XVIII Əli və Nino XIX
Müəllif: Qurban Səid
XX
Mənbə: Əli və Nino. Qurban Səid

Sifətlərindən gərginlik və yorğunluq yağan qadınlar və uşaqlar kəndin içindən keçirdilər. Əllərində torpaq və peyinlə dolu torbalar var idi. Onlar çox qiymətli yüklərini bir dəfinə sandığı kimi əllərində bərk-bərk tutub əsəbi halda daşıyırdılar. Çünki, bu torpağı onlar çox uzaq vadilərdən gətirirdilər, əvəzində isə gümüş sikkələr və əl dəzgahlarında toxunmuş qumaşlar vermişdilər. Onlar istəyirdilər ki, baha qiymətə satın alınmış bu qiymətli torpağı çılpaq qayalardakı şoran torpaqlara səpsinlər və əhalini yaşatmaq üçün bu yoxsul sahələr taxıl versin.
Bu sahələri becərmək üçün kişilər bellərinə kəndir bağlayıb işləyirdilər. Onlar bu qayalıqlarda səliqə ilə toxum səpirdilər. Külək və torpaq sürüşmələrindən gələcək tarlaları qorumaq üçün, tarlaların yuxarı tərəfində çiy kərpicdən hasar hörürdülər. Dağıstanın kobud, çılpaq qayalıqlarının ortasındakı tarlalar bu cür yaranırdı. Bu tarlaların eni üç addım, uzunluğu isə dörd addım idi. Kişilər ala-qaranlıqdan tarlalara gedirdilər. Onlar bərəkətli torpaqlarda işləməyə başlamazdan əvvəl xeyli dua edirdilər, ancaq bundan sonra əyilib işləməyə başlayırdılar. Külək əsəndə isə qadınlar tarlalarını qorumaq üçün evlərindən ədyallar gətirib torpağın üstünə
sərərdilər. Onlar sünbülləri qabarmış əlləri ilə sığallayır, seyrək bitən sünbülləri kiçik oraqlarla biçirdilər. Sonra isə taxılı üyüdüb uzun, yastı çörəklər bişirirdilər. Bu daş-kəsəkli qayalardakı torpağın göstərdiyi möcüzəyə minnətdarlıq əlaməti olaraq ilk bişirdikləri çörəyin içinə sikkə qoyardılar.
Mən balaca bir tarlanın hasarı boyunca yeriyirdim. Yuxarıda, qayalıqların üstündə qoyunlar büdrəyə-büdrəyə yeriyirdilər. Başında ağ və enli gecə papağı olan bir kəndli iki təkərli arabası ilə qarşıma çıxdı. Onun arabasının təkərlərinin səsi körpələrin çığırtısını andırırdı. Bu səsi lap uzaqlardan da eşitmək olardı.
– Qardaş, dedim – Bakıdakı dostlarımdan birinə məktub yazacağam ki, sənin arabanın təkərlərinin oxlarını yağlamaq üçün sənə bir az yağ göndərsin.
Kəndli gülümsündü:
– Eh, qardaş, mən adi bir adamam və nə üçün özümü gizlətməyə çalışmalıyam? İki təkərli arabamın gəlişini hamı eşitsin deyə, onun təkərlərinin oxlarını yağlamıram. Bu işi yalnız abreklər edir.
– Abreklər?
– Bəli, abreklər, icmadan qovulanlar.
– Bu tərəflərdə abreklər çoxdurmu?
– Kifayət qədərdir. Onlar quldur və qatildirlər. Abreklərin bəziləri bunu xalqın xeyri üçün bəziləri isə öz mənfəətləri üçün edirlər, amma hər şeydən əvvəl abreklərin çox müdhiş bir and içmələri şərtdir.
– O necə anddır?
Kəndli arabasını dayandırıb yerə düşdü. O, tarlasının hasarına söykəndi, xurcunundan bir parça duzlu qoyun pendiri çıxarıb uzun barmaqları ilə onu parçaladı, yarısını da mənə verdi. Motal pendirin içində qara qoyun tükləri var idi. Kəndlinin verdiyi pendiri mən də yedim.
– Deməli, abreklərin andından xəbərin yoxdur? Abreklər gecə yarısı gizlincə məscidə gəlib belə and içirlər: “hörmət etdiyim bu müqəddəs yerdə and içirəm ki, bu gündən etibarən mən sürgün olunmuş kimi yaşayacağam. İnsan qanı tökəcəyəm və heç kimə rəhm etməyəcəyəm. Mən hamıya qənim olacağam. And içirəm ki, insanların sevdikləri, vicdanlarına və namuslarına məqbul nə varsa, hamısını oğurlayacağam. Südəmər körpələri xəncərlə doğrayacağam. Ən fağır dilənçinin belə daxmasına od vurub yandıracağam. İnsanların üzü güldüyü hər yerə kədər gətirəcəyəm. Əgər bu andımı yerinə yetirməsəm, qoy mənə əcdadlarımın məzarını bir daha görmək nəsib olmasın, su susuzluğumu, çörək aclığımı yatırmasın, cəsədim tozlu yolların üstündə sərilib qalsın və küçə itləri gəlib cəsədimi murdarlasınlar”.
Kəndlinin səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları dərin idi.
– Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir.
– Bəs bu andı içənlər kimlərdir?
– Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu.
Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar şüaları təpəmizi deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir abrekəm. Yoxsa mən də Dağıstan quldurları kimi gecə yarısı məscidə gedib and içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi kəlmələr hələ də qulaqlarımda cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm. Atlardan birinin yüyəni gümüşdən idi. Komanın damında isə kəmərində qızıl xəncəri olan on altı yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə bir məktəbdə oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan ağanın səhhəti yaxşı olmadığı üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən çox balaca olduğu üçün onu yaxşı tanımırdım. Lakin burada, dağın başındakı kənddə onu hərarətlə bir qardaş kimi qucaqladım. O, qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin yanından keçirdim və qərara gəldim ki, sənə bir baş çəkim”.
Əlimi dostcasına onun çiyninə qoydum.
– Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.
Sonra üzümü daxmaya tərəf tutub səsləndim:
– Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.
Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib şənlənirdi.
– Səni görməyimə çox şadam, Əli xan. sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb, özünü qan düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin öldüyün yeri heç kimə deməyəcəyəm.
Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı bilirdi.
– Məni necə tapdın?
– Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın kənd elə mənim yolumun üstündədir. Seyid Mustafa sənə salam göndərdi.
– Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?
– Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.
– Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.
– Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?
– Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib kəsmə yolla Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.
– Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi uzaqlığındadır.
Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:
– Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç olmasa sizə baş çəkə bildim.
Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan sonra məni gördüyünü evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.
Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən sonra sadəlövhlüklə məndən soruşdu:
– Əli xan, deyin görüm o gündən bu günə qədər başqa bir adamı öldürmüsənmi, yalvarıram, mənə düzünü deyin. And içirəm, heç kimə demərəm.
– Bəli, öldürmüşəm, özü də bir çox adamı.
– Sən allah düzünü deyirsən?
O keyflənmişdi və hələ də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan şərabla doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” – deyə soruşdu, şəhərdə camaat bu barədə deyir ki, sən onu hələ də sevirsən.
O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız özümüzü elə itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.
– Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa?
– Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.
Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir tələbə olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə öyrəndin?
– Əziz qardaşım Arslan, gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə mənimdir De görüm Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast gəlmisənmi? Kipianilər neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın ağzındakı loxma az qaldı ki, boğazında qalsın.
– Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda çıxıram.
– Nəyə görə dostum? Xəstə deyildin ki?
– Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə dərman qəbul edirdim.
– Difteriyaya qarşı?
– Bəli.
– İçməyini davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.
İçdi. Sonra ona tərəf əyilib soruşdum:
– Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?
O, məsum gözləri ilə mənə baxdı və səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə olduğunu bildiyim zamandan”.
Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru cavab verəcəyi vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq maraq məqsədi ilə gəlmiş olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən bütün dedi-qoduları dərinliyinə qədər bildiyini etiraf etdi. Sonra o, özünə məxsus bir formada çərənçilik edərək: “Naçararyanlar səni öldürmək istəyirlər” dedi. “Lakin onlar əlverişli bir fürsəti gözləyirlər. Bir-iki dəfə Kipianiləri ziyarət etməyə getdim. Uzun zaman idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri qayıdıb. Ninonu şəhər klubunda keçirilən balda gördüm. Bilirsən...”
– O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.
– O, ancaq rus zabitləri ilə rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, amma o getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas bəyə orden verilib, Məmməd Heydər də cəbhədə yaralanıb. Naçararyanların villası yanıb kül oldu. Deyirlər ki, villanı sənin dostların yandırıblar.
– Daha başqa nə xəbər var?
– Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad qoyduğunu heç kim bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan deyə çağırdıqlarını söyləyirlər. Ancaq mənə elə gəlir ki, Nino itini Seyid Mustafa deyə çağırır. Sənin atanı da görmüşəm. O mənə dedi ki, əgər yenə də dedi-qoduyla məşğul olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə birdəfəlik köçüb orada yerləşdilər.
Arslan ağa, çox yalançı bir məlumatdır.
– Bəs sən nə olacaqsan, Arslan ağa?
– O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”.
– Nə olacaqsan?
– Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.
– Sonra nə istəyirsən?
– Ölmək istəyirəm.
– Nə üçün?
– Kralı olacağım ölkəni fəth edərkən ölmək istəyirəm!
Mən qəhqəhə çəkib güldüm. Deyəsən o, bundan incidi.
– Yaramazlar məni üç günlüyə karantinə qoydular.
– Harada, məktəbdə?
– Hə, özü də bilirsən niyə? Çünki yenə qəzet üçün məqalə yazmışdım. Məqaləmdə orta məktəb şagirdləri ilə qəddar rəftar edildiyi barədə yazmışdım. Vallah, elə qiyamət qopmuşdu ki!
– Ay Arslan ağa, adam hər qəzetə məqalə yazmaz
– Yazar, görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq sənin adını yazmayacağam. Çünki ad çəkməkdən xoşum gəlmir. Axı, həm də ki, sənin dostunam. Belə bir şey yazacağam: “Qan davasından qaçış... ölkəmizin pis bir adəti”.
O, şüşədə qalan şərabı axıra qədər içdi, sonra kilimin üstünə uzanıb yuxuya getdi. Onun nökəri içəri girdi və narazılıqda üzümə baxdı. Elə bil baxışı ilə deyirdi: “Ayıb olsun sizə, Əli xan, bu zavallı uşağı bu qədər içirdərlərmi?”
Qalxıb gecənin qaranlığında bayıra çıxdım. Sən bu yaramaz cavana, Arslan ağaya bax! Hər halda, şübhəsiz ki, dediklərinin yarısı uydurmaydı. Nəyə görə Nino itini hər gün döyməliydi? Allah bilir ki, o itinə nə ad qoymuşdu!
Kənd yolu ilə aşağı enib tarlaların qırağında oturdum. Qayalar ayın qaranlığında yuxarıdan mənə acıqlı-acıqlı baxırdılar. Görəsən onlar keçmişi mi, yoxsa insanların
xəyallarından keçənləri mi xatırlayırdılar. Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarını xatırladırdı.
Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə əksini tapırdı. Beləcə bir saat, bəlkə də daha çox oturduğum yerdə səmanı seyr etdim. “Deməli Nino rus zabitləri ilə rəqs edir” deyə düşündüm. Birdən birə o xəyalətlərlə dolu gecəni axıra çatdırmaq üçün Bakıya qayıtmaq istədim. Bir kərtənkələ xışıltı ilə yanımdan keçəndə onu tutdum. Onun qəflət qorxusuna bürünmüş ürəyi ovucumun içində çırpınırdı. Mən onun soyuq bədənini sığalladım. Onun balaca gözləri qorxudan mənə baxırdı. Onu yuxarı qaldırıb diqqətlə baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, üstü qurumuş bir dəriylə örtülmüş canlı bir daşı xatırladırdı.
Kərtənkələyə “Nino” deyə müraciət etdim və Ninonun itini yadıma saldım. “Nino səni döyüm?” Amma... adam kərtənkələni necə döyə bilər?
Birdən kərtənkələ ağzını açdı. Ağzından iti dili bayıra çıxdı və dərhal geri çəkildi. Mən qəhqəhə çəkib güldüm. Onun dili kiçik və çevik idi. Ovcumu açdım və kərtənkələ qaranlıqda, daşların arasında yox oldu.
Ayağa qalxıb komaya qayıtdım. Arslan ağa hələ də yerdə sərilib yatırdı. Onun başı sədaqətli nökərinin dizləri üstündə idi.
Dama çıxdım namaz vaxtına qədər bir papiros çəkdim.