İsgəndər dövründə iki həkim

İsgəndər dövründə iki həkim
Müəllif: Seyid Əzim Şirvani


Vardı İsgəndər əsri iki həkim,
Mülki-yunanda, vacibüt-təkrim.
Onların düşdü çün mübahisəsi-
Ki, nədəndir zəmanə hadisəsi?
Ol nə bürhan gətirdi hüccət ilə,
Bu onu rədd edirdi hikmət ilə.
Hər nə mətləb ki, qıldı bü ünvan,
Ol gətirdi buna gözəl bürhan.
Hərçi ilzamə oldular talib,
Birinə olmadı biri qalib.
Aqibət şərt qıldı iki təbib,
Hərə bir zəhr eyləsin tərtib,
O bunun zəhrini içə, bu onun,
Ta bu tövdayə kim olur məğbun?
Birisi şərbət eylədi tərtib,
Zəhr hazır qılıb ikinci təbib.
Bir-birə verdilər məhabət ilə,
Birisi içdi zəhri cürət ilə,
Bilmədi zəhr olduğun anın,
Belədir müqtəzası1 dövranın.
Etmədi xövf səmmi-nafizdən,
Qaldı ol şirdil səhihbədən.
Ol biri içdi xövf ilə şərbət,
Dari dünyadan eylədi rehlət.
Öz işindən onu qiyas etdi,
Vəhşətindən zəmanədən getdi.