ə s t ə q a d ı n
 
Ah!..
 
E l x a n
 
Hazır ol! Bir, iki, üç...
 
Nişançılar ortada sıraya duranları yaylım atəşilə qurşuna dizərlər.
 
H ə p s i
Ah, eyvah!..
 
(deyə yaralı fəryad ilə yerə sərilir)
 
İ b l i s
 
(istehzalı və atəşli qəhqəhələrlə)
 
Xilqət atəşlə yaşarkən, heyhat!
Bunlar atəşlə qılar tərki-həyat.
 
E l x a n
 
(Vasifə, İbn Yəminin cənazəsini göstərir)
 
Bana baq, izləməsəydin də dəmin,
Ələ keçməzdi, inan, İbn Yəmin.
Xeyli məmnunim, əzizim, səndən,
Söylə, yavrum, nə dilərsin bəndən?  
 
İ b l i s
 
(Rə’nayı göstərir)
 
O gözəl afətə məftun şu çocuq.
 
E l x a n
 
(Vasifə)
 
İştə sən, iştə o... hiç maneə yoq...
 
V a s i f
 
(Rə’nayə yaqlaşır)
 
Nerdəsin, söylə, nə oldun, Rə’na?
Qurtaran kim səni? Bir söylə bana.
 
R ə’ n a
 
(Arifi göstərir)
 
İştə, qarşında...
 
V a s i f
 
(Arifin əlini sıqar)
 
Təşəkkür edərim.
 
A r i f
 
(soyuq bir tevr ilə əlini çəkər, müstəhzi təbəssümlə)
 
O bənim kəndi vəzifəm...
 
V a s i f
 
Nə derim!
Yapdığın bəncə böyük bir xidmət.  
 
A r i f
 
Bu təşəkkürlərə hiç yoq hacət,
O bənim Kə’bəyi-vicdanımdır.
O bənim sevgili cananımdır;
Bəndən ancaq qoy o olsun məmnun.
 
İ b l i s
 
(məmnun qəhqəhə ilə, ətrafa)
 
Leyli birkən ikiləşmiş Məcnun.
R ə’ n a
 
(Vasifə xüsusi)
 
Çünki sərsəmdir o, aldırma, bıraq!
 
V a s i f
 
(Arifə)
 
İstəməz bunca çocuqluq, bana baq,
Ya sənin olmalı Rə’na, ya bənim.
 
A r i f
 
(ətrafa)
 
Şübhə yoq, ah, o gözəl dürri-yetim
Bəndən ayrılsa həyatım bitəcək.
 
(Vasifə)
 
Onsuz ən tatlı təsəlli ölmək...
 
(Revolverini çıqarır)  
 
E l x a n
 
Hiç təlaş etmə, əzizim, bir dur!
Baqalım sevgili Rə’na nə diyor.
 
R ə’ n a
 
(Arifə)
 
Sən bənim əski pərəstişkarım,
 
(Vasifi göstərir)
 
Bu isə ən yeni bir dildarım;
Haqqı əfsus, edəməm bən inkar,
Çünki Tanrımla bənim əhdim var,
Bulsa hər kim babamın qatilini,
Bil ki, məmnun edər ancaq o bəni.
 
İ b l i s
 
(Vasifə işarətlə)
 
Əvət, əlbəttə onundur Rə’na.
 
A r i f
 
(İblisə qızğın)
 
Yetişir vəsvəsə, və’z etmə ona.
 
(Rə’nayə)
 
Nə demək!.. Sən bu çürük lafı bıraq!
Yoq, bu mümkün deyil əsla, bana baq!
Bir düşün, əldə dururkən şu silah,
Böylə təhqirə dayanmam...
 
İ b l i s
 
Hah, hah!..
Söz qəvinindir, əvət.
 
R ə’ n a
 
Arif!
 
A r i f
 
Sus!
 
(ətrafa, təhəssür ilə)
 
Ah, bir Vasifi görsəm... əfsus!..
 
(həyəcanlı və müztərib)
 
Qardaşım, sevgili Vasif, bana gəl!
Səni görsəm, bəni qorqutmaz əcəl.
 
V a s i f
 
(e’tinasız bir tevr ilə revolverini çıqarır)
 
Pək gözəl, qismətimiz hər nə isə,
Yetişir Tanrıdan ancaq o bizə.
 
İ b l i s
 
(kinayəli qəhqəhə ilə göyə doğru)
 
Qismət ondadır, əvət!..
 
V a s i f
 
(ətrafa)
 
Ah, fəqət,
Qardaşım Arifə qaldım həsrət.  
 
(yaralı bir ahənglə)
 
Nerdəsin? Gəl bana, Arif!.. Əl’an
Kim bilir, bəlkə əcəl verməz aman.
 
İ b l i s
 
(acı qəhqəhə ilə ətrafa)
 
Nə tuhaf! Bir ananın evladı,
Bilmədən bir-birinin cəlladı.
 
A r i f
 
(silahını qaldırır, qızğın)
 
Haydı!..
 
R ə’ n a
 
(ortalığa girər, təlaş ilə)
 
Eyvah!
 
V a s i f
 
Çəkil!
 
A r i f
 
Durma, çəkil!
 
İ b l i s
 
Hazır ol: Bir, iki, üç...
 
(Silahlar açılır)  
 
V a s i f
 
(düşər)
 
Ah!..
 
İ b l i s
 
(Arifə)
 
... Səfil!
 
R ə’ n a
 
Vasif! Eyvah!..
 
(Cənazə üzərinə qapanıb ağlar)
 
A r i f
 
(şaşqın)
 
Nasıl? Vasifmi?!
 
İ b l i s
 
(acı qəhqəhə ilə)
 
Öylə ya, Vasif!.. O Vasif ki, səni
Eşqi yıllarca əsir etmişdi,
Sana qurban oluyor, baq, şimdi.
 
A r i f
 
(Şaşırır, Vasifə yaqlaşır, dəlicəsinə tədqiq edər, son dərəcə həyəcanlı)
 
Qardaşım ah, o əvət!..
  
 
(qucaqlar)
 
Vasif! Oyan,
Ah, visalın nə yaman oldu, aman!
Şu vidain daha müdhiş... Vasif!
Dur, bərabər gedəlim...
 
(Əlindəki silah ilə intihar etmək istər).
 
R ə’ n a
 
(mane olur)
 
Of, Arif!
 
Biixtiyar silah Arifin əlindən düşər, Vasifə baqıb qorqar, geri çəkilir. İblisi sərsəmcə
baqışlarla süzüb durur.
 
İ b l i s
 
(məğrur qəhqəhələrlə)
 
Bir zamanlar cəbərut aləminə
Həp uçar, həp öyünürdün də, bu nə?
Vurulub bir qıza pabus oldun,
Xırsız oldun, meyə mə’nus oldun.
Haqqı, vicdanı bıraqdın, getdin.
 
(İxtiyar getdiyi tərəfə işarətlə)
 
O səfilin qızını məhv etdin.
Dökülən qanlara həp düşman ikən,
Oldun öz qardaşının qatili sən.
 
A r i f
 
(çılğın)
 
Ah, bu sözlər bəni həp qəhr ediyor!  
 
Bu sırada həzin və rəqsavər bir musiqi səsi eşidilir və günəş batmağa başlar.
 
İ b l i s
 
Dinlə! Bir baq, şu həzin səs nə diyor!
 
Ağaclar arasında bir taqım iskeletlər çıqar, kəfənpuş olduqları halda süzülərək, qıvrılaraq rəqs edərlər. Arif pək az sürən rəqsi seyr ilə, qorqunc baqışlar, məcnunanə və şaşqın qəhqəhələrlə ölülər arasında dolaşıb durur. Kənardan kəndinə doğru gəlib, geri çəkilən Xavərin xəyalını görüncə acı bir fəryad ilə.
 
A r i f
 
Eyvah, ölülər rəqs ediyor, iştə, fəlakət!
Vasif belə, Xavər belə rəqs etmədə... heyrət!
Hətta, şu üfüqlərdə sönən qanlı günəş də
Həp rəqs edərək qeyb oluyor, seyr edin, iştə!..
 
Musiqi susar, rəqs bitər, ölülər səhnəyi tərk edər.
 
İ b l i s
 
(şiddətli və istehzalı qəhqəhələrlə)
 
Həp rəqs ediyor qanlı günəş, qanlı üfüqlər,
Həp rəqs ediyor halə qəmər, pənbə şəfəqlər.
Rəqs etmədə həp şe’rü dəha, hüsnü lətafət,
Rəqs etmədə yıldızlı fəza, ruhi-təbiət.
Hər fəlsəfə, hər dinü təriqət, bütün adət
Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.
Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,
Həp rəqs ediyor xeyrilə şər, elmü cəhalət...
Rəqs etmədə hətta o görünməz ulu mə’bud,
Rəqs etmədə hətta o vücudi-ədəmalud.
 
İblis sözlərinə dəvam etdiyi sırada Arif əsəbi, xırçın hərəkətlərlə, donuq və
məcnunanə baqışlarla nəzəri-diqqəti cəlb edər.  
 
R ə’ n a
 
Artıq yetişir... Söyləmə, İblis!
 
Ü m u m
 
(coşqun, İblisə)
 
Sənsin bu cinayətlərə bais.
 
B i r i n c i h a y d u t
 
Səndəndir, əvət, cümlə xəyanət.
 
Ü m u m
 
Lə’nət sana... Lə’nət, sana lə’nət!
 
İ k i n c i h a y d u t
 
Ah, şimdi cəza bulmalı İblis!
 
Ü m u m
 
Qəhr olmalı, məhv olmalı İblis!
Hər tərəfdən hücum etmək istərlər.
 
İ b l i s
 
(gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə)
 
İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət,
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət,
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər,
Altın və qadın düşkünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əl’an, nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
– Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
– İblis!..
 
Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını yaqalar və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq dəvam edər.
 
  

Pərdə

 

 
SON

Qeydlər

redaktə
  1. Yaxud: Şimdi İsa dirilib gəlsə, əvət