İtlə pişiyin söhbəti

İtlə pişiyin söhbəti
Müəllif: Seyid Əzim Şirvani


Bir pişiyə it dedi: - Ey bihəya,
Evdə edirsən geçə-gündüz səfa.
Süfrə kənarında yeyirsən təam,
Kürsülər üstündə tutursan məqam.
Eylə yeyirsən yenə bozbaş sən,
Sübh yeyirsən gecələr aş sən.
Sən nə səbəb böylə əziz olmusan,
Kim eyəyib hökm təmiz olmusan?
Söylə, ağayə nə olub xidmətin,
Vacib olubdur bu qədər hörmətin?
Eyləyirəm sübhə kimi mən fəğan,
Dövlətü malə oluram pasiban.
Mən çəkirəm sübh olunca keşik,
Hərgiz itə tay deyildir pişik.
Çox geçə var ki, yatıram ac mən,
Dərd ilə bir löğməyə möhtac mən.
Getməyirəm özgə yerə nan üçün,
Səbr edirəm möhnəti-pünhan üçün.
Gərçi ağa döysə məni, qaçmaram,
Hər yetənə dərdi-dilim açmaram.
Muşqura hərgah, bularam quyruğu,
Ta ki, ağanın nə ola buyruğu.
Cümlə cahan mərdümü, ey bədəməl,
Etdi fəfadə məni zərbül-məsəl.
İndi bəyan eylə mənə halını,
Ta ki bilim surəti-əhvalını.
Gör pişiyi kim, itə verdi cavab,
Söylədi: - Həqdir bu xitabü xitab.
Hər nə dedin həqdü, yoxdur xilaf,
Sözlərüvün biri deyildir kəzaf.
Leyk sənə qoy eləyim mən bəyan,
Surəti-əhvalını, ey bağrı qan.
Halüvə ol indi xəbərdar sən,
Bil nə səbəbdən belə murdarsən.
Xeyr işə mənna sən, ey bülhəvəs,
İstəməsən xeyr apara hiç kəs.
Gər gəlibən sail edə nan tələb,
Sən eyləyirsən ona qəhrü qəzəb.
Damənini parə qılırsan onun,
Sən gününü qarə qılırsan onun,
Versə xanım sailə bir parça nan.
Qeyzlə canın çıxar, ey bədgüman.
Cümlə bu aləm başına dar olur,
Rövşən olan dəhr sənə tar olur.
Maneyi –xeyr olma dəxi, Seyyida,
Qoy qapıdan xeyr aparsın gəda.
İt kimi tutma dəxi damanını,
Rahət elə əhli-tələb canını.
Mane olan xeyr işə bədzatdır,
Ayə ilə bicliyi isbatdır.
Həqq ona mötəl buyurub, həm zənim,
Şahidi-göftar “ütüllün zənim”.
Kimsə ki, bir xeyr işə mənna ola,
Dəyməz onun varlığı bir pula.
Çoxdu hədis ilə bu əmrə dəlil,
Abid ola cənnətə getməz bəxil.