Şeyx Sənan (dram)/Üçüncü pərdə

İkinci pərdə Şeyx Sənan. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə


I SƏHNƏ

Bir buçuq sənə sonra, son baharda mehtablı bir gecə... Səhnənin ucunda domuz yatırılmağa məxsus bir dam... Damın qapısı önündə 2-3 domuz yatmış, yan tərəfdə bir su dəstisi var. Içəriyi sönük bir işıq aydınlatır. Pək kənarda Xumarın odası gözə çarpar ki, pəncərəsindən saçılmaqda olan incə bir aydınlıqla nəzəri-diqqəti cəlb edər, ətraf ağaclıqdır. Serğo əlində şərab dəstisi, taxtadan yapılmış bir qədəh və 2-3 əkmək olduğu halda türkü çağıra-çağıra yarımsərxoş və laübali bir tevr ilə domuz damından çıqar.

Serğo
(göyə baqaraq)
Gökyüzünü bəzər parlaq yıldızlar,
Yer yüzünü bəzər gülyüzlü qızlar,
Gözəl eşqində gönül yanar-sızlar,
İnsaf, mərhəmət yoq namərd fələkdə...
(əlindəkiləri yerə bıraqıb qapının önündə oturur, şərabdan bir qədəh döküb içərək) Uf, ışıqlandı gözlərim ancaq.
(Şeyx Sən’anı çağırır)
Ey, çoban şeyx! Nerdəsin? Bana baq!

Şeyx Sən’an
(gürcü çobanlarına məxsus bir qiyafətdə, saçı-saqalı uzanmış olduğu halda bağça tərəfindən gələrək)
Burdayım, Serğo!..

Serğo
Gəl yeyib-içəlim.

Şeyx Sən’an
Sən ye-iç, arqadaş, bən ac deyilim.

Serğo
Gəl, canım, başqa bir şərabdır bu...

Şeyx Sən’an
Adətim səncə bəllidir, yahu!

Serğo
Əziz aqşamdır, İştə, gəl...

Şeyx Sən’an
Vaz geç!

Serğo
(qədəhi dolduraraq)
Bir qədəh gəl Xumarın eşqinə iç!

Şeyx Sən’an
Allah, Allah! Şu zəhrimar əcəba
İçilir şeymi?

Serğo
Söylənib durma,
Gəl, düdük çal da, ya masal söylə,
Ya gözəl bir hekayə nəql eylə.

Şeyx Sən’an
Yenə halım bir az fəna... Əfv et!
(Bir tərəfə gedər.)

Serğo
(şərabdan bir qədəh içərək, qəhqəhə ilə)
Pək gözəl, anlaşıldı dərdin, get!..
(daha bir qədəh döküb içərək türkü çağırmağa başlar)
Coşqun şərab eşq odunu söndürməz,
Yar saçından bir tel kəsib göndərməz.
Tale bana göz verir, ışıq verməz,
İnsaf, mərhəmət yoq namərd fələkdə...

Bu sırada bağçanın bir guşəsindən köpək havlaması eşidilir.

Əcəba başqa bir adammı?
(Bağıraraq)
Kim o?

Özdəmir
(əlində xurcun, Oğuzla bərabər gələrək)
Biz idik, başqa kimsə yoq, Serğo.

Serğo
Vay, əfəndim, nasılsınız?

Özdəmir
Eyiyiz.

Serğo
Buyurun...

Özdəmir
Şeyx nerdə?..

Getməliyiz.

Serğo
Yalnız Allah bilir onun yerini.

Özdəmir
(xurcunu Serğoya verir)
Bunu ver şeyxə; həm də şeylərini
Tez boşaltın... həmən dönüb gedəriz.
(Sür’ətli adımlarla çəkilib gedərlər)

Serğo
Hiç məraq etmə, cabəca edəriz.

Xumar Nina ilə bərabər əlində bir qab yemək olduğu halda odasından çıqıb gələrək.

Xumar
Bana baq, Serğo!..

Serğo
Söylə, sultanım!

Xumar
Şeyx yatmışmı?

Serğo
(heyrətlə)
Hiç yatarmı, canım!
İştə daim onun təbiəti bu...
Hiç düşünməz nədir yemək, uyqu.
Gecə yıldızla, ayla söhbət edər,
Düşünür daima sabahə qadar.

Xumar
(yeməgi Serğoya verdiyi sırada)
Mümkün olduqca hörmət eylə ona,
Hər nə əmr etsə, gəl də, söylə bana.

Nina
Pək nəzakətli zat imiş Sən’an.

Xumar
(Nina ilə bərabər odasına doğru yürüyərək, onu təsdiq ilə)
Əvət, ən möhtərəm, nəcib insan...
Hələ dursun kəmalı, mə’rifəti,
Onda var sanki evliya sifəti.

Serğo dərhal xurcunu alır, boşaltmaq için domuz damına girər.

Şeyx Sən’an
(bir tərəfdən çıqar, Xumarın getdiyini görüncə)
Gediyor İştə nazlı cananım,
Gediyor aşinayi-vicdanım,
Gediyor İştə dinü imanım,
Gediyor səbrü taqətim, canım...
(Məhzun və mütəəssir baqışlarla domuz damına yaqlaşır.)

Serğo
(çıqaraq)
Arqadaş! Gəl, yemək gətirdi Xumar.

Şeyx Sən’an
İştahım yoq...

Serğo
Gəl!..

Şeyx Sən’an
İstəməz israr,
Yorğunum, sıtma var canımda bir az.
(içəri girər)

Serğo
Azacıq yatsanız fəna olmaz.
(ətrafa)
Görünür dərdi tazələndi yenə,
Çünki canan göründü gözlərinə.

Simon
(iki dəliqanlı ilə bərabər gələrək)
Serğocan, Serğo!

Serğo
Vay, Simon, gəl...

Simon
Sus!
Nerdə Sən’an!

Serğo
Zavallı pək əfsus,
Daima qəmli, daima düşkün...
Yatıyor, İştə xastalandı bu gün.

Simon
Sən nə dersin, şu dərbədər Platon
Şeyx Sən’anə qız verirmi?..

Serğo
Simon!
O bir insan ki, pək fürumayə...
And içib Tanrı oğlu Isayə,
Basmış Incilə əl, inan, verəcək...

Simon
Şu hərif pək inadçıdır gerçək,
Qızı bədbəxt edib də öldürəcək.

Serğo
(qafasını oynataraq)
Burda zənnimcə səhvin olsa gərək,
Çünki qız, başqa dürlü bir xilqət,
Onu mütləq görən edər heyrət.
Şeyxə pək başqa bir məhəbbəti var,
Daim ikram edər də, hörməti var.

B i r i n c i d ə l i q a n l ı
Həp manastır deyib dururdu Xumar,
Nə çabuq fikri döndü?

Serğo
(domuz damını göstərir)
Maneə var;
Bu uçuq dam Xumar için əl’an
Daha qiymətlidir manastırdan.
Bu onun səcdəgahı, qibləsidir,
Şeyx onun heykəli-müqəddəsidir.

İ k i n c i d ə l i q a n l ı
(Simona)
Şimdi fikrin nə? Şübhə qalmadı hiç,
Qız demək şeyxin oldu, sən vaz geç!

Serğo
Şübhəsiz, bitmək üzrədir müddət,
Şeyxi rədd eyləməz Xumar əlbət.

Simon
(qəhrxənd ilə)
Diridir, ölməmiş Simon hala,
Ona fürsət verirmiyim?
(qayət həyəcanlı)
Əsla!..

(Cibindən para ilə dolu bir kisə çıqarır; əlində atıb tutduqdan sonar Serğoya verərək)

Doludur həp gümüşlə altın, al!
Bu onun qan bahası olsun, al!
Öncə Simon, sonra arqadaşları xəncərləri çəkərək şeyxin yatağına hücum etmək istərlər.

Serğo
(Simona)
Nə imiş anladım, sənin əməlin.
(hər üçünə)
Şimdi olmaz, gedin də, sonra gəlin.

Bu sırada Özdəmir gəlir, arqa tərəfdə pusub onları dinlər. Nina da Xumarın odasından çıqaraq dərin bir heyrətlə bu əhvalı tamaşa edər.

B i r i n c i d ə l i q a n l ı
(Simona)
Doğru, pək doğru söylüyor, gedəlim,
Gecə keçsin, gəlib də öldürəlim.

Simon
Bəncə fürsət qanatlı bir quşdur,
Kim ki, əldən uçursa, sərxoşdur.

Həmən hücum etmək istər, Nina böyük bir iztirab içində baqıb durur. Özdəmir çarçabuq Simonun biləyini yaqalar, xəncər əlindən düşüverir. Dəliqanlılar isə hər biri bir tərəfdən Özdəmiri yaqalayıb qımıldanmasına imkan verməzlər.

İ k i n c i d ə l i q a n l ı
(Özdəmirə)
Məhv olursun, saqın, qımıldama, dur!
Bu sırada Oğuz gələrək ağır və məğrur bir baqışdan sonra arqadan hər əlilə bir dəliqanlının boğazından tutub şiddətlə sıqar. Hər ikisi boğulacaq bir hala gəlirlər, hər kəsi dəhşət alır.
 
Oğuz
İştə xainlərin cəzası budur!

Özdəmir
(Simona)
Bir düşün, bir utan, qızar, yahu!
Səndə bilməm nasıl təbiət bu?
Şeyx, o bir möhtərəm, zərərsiz adam,
Həm misafir, qərib və aciz adam...
Əcəba səndə yoqmudur vicdan?
Böylə namərd olurmu hiç insan!?

Oğuz
Hanki xain bu nev edər rəftar?
Ah, namusa küsmüş alçaqlar!
Sizmi, Sən’anmı ölməyə şayan?
Baq, şu xəncər verir cəvab əl’an.
(Həmən xəncərini çəkərək Simona hücum edər)

Özdəmir
(Oğuzu tutaraq ağır bir ahənglə)
Dur!.. Xayır, istəməz bu hiddətü kin,
Pəki, ondan nə fərqin oldu sənin?

Oğuz
Qoy gəbərsin!

Özdəmir
Xayır, bu hiç olmaz,
Güclü gücsüzdən intiqam almaz.
(Simonla arqadaşlarına)
Dəf’ olun, haydı, durmayın!.. Lakin,
Lakin əsla unutmayın, şeyxin
Qanını içmək istəyən alçaq
Ən nihayət əlimdə qəhr olacaq.
Hər üçü silahlarını alıb gedərlər.

Şeyx Sən’an
(domuz damından çıqaraq)
Nə imiş? Söyləyin, nə var, əcəba?

Özdəmir
Öylə bir şey deyil, əfəndi baba!..

Oğuz
(Serğonun əlindəki kisəyi alaraq)
Bu nə?

Serğo
(kəkələyərək)
Bilməm... əvət, bu kisə... xayır...

Oğuz
Şeyx için yoqsa qan bahasımıdır?
(Sərt və atəşli bir sillə eşq edər)

Şeyx Sən’an
Allah, Allah!.. Oğuz, nə yapdın sən?..

Oğuz
Sana qəsd etdirən şu xaini bən,
Azacıq etmək istədim tə’dib.

Şeyx Sən’an
Pək yazıq!.. Bir düşün, zavallı qərib.
(göyə doğru)
Bu fəlakətlərin bütün səbəbi,
Həp bənim, bən... bağışla, yarəbbi!..

Oğuz
(Serğoya)
Baqınıb durma, haydı, kisəyi al!
Gəl, işim var səninlə, gəl, abdal!
(Serğo kisəyi yerdən alıb Oğuzu izlər.)

Özdəmir
Şimdi fikrin nədir, böyük şeyxim?
Zənn edərsəm olur nəticə vəxim.
Səni bunlar epeycə incidəcək,
Şübhəsiz, ən sonunda rədd edəcək,
Halınız həm də xeyli qorquludur,
Kim bilir, bəlkə bir cinayət olur.
Qızı istərsəniz alıb gedəlim,
Həm də kim qarşı çıqsa, məhv edəlim.

Şeyx Sən’an
Özdəmir! Parça-parça doğransam,
Yenə bir böylə haqsız iş yapmam.

Özdəmir
Bir sözüm yoq bu rə’yə qarşı bənim,
Lakin olduqca ehtiyat lazim...

Şeyx Sən’an
Gediniz, çünki pək uzaq yolunuz,
Bəni Tanrım qorur, əmin olunuz!

Özdəmir
(xurcunu yerdən alır, şeyxin əlini öpərək)
Bir qəza vaqe olsa, şeyxim, inan,
Çıqarız həp yolunda var-yoqdan.
Daima borcumuz itaətdir,
Bizcə hər əmriniz səadətdir.
(çəkilib gedər)

Şeyx Sən’an
Cümlə ikramü lütfünüz məlum,
Sağ olun, əskik olmayın, oğlum.
(Özdəmirin uzaqlaşdığını görüncə)
Uçurum, İştə hər tərəf uçurum!
Anlamam bən, nədir bu taleyi-şum!?
Nə fəlakət!.. Nədir bu, yarəbbi!?

Nina
(Səssiz adımlarla çəkilir, Xumarın odasına girdiyi sırada)
Serğodur iştə həpsinin səbəbi.

Şeyx Sən’an
(göyə doğru)
Deyil əsla bir iştika, bu nida!
Çünki ülvi Xumarın uğrunda
Hər bəla bəncə bir səadətdir,
Hər cəfa sanki bir məhəbbətdir.

Qapının önündəki dəstiyi alır, su gətirmək için bağçanın bir tərəfinə gedər. Azacıq sonra Anton ağ geyimdə digər tərəfdən çıqar, əbus çöhrəli bir gürcü də əlində yaqıcı maye ilə dolu bir dəsti tutaraq onu izlər.

Anton
(yarım səslə)
Serğocan, Serğo!..

Arqadaşı
İstəməz, bir dur.
(Domuz damına baqaraq)

İştə Sən’an yataqda... Baq uyuyur.

Anton
Serğo!..

Arqadaşı
Lazım deyil. Bıraq, gedərim
Doğrayıb şeyxi, şimdi məhv edərim.
(Dərhal içəri fırlar)

Anton
(qapıdan baqaraq)
Daha vur! Bir də, bir də...
(kəndi-kəndinə)
Şimdi Xumar
Bən kimim, ya nəyim, duyar, anlar.

Arqadaşı
(çıqaraq heyrət və dəhşətlə)
Şu hərif anlamam nə sehr etmiş,
Bir təsadüf ki, İştə pək müdhiş!..
Ona hiç xəncər etmiyor tə’sir,
Yalnız icra olundu son tədbir.
Qapıyı qapar, bu sırada içəridə alav parlamağa başlar.

Anton
Yoqsa atəşlədinmi?

Arqadaşı
Öylə, əvət;
Yandı Sən’an, kül oldu, getdi...

Anton
Fəqət,
Şimdi dilbər Xumarə müjdə gərək,
Ta gəlib seyrə dalsın inliyərək.

Xumar Nina ilə bərabər odasından çıqar, onları görür-görməz böyük bir heyrət və təlaş içində baqa qalırlar.

Arqadaşı
(Antona istehzalı qəhqəhə ilə)
Şimdi Sən’an yatıb da rö’yadə,
Zevqə dalmış behişti-ə’ladə.
(təlaş ilə)
Daha durmaq xatalı... Gəl, gedəlim...
Gedəlim, haydı...

Anton
Pək gözəl, gedəlim.

Sür’ətli adımlarla uzaqlaşırlar.

Xumar
Ah!.. Bunlar da bir cinayət arar.

Nina
Şübhəsiz, başqa bir fəlakət var.

Bu sırada şiddətli yel əsməsi, gök gurultusu, yanğın çıtırdısı başlar. Ta pərdənin sonuna qadar davam edər.

Xumar
(Nina ilə bərabər şaşqın bir halda domuz damına yaqlaşaraq)
Anladım, şimdi anladım, bildim.
(hiddət və təlaş ilə)
Serğo, gəl, Serğo! Nerdəsin?

Serğo
(görünərək)
Gəldim.

Xumar
Haydı, qoş, durma!.. Gəl, tez aç qapıyı!

Nina
Xain, alçaq, ədəbsiz, aç qapıyı!

Serğo qapıyı açdığı kibi yanğından hasil olan qızıl alav səhnəyi aydınlatır.

Gir, çabuq gir, zavallı şeyxi çıqar!

Xumar
Durma, biçarə yandı, tez qurtar!
Serğo içəri girmək istər, fəqət cəsarət edəməz.

Qomşular
(üç-dört kişi gələrək)
Söyləyin bir, nə var? Nə olmuş?..

Xumar
Aman!..
Yandı, məhv oldu binəva Sən’an...

Qomşular
Baqalım, bəlkə yanmamış...

Nina
(hiddətlə Serğoya)
Cəllad!..

Xumar
A-h, biçarə şeyx!.. Aman!.. Imdad!..

Bitab olaraq düşəcək olur. Nina həmən kəndisini dutar. Bu sırada Şeyx Sən’an əlində dəsti bir tərəfdən çıqar, hər kəs heyrətindən dona qalır.

Şeyx Sən’an
(pərəstişkaranə bir tevr ilə)
Şeyxi məhv oldu sanmayın zinhar!
İştə qarşındayım, sevimli Xumar!
Kim ki, eşq atəşilə oldu hədər,
Onu yandırmaz öylə atəşlər.
Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi xaliqə qoşarım.
Əbədiyyət bənim məzarımdır,
Çünki sultani-eşq yarımdır.
Eşq için can nisar edən ərlər
Əbədi bir həyat içində gülər.
Bəni həp parça-parça doğrasalar,
Ruhum ölməz, səmayi-eşqə uçar.
Uçar ən möhtəşəm fəzalər aşar,
Yenə cənnətdə həp səninlə yaşar.
Son beyt bitmək üzrə ikən həmən pərdə qapanır.

Pərdə


II SƏHNƏ


Mədinədə həsir ilə döşənmiş bir oda... Ətrafda oturub dayanmaq için mindərlər və döşəklər... İki qapı... Bağçaya açılır iki-üç pəncərə... Günəş yeni doğmağa başlayır. Pərdə açıldıqda xidmətçi qara ərəb döşəkləri düzəltərək çıqar. Bu sırada Şeyx Hadi ilə Əbülüla daxil olur.

Şeyx Hadi
Çoq şükür Rəbbi-zülcəlalimizə,
Oldu qİsmət yenə Mədinə bizə.
(Pəncərələrdən birini açaraq)
Nə müqəddəs havası var... hər an
Nəfəs aldıqca qəşş olur insan.
Adəta ruhə bir səfa gəliyor,
Adəta qəlbə bir şəfa gəliyor.

Əbülüla
Şeyx Hadi! Nə dersiniz gerçək,
İstərim bir çıqıb xəbər bilmək.

Şeyx Hadi
Soruşub bir nə var, nə yoq bilsən,
Bixəbər qalmayız həvadisdən.
(pəncərəyi qapayaraq)
Yorğunum, bən də bir yarım saət
Uzanıb olmaq istərim rahət.
(Əbülüla çıqdığı sırada)
Fəqət ilk öncə Şeyx Sən’andan
Bir xəbər bil!..

Əbülüla
Pəki!

Şeyx Hadi
Unutma, aman,
Həm də Zəhrayı sor da, gör o nasıl?
Xastadır bəlkə, get iyadət qıl.

Əbülüla gedər. Şeyx Hadi əbasını yüzünə çəkərək uzanır. Bu sırada səhnənin ışığı çəkilib ucdakı ikinci pərdə qalqar.

Şeyx Sən’an
(atəşlər, alovlar içində görünərək yarı məhzun, yarı məmnun bir fəryad ilə)
Yandım, Allah!.. Nədir bu işgəncə?
Həm nə dəhşətli, datlı əyləncə!..
Atəşi-eşq bir səadət imiş,
Bu da bir başqa dürlü cənnət imiş.
Bəndə yoq iştika, fəqət, yarəbb!
Yoqmudur səndə mərhəmət?! Ya Rəbb!..
Gəliyor həp bu hiylələr səndən,
Bəni bilməm niçin yaratdın sən?!

Bə’zi mevhum əllərdə xəncərlər, qılıclar parlayaraq Şeyx Sən’ana hücum edildiyi görülür.

Bir mələk
(göydən enər kibi gələrək)
Hiç məraq etmə, möhtərəm Sən’an!
Səni əsla unutmamış Yaratan.
Sana xaliq olub yeganə pənah,
Həm şəfaətçidir Rəsulüllah.
Səni təqdis edər mələklər, inan,
Hiç təlaş etmə, gəl, böyük Sən’an!

Şeyx Sən’anın əlindən tutub kənara çəkmək üzrə ikən ikinci pərdə enər. Səhnə aydınlaşır.

Şeyx Hadi
(sərsəm kibi qalqaraq)
Əcəba!? Lailahə illəllah!
Bu nə dəhşətli hal!?

Şeyx Əbuzər
Ya Allah!

Şeyx Əbülləhyə və Şeyx Cəfərlə bərabər daxil olur. Qucaqlaşıb öpüşürlər.

Şeyx Hadi
Buyurun!

Şeyx Əbuzər
Keyfiniz nasıl?

Şeyx Hadi
Eyiyim.

Şeyx Əbuzər
Parlasın ictihadınız daim,
Sizə əcr eyləsin əta qadir.

Şeyx Hadi
Gördünüzmü Əbülülayı?..

Şeyx Əbuzər
Xayır.

Şeyx Hadi
Söyləyin bir, nə var, nə yoq, Zəhra
Eyiləşmişmi?

Şeyx Əbuzər
Halı xeyli fəna,
Yaşıyor canlı bir cənazə kibi.

Şeyx Hadi
Sən böyüksün, Ilahi, yarəbbi!

Şeyx Əbuzər
Yeməz-içməz, zavallı pək düşgün...
Ağlamaz, ağlatır cihanı bütün.
Həm seçilməz o bir müqəvvadən,
Ölüdür, köçməmiş bu dünyadən,
Daima türbeyi-Rəsulə gedər,
Yalvarıb Haqqa ərzi-hacət edər.

Şeyx Hadi
Daha kafi şu qəmli qissə, aman!
Azacıq söylə Şeyx Sən’andan.
Yoqmu hiç bir xəbər, gələn, ya gedən?

Şeyx Əbuzər
Yolçu var Məkkeyi-mükərrəmədən,
Söylənən sözlər olsa həp gerçək,
Şeyx Sən’an, demək yarın gələcək.

Şeyx Hadi
Çoq şükür, çoq şükür, böyük Tanrı!

Şeyx Əbuzər
Anlatıb sən də söylə bir barı,
Pək uzun sürdü adəta bu səfər.
Qardaşım, söylə bir nə var, nə xəbər?

Şeyx Hadi
Sormayın, sormayın nə halətdir,
Bu səfər bir yığın fəlakətdir.
Ah, əvət şimdi yalnız on kişidən
Sağ qalan bir Əbülüla, bir bən...

Hər üçü
(böyük bir yə’s və heyrət içində ahəngi-məxsus ilə)
“Inna-lillahi və inna-ileyhi raciun”.

Şeyx Əbülləhyə
(dərin bir sükutdan sonra)
Nə fəlakətli hal, aman, ya Rəb!

Şeyx Cəfər
Nə imiş, kim bilir, bu halə səbəb?

Şeyx Əbuzər
Nə təəssüflü bir xəbər... Eyvah!..
(Şeyx Hadiyə)
Hər nə keçmişsə eylə həp izah!

Şeyx Hadi
Kə’bədən biz o gün ki, ayrıldıq,
Və’zü təbliğə başladıq artıq.
Gəzdik az-çoq Yəmən diyarində,
Azacıq sonra atladıq Hində.
Edərək hər tərəfdə nitq irad,
Xəlqi də’vətlə eylədik irşad.
Eyləyib ərzi-ehtiramü səlam,
Bizi alqışlıyordu həp islam,
Başqa dinlərdə bir çoq insanlar
Həp sorar, həp arardı bürhanlar.
Çünki pək güc deyildi ilzamı,
Həp qəbul etdi dini-islamı.

Şeyx Əbülləhyə
Əvət, islam yüksəlir, enməz.

Şeyx Cəfər
Nuri-həq daima yanar, sönməz.

Şeyx Hadi
O civarlarda İştə bir müddət
Göstərib himmət, eylədik də’vət
Nagəhan başlayıb vəba, taun
Sardı ətrafı, xəlqi etdi zəbun.
Çarəsiz, biz də Hindi tərk edərək,
Geri döndük təəssüf eyləyərək.
Bəhri-Ümmanda sonra bir tufan,
Bir bəla qopdu, sarsılırdı cihan.
Gecədən keçməmişdi bir o qadar,
Oldu dəhşətlə runüma məhşər.
Pək yaqındıq o dəmdə sahilə biz,
Sarsılıb durdu nagəhan gəmimiz.
Qocaman dalğalar hücum edərək,
Çıldırıb ıçqırırdı kükrəyərək.
Dəli yellər alay-alay qoşaraq,
Gəminin yelkənilə çarpışaraq,
Qıldı həp parça-parça bir anda,
Hökm edib durdu yə’s hər yanda.
Hər tərəfdən ucaldı ahü fəğan;
Ağlayan, inləyən, düşən, bağıran,
Bir yığın binəva, səfil insan
Yalvarıb Haqqa istiyordu aman.
Çırpınırkən xilas için həpimiz
Daha dəhşətlənib qudurdu dəniz.
Topa tutmaqla yıldırım hər an,
Gurlayıb yolçularda qoymadı can,
Bir tərəfdən də parlayıb şimşək,
Xəlqi titrətdi həp qılınc çəkərək.
Gök dənizdən seçilmiyor əsla;
Yer bəla, gök bəla, mühit bəla...
Çarpışır yolçularla fırtınalar,
Hər kəsin gözlərində dəhşət var.
Son nəfəs İştə, yoq ümidi-nicat,
Gəmimiz batmaq üzrədir, heyhat!

Şeyx Əbülləhyə
Bir təsadüf ki, həp fəlakət imiş.

Şeyx Cəfər
Bir umulmaz qəza ki, dəhşət imiş!..

Şeyx Hadi
(dəvam ilə)
Yolçular çarəsiz qalıb nagah,
İki-bir, üç-bir oldular həmrah.
Gəmidən fırlayıb da çırpınaraq,
İstiyorlardı həp xilas olmaq.
Suda bir xeyli qol-qanat çaldıq,
Həp yorulduq da duyğusuz qaldıq.
Böylə müztər görüncə halətimi,
Söylədim kəlmeyi-şəhadətimi,
Çarpışırkən ümidü yə’slə bən,
Gəldi bir səs bu anda sahildən,
Səs gələn səmti izləyib buldum,
Allahın yardımilə qurtuldum.
Gecə bilməm nasıl keçib getdi.
Ən nihayət günəş tülu’ etdi.
Baqdım, əfsus, qurtulan bizdən
Yalınız bir Əbülüla, bir bən...

Şeyx Əbuzər
Tanrı qərq eyləsin də rəhmətinə,
Əfv qılsın rəsulu hörmətinə.
Sizə səbri-cəmil edib ehsan,
Ömrülər eyləsin əta Sübhan.

Əbülüla
(daxil olaraq)
Şeyx Sədra yanında həp ixvan

Gəliyor...

Şeyx Hadi
Pək gözəl, fəqət Sən’an?!

Əbülüla
Onu bən görmədim, xayır...

Şeyx Hadi
(təlaş və heyrətlə)
Əcəba!
Bir həqiqətmi gördüyüm rö’ya?!
(pəncərəyi açıb göyə doğru baqaraq)
Ah, tar oldu gözlərimdə fəza,
Var imiş şeyximin başında qəza.

Mə’yus bir halda dalıb gedər. Şeyx Sədra öndə olaraq bütün şeyxlər və müridlər yorğun adımlarla daxil olurlar. Şeyx Hadi başını qaldırır. Gələnləri ağır və kəskin baqışlarla süzdükdən sonra Şeyx Sədrayə.

Söylə, Sədra, nə oldu şeyxinizə?
Əbədi bir vidamı etdi sizə?
Şeyx Sədra mütərəddid bir halda düşünür.
Düşünüb durma böylə heyrətlə,
Söylə, aç!.. Hər nə varsa aç, söylə!..

Şeyx Sədra
Şeyxi bizdən ayırdı Gürcüstan,
Şimdi artıq o, başqa bir insan...

Şeyx Hadi
Sağ ya?

Şeyx Sədra
Əlbəttə!

Şeyx Hadi
(göyə doğru)
Çoq şükür, ya Rəb!
(Şeyx Sədrayə)
Niçin ayrıldınız, nə oldu səbəb?

Şeyx Sədra sükut edər.

Söylə, gizlətmə!

Şeyx Mərvan
(Şeyx Sədrayə)
Söylə, həp söylə!

Şeyx Hadi
(Şeyx Mərvanə)
Haydı, sən söylə, sən dəvam eylə!

Şeyx Mərvan
Şeyximiz satdı dini, imanı,
Şeyximiz atdı hökmi-Qur’anı,
Hökmi-Qur’anı atdı bir qız için,
Həm şərab içdi, həm xaç asdı, bilin!
O qadından qaçan böyük Sən’an,
Domuz otlatmaq üzrə oldu çoban.

Şeyx Hadi
(mə’nalı bir ahənglə)
Böylə gördükdə, şübhəsiz, həpiniz,
Ona nifrətlə duyğu bəslədiniz!
(Istehzalı qəhqəhə ilə)
Gəldiniz?.. Həm də Şeyx Sən’ansız!..
Cümləniz bir cəsəd ki, həp cansız.
Qaliba sizcə öylə bir ustad,
Olunur şimdi lə’nü tə’nlə yad!?

Şeyx Mərvan
Onu təkfirə qalqışan vicdan
Bir qəbahətmi işliyor?

Şeyx Hadi
(qayət hiddətli)
Mərvan!
Görmədim bən sənin qadar nankor,
Bir gözün kor deyil ki, vicdan kor.
Hər kəsdə dərin bir sükut.
(ümuma)
Sizdə insaf yoq, həmiyyət yoq!
Mürşidi-binəzirə hörmət yoq.
Çünki yoq ruhunuzda ülviyyət,
Qəlbiniz həp zəbuni-süfliyyət...
Tutsa afaqı şö’leyi-hikmət,
Onu duymaz dumanlı gözlər, əvət.
Şeyx Sən’an, o şəmsi-aləmtab
Oldu kafir, xaç asdı, içdi şərab;
Hər nə yapdisə, şübhəsiz, siz də –
Siz də həp yapmalıydınız, siz də,
Siz də həp olmalıydınız tərsa,
Mə’siyətdənmi qorqdunuz yoqsa!..
Halbuki küfrü Şeyx Sən’anın.
O fəzilətli piri-irfanın
Sizin imanınızdan uladır,
Haq bilir, həm də bin qat ə’ladır.

Ümum
Xeyli yalvardıq, iştə rədd etdi.

Şeyx Mərvan
Bizi nifrətlə tərk edib getdi.

Şeyx Hadi
Həpiniz çünki kəcnəzər, xain,
Həm də zahirpərəst, bədbatin...
Sizdə olsaydı şübhəsiz vicdan,
Bilərək Şeyxi Kə’beyi-iman,
Ona hiç söyləməzdiniz azğın,
Onu zənn eyləməzdiniz sapqın.
(Şeyx Sədrayə)
Söylə, Sədra, yalanmı söylədiyim?

Şeyx Sədra
Doğru, pək doğru, möhtərəm şeyxim!
(təbdili tevr ilə)
Şübhə yoq, gərçi sizcə mənfuruz
Lakin az-çoq bu işdə mə’zuruz.

Şeyx Hadi
Məsəla?.. Şərh edib də söylə nasıl?

Şeyx Sədra
Şeyxi tərk eyləyib tamam bir yıl
Gəzib ətrafı olmadıq mə’yus,
Dini təbliğə başladıq... Əfsus!..
Bir də döndük, bulunca Sən’anı,
Gördük olmuş o bir domuz çobanı.
İki gün yalvarıb rica etdik,
Gecə-gündüz həp iltica etdik.
Yenə rədd etdi... Baqdım olmuş əsir,
Nə qadar yalvarılsa yoq tə’sir.

Şeyx Hadi
Pək gözəl, siz qalaydınız orada.

Şeyx Sədra
İştə həp arqadaşlarım burada!
Qalalım söylədim də, baqmadılar,
E’tiraz etdilər bütün... Naçar
Bən fəqət qalmaq istədim tənha,
Buldu Sən’an bu fikri pək bica.
Ən nihayət şikəstəpər, mə’yus,
Eylədik cümləmiz vida, əfsus.

Şeyx Hadi
Şeyx Sən’an, o bir böyük ümman,
Onda yoq qə’rü ibtida, payan.
Onu idrak için kəmal istər,
Əhli-zevq istər, əhli-hal istər
Ah, əvət, şimdi gördüyüm rö’ya
Nə tuhaf levhə, bilsəniz...

Şeyx Mərvan
(Şeyx Nəimə müstəhzi)
Əcəba?!

Şeyx Sədra
(Şeyx Hadiyə)
Lütf edib söyləyin, rica edərim.

Şeyx Hadi
Gördüm əl’an ki, şeyxi-dərbədərim
Yanıyor... halı pək müşəvvəşdir.
Bütün ətraf alavdır, atəşdir.
Parlar əllərdə həp qılıc, xəncər,
Titrətib şeyxi zəhrəçak eylər.
Hər kəsdə dərin bir heyrət.
Nagəhan bir gözəl, sevimli mələk
Endi göydən, təbəssüm eyləyərək.
Şeyxi qaldırdı səmti-balayə,
Ərşi-ə’layə, qürbi-mövlayə.

Ümum
Şeyximiz rəhnümayi-irfandır!..

Şeyx Əbuzər
Şübhəsiz, lütfi-həqqə şayandır.

B i r i n c i ş e y x
Ya niçin öylə şeyxi tərk etdik?

İk i n c i ş e y x
Nə xəta eylədik, nə kəc getdik!?

Şeyx Hadi
Çünki siz korsunuz... O, mənbeyi-nur...

Əbülüla
Fəqət ən son nədamət əfv olunur.

B i r i n c i ş e y x
Yenə həp şeyxə doğru qoşmalıyız.

İ k i n c i ş e y x
Şübhəsiz, şübhəsiz, buluşmalıyız.

Şeyx Sədra
(qafasını oynataraq, istehzalı və mə’nalı bir ahənglə)
Pək təbii deyilmidir, əcəba?!
Azacıq tar olursa şimdi hava,
Sevinir hər tərəfdə şəbpərələr
Aldanıb qafilanə rəqs eylər.
Zənn edərlər günəş üful etmiş,
Büsbütün nuru məhv olub getmiş...
Bir qadar sonra parlayıb təkrar,
Bütün afaqı nuri-hüsnü yaqar.
Ürkərək həpsi bunca şə’şəədən,
Şaşırır, diksinir... Nə batil zənn!..

Şeyx Hadi
Bir qəbahət bu, həm də pək müdhiş!
Başqa bir çarə yoq, keçən keçmiş...
Fəzlədir bəncə vəqti qeyb etmək,
Şimdi fürsətdən istifadə gərək.
Gedəlim türbeyi-rəsula, gəlin,
Həm ziyarət, həm ərzi-hacət için.
Edəlim ərzi-ehtiramü səlam,
Edəlim həp şəfaət istirham.
Qoşalım sonra Şeyx Sən’anə,
Qoşalım rəhnümayi-irfanə.

Ümum
Gedəlim, haydı durmayın, gedəlim;
Gedəlim, şeyxə can nisar edəlim.

Şeyx Hadi ilə Şeyx Sədra çıqar. Bütün şeyxlər və müridlər də onları izlər.

Şeyx Mərvan
(çıqdığı sırada Şeyx Nəimə)
Həpsi boş bir xəyalə aldanıyor,
Zülməti-küfrü nuri-həq sanıyor!..

Əbülüla
(ən arqada olaraq mə’nalı bir ahənglə, hər ikisinə)
Bir həqiqətdir iştə, gözsüzlər
Kor olur, nuri-həqqi görməzlər...

Pərdə