XIX Əli və Nino XX
Müəllif: Qurban Səid
XXI
Mənbə: Əli və Nino. Qurban Səid

Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.
– Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.
Sonra isə döşəyimin qırağında oturdu.
– Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.
Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.
Nino başı ilə sözlərimi təsdiqlədi:
– Elə isə nəşə çəkməyi gərək buraxasan.
– Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən?
İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu döyürəm.
– Bəs itinə nə ad qoymusan?
Nino mülayim bir səslə:
– Onu Kilimancaro deyə çağırıram.
Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan, Qarabağ atı, ay işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.
“Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”?
Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya gəldim.
Onun gözləri yaşla dolu idi.
– Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.
Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı. Dodaqlarının hərarəti məni məst eylədi.
Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq və ətirli idi. Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə bərk sıxdım ki, ağrıdan zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu kəlmənin sehri ilə real nə vardısa, qeybə çıxdı. Bu reallıqdan yalnız iki yaşarmış iri gürcü gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və xoşbəxtliyi birdən-birə yaxşı yandıran ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, Fəryad da qoparmadı. Nino birdən-birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi. Onun zərif bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.
Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.
Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino dilləndi:
– İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.
– Buraya təkmi gəlmisən, Nino?
– Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni Əli xanın yanına aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa bayırda oturub, əlində də tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.
Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.
– Elə bunun üçün buraya gəlmisən?
– Yox, – deyə Nino düzünü dedi.
– Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?
– Nəyi söyləyim? – deyə Nino dilləndi.
– O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?
– Qürurumdan.
– Bəs indi nə üçün buradasan?
O da qürurumdan...
Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.
– Bəs Naçararyan məsələsini necə izah edəcəksən? – dedim.
Nino yavaşca dedi:
– Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə inanırdım. Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün danışmayıb susurdum... Elə bu səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq öyrəndinmi?
Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu halda O, açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:
– İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.
Mən Moskvaya gedirəm.
Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid Mustafa silahı əlində qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl qurşağı da belində idi.
– Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.
Seyid cavab verdi:
– Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm. Mənim buna səlahiyyətim çatır.
Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü. O güldü:
– Bir fikirləş nə edirsən, Əli xan. sən pozğun bir qızla evlənirsən.
Mən onun yanına uzandım.
– Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.
– Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.
– Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.
– Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu kasıb komada, evsiz, nökərsiz?
– Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada qalmağın vacibdir. Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.
– Bəs burada darıxmayacaqsan?
– Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.
Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə əmmamə olan Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə oturdu, qurşağından bir qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda” sözləri yazılmışdı. O, bir kağız götürüb sol ovucunda tutdu. Sonra qamış qələmi mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağa başladı: “Bismillahül – rəhmanür-rəhim”. Sonra mənə üzünü tutub soruşdu:
– Ağa, adınız nədir?
– Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.
– Dininiz?
– Müsəlmanam əlhəmdülillah.
– İstəyiniz nədir?
– İstəyim bu qadınla evlənməkdir.
– Xanım, sizin adınız nədir?
– Prinses Nino Kipiani.
– Dininiz?
– Rum Ortodoks kilsəsinə mənsubam.
– Sizin istəyiniz nədir?
– Bu adamın arvadı olmaq istəyirəm.
– Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?
Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:
– Mən öz dinimi saxlamaq niyyətindəyəm.
Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-yavaş çox gözəl ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.
– İndi siz imzalayın – deyə Seyid dilləndi.
İmzamı kağızın altına atdım.
İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.
– Təzə famili.
Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.
Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş möhürünü çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu: “Küll-İxtiyarın qulu Hafiz Seyid Mustafa Məşhədi”.
Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən yaxşı adam deyiləm”. Lakin Arslan ağa dedi ki, sən Ninosuz bu dağlarda əldən gedərsən və əyyaş olarsan. Bu da günahdır. Nino yalvardı ki. onu da buraya gətirim. Əgər Ninonun dedikləri həqiqətdirsə, onu sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.
– Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.
Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə güldü.
Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz bundan ibarət oldu.
Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə kənd camaatı mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim. Çünki xoşbəxt idim. Özümü misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün ömrümü balaca ayaqları olan, parlaq qırmızı rəngli Dağıstan şalvarı geymiş Nino ilə birlikdə burada keçirdim.
Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli olaraq başqa cür yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir qadın olduğunu kimsə hiss etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino da xidmətçi tutmaqdan qətiyyətlə imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı qadınlarla laqqırtı vurur və kəndin bütün dedi-qodularını da bir-bir mənə danışardı. Mən isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və Ninonun bişirdiyi bütün qəribə yeməkləri yeyirdim.
Bizim gündəlik həyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində boş bir böyük səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi
doldurduqdan sonra o yalın ayaqlarını kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı. Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən çıxıb yuvarlana-yuvarlana aşağı düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları tökürdü. Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün hər gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan yuxarı dırmanırdılar. Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda o mənə baxmazdı, mən də baxışlarımı onun yanından başqa tərəflərə çevirirdim. O dağlıların qanununu yaxşı qavramışdı. Qanun isə bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz məhəbbətini biruzə verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və mənə bir parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd camaatı kimi yeməyi əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi. Yeməyimizi yeyib qurtardıqdan sonra Nino barmaqlarını yalayaraq ağappaq dişlərini göstərərdi. Sonra deyərdi:
Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək olduğumuza görə və mən də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı yumalısan.
Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq kimi ayaqlarını oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada otururduq. Nino bəzən pəsdən mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini mənə çevirib susardı. Mən isə Madonnanın sifətinə baxmaqdan heç yorulmurdum. Hər gecə balaca bir heyvan kimi büzüşüb yatardı.
Bir dəfə Nino məndən soruşdu:
– Əli xan, xoşbəxtsənmi?
– Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi?
– Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının bacardığını mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.
Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə baxaraq önəmli məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər sarımsaq tökmək lazım idi, ya yox? görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir məhəbbət əlaqəsi vardı, yoxsa, yox? kənddə yaşayan zaman birdən diş ağrısı tutsa, kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini süpürgə ilə amansızcasına döyürdü?
Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə yatardı. Mən onun incə çiyinlərini yorğanla örtərdim.
“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı yerlərdə yaşamağa layiq adamsan”.
Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, qrammofon və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri kəlləsinə çıxdı. Amma çox təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. Onlardan biri dağlı rəqsi, ikincisi isə “Aida” operasından bir ariya idi. Biz bu valların ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları dalbadal qoyub qulaq asırdıq.
Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni ölkəyə gedib orada yaşayaq, yoxsa bizə lənət oxuyacaqlar. Ninonun atası bircə dəfə yanımıza gəldi. Qızının komada yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.
– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.
Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan heç yana gedə bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.
– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada sizə ilişə bilməz.
– Bəs İspaniyaya necə gedə bilərik, Ata?
– İsvec yolu ilə.
Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.
Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino da kitabları saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.
Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.
– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.
– Bəli, mən bişirirəm.
– Suyu da sən daşıyırsan?
– Bəli, mən daşıyıram.
– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?
Nino dərhal gedib su və ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” deyib cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna taxdı. Sonra Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və qərarını bildirdi: “Əli xan, sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə Bakıdan bir aşpaz göndərəcəyəm”.
Nino qışqırıb dedi:
– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.
Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.
Kəndimizdə həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Molla böyük bir xəbərlə yanımıza gəlib dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, bu naməlum şəxs erməni imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi olan mən, kəndin qonağı idim. Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və heysiyyətinə vurulmuş silinməz bir ləkə ola
bilərdi. Bayıra çıxdım ki, gedim o adamı görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun Naçararyan nəslindən olub-olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb məsləhətləşirlər və belə qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar. Əgər o Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən deyilsə, onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahnı bağışlayacaq.
Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. Dağlarımız Şamil dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib çatmırdı. Dostlarımız vaxtaşırı bizə qəzet göndərirdilər, lakin mən gələn qəzetləri oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:
– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.
Mən gülə-gülə cavab verdim:
– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə gələcək arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl bir həyat ola bilməzdi. Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.
Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə məktub gətirdi. Məktub nə atamdan, nə də Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” sözləri yazılmışdı. Nino təəccüblə soruşdu:
– O bizdən nə istəyə bilər?
Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul verdi ki, bu xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” deyə düşünüb məktubu açdım: Sonra məktubu oxumağa başladım:
“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız və birlikdə yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, şərablarım və ətrafımdakılar da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə böyük hadisə baş verib. Məhbuslar həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki, bəs polislər haradadırlar? Amma bil ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz qırağındakı zindandadırlar. Bəs əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim ağıllı qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən qaçmışdır. Ondan ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə gülürsən, fikirləşirsən ki, yalan danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, indi özün-özünə sual verib deyəcəksən ki, bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar mövcud deyil. Ümumiyyətlə indi heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər, lakin dünən məktəbin baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam, Əli xan. Ona görə də bütün bunları sənə ilk dəfə
xəbər verən mən olmaq istəyirəm. Bütün Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə də daha polis mövcud deyil. Sağ-salamat qalın, Əli xan. Sənin dostun və qulun Arslan ağa”.
Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi:
– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə!
Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” deyə hıçqıra-hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə döyəcləməyə başladı.
– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.
Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və cazibədarlığı ilə uzaqda parıldayırdı.
Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra üzümü möminləri ibadətə çağıran kiçik minarəyə çevirdim.
O gün aul həyatının son günü idi.