Əli və Nino/XXIX
←XXVIII | Əli və Nino XXIX Müəllif: Qurban Səid |
XXX→ |
Mənbə: Əli və Nino. Qurban Səid |
Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın yanına avropalı həkimlər çağırmazdıq.
Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Anayın doğum sancıları çox qorxunc bir hal aldığı zaman biz ona Firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz sənin göbək bağını evin gündoğanına baxan divarından qılıncla Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman kimi boynunda gəzdirdin və xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman boynundakı göbək bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan bir müdrik adam gəldi və özü ilə bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O gündən etibarən sən bir daha xəstələnmədin.
Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum və bütün vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir səslə. Atam sakit tərzdə dedi:
- Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır. Qədim zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi.
- Bu sancı nə qədər sürə bilər, ata?
Beş, altı, bəlkə də on saat.
Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı yadına saldı. Atam birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam dedi:
- Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin gücündən daha üstündür.
Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim (Mərhəmətli və Rəhimli Allahın adı ilə).
Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə edərək alnımı yerə vurdum:
- Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin Rəbbi, ən mərhəmətli, ən rəhimli Allaha həmd olsun).
Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun qışqırığı get-gedə artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz surələrini mexaniki bir şəkildə təkrar edirdi:
- İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət diləyirik...)
Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını eşidirdim:
İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət göstərdiklərinin yolu ilə apar).
Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum.
Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı:
Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla aparmadıqların...)
Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə təkrar etdik. Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, kiminsə gülər üzünü gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa qalxdım. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm.
Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. Ninonun gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi:
- Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki!
Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa tərəfimdən dedi ki, Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir qundaq uzatdı. Onu alıb
baxdığım zaman kiçicik barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir canlı “oyuncaq” gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı.
- Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək barmaqlarını açdı. Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq” artıq yatmışdı və onun bürüşmüş sifəti çox ciddi idi.
Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla başımı tərpətdim, çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də müsəlmanlarda təsadüf edilir.
Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz atamla həyətə çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir azdan yatmasına icazə verəcəklər.
Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin arasından keçərək bir-birimizi ötdük. Atam mənə nə isə deyirdi, lakin onun dediklərini başa düşə bilmirdim. Sonra başa düşdüm ki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın atası olduğum üçün son dərəcə məğrur idim.
„ünlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə basaraq daşıyır, gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar edirdi, çünki mən uşağı bələməyə qadir olmayan bir kişi idim. Mən bütün günü nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:
- Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”, Əli xan.
Masamın üstündəki son məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini həll edirdilər. Yalnız bir nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib dövlətlərə ümidsiz müqavimət göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq Avropa dövlətləri tərəfindən müstəqil bir dövlət kimi tanındı. İngilis alaylarının artıq suveren bir respublika olan ölkəmizin torpaqlarından təmamən çıxıb getmələrinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy etməli oldum.
- Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq vətənimizin torpaqları üzərində yabançı qüvvələr olmayacaq.
Bura bax, İlyas bəy – deyərəê onu xəritənin yanına çağıraraq dedim:
- Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin indi onların hər ikisi də zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış yüz altmış milyon rus hər gün bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər buradadırlar, heç bir rus sərhədlərimizi keçməyə cürət edə
bilməz. Əgər ingilislər çıxıb getsələr, vətənimizi müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və bir neçə alay.
İlyas bəy qayğısızlıqla başını yırğaladı:
- Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır.
O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi:
- Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət qarışıb. Hərbi nazir general Mehmandarov artıq hərəkət əmrini verib.
Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna kəsb etdiyinə onu inandırmaq əbəs idi.
Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı bəzədilmişdi. Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-azərbaycan sərhədindəki stansiyamız Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm də qırmızı məmurlarla müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu limana apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən soruşmadı.
- İranda nə edəcəksən, ata?
- Ola bilsin evlənəcəyəm...
O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi:
- Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim Mazandaranda bir neçə malikanəm var.
O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına, nəhəng Qız qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı.
Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi. Sifətlərində cansıxıcı ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız müqavilələri, maddələri və müəyyən qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər.
Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. Ninonun valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər.
Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı.
Bir gün nazirə üzümü tutub dedim:
- Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş vəziyyətdədir.
O, qaşlarını çataraq bilirəm – dedi:
– Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey isə Allahın əlindədir.
Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament binasının qapısında keşik çəkirdi.
Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar məhəllələrində yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft ixracına icazə verməsələr tətilə başlayacaqlar.
Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində oynayırdılar. Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza gedin! Namaza gedin! İbadət yatmaqdan xeyirlidir!
Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan Yalamanın qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi.
- Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən də ki, ağacları, kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana, valideynlərinin yanına getmək istəməzdinmi?
- Yox, - deyə Nino ciddi cavab verdi.
Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü.
- Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən bağ-baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız” da kölgədə yatıb yuxulaya bilər.
Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz Azərbaycanın yeni dövlət gerbi ilə bəzənmişdi.
Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə və məscidlər yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-birindən suyu çəkilmiş bir çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əúdadım İbrahim xanın rus gülləsi ilə vurulub, can vermiş olduğu daşı göstərdim.
Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız onların başı görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək gözləri boyda idi. Kəndlilər başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının sağ və sol tərəflərindəki uzun saçları qabağa daranmışdı.
Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və toyuqları görəndə gülümsədi.
Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, müqavilələri və sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım.
Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun günəşdən qaralmış sifəti Gəncə səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı var idi. Ona şərqli zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi.
- Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-təpə gəzdirərsən. Sonra “oyuncağın” gələúəyi üçün ən incəliklərinə qədər planlar cızmağa başladı. Planda tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa nümunəsi...
Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min rus əsgəri dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək yeyərdik. Nino, camışların uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. Başlarında balaca yumru papaqları olan kəndlilər bizə gəlir, xanlarına baş əyir və səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet oxumurduq, məktub da almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az qala Dağıstan qədər gözəl idi.
İsti yay günlərinin birində biz otağımızda oturmuşduq, birdən birə uzaqdan dördnalla gələn bir atın nallarının səsini eşitdik. O dəqiqə eyvana çıxdım. Qara çərkəz libası geymiş arıq bir adam atdan yerə hoppandı. “İlyas bəy” deyə çığırdım və onu qarşılamaq üçün əlimi uzatdım. O, salamımı almadı. O, neft lampasının işığında dayanmışdı, sifəti ağarmış, yanaqları da çuxura düşmüşdü.
O təlaş içində “Ruslar Bakıya girdilər” dedi. Mən başımı tərpətdim, elə bil bu əhvalat mənə çoxdan bəlli idi. Nino arxamda dayanmışdı. O, yavaşca soruşdu:
- İlyas bəy, de görək, bu necə oldu?
Gecə Yalamadan rus əsgərləri ilə dolu qatarlar gəldilər. Onlar şəhəri mühasirəyə aldılar və parlament təslim oldu. Qaça bilməyən bütün nazirlər həbs olundular və məclis də dağıdıldı. Rus fəhlələri öz həmvətənlərinin tərəfinə keçdilər. Bakıda bir nəfər də olsun əsgərimiz yox idi. Ordumuz isə Ermənistan ilə sərhədə itirdikləri mövqelərdə durmuşdular. Mən könüllü partizan dəstəsi yaratmaq istəyirəm.
Mən geri döndüm. Nino otaqda idi. Xidmətçilər də atları arabaya qoşurdular. Nino bir yandan əşyaları yığır, bir yandan da öz ana dilində “oyuncaqla” nə isə danışırdı. Sonra arabaya minib tarlaların içindən keçdik. İlyas bəy yanımızca atla gedirdi. Uzaqda Gəncənin işıqları görünürdü və bir anlığa keçmişlə indiki zamanın biri-birinə qaynaşdığını hiss edən kimi oldum. Mərdəkan yolundakı qarpız bostanlarında belində xəncər, üzü solğun və ciddi İlyas bəy, sakit qürurla dayanmış Nino gəlib gözlərimin qabağında canlandı.
Gəncəyə gecə yarısı çatdıq. Küçələr narahat, həyəúanlı adamlarla dolu idi. Erməni məhəlləsini müsəlman məhəlləsindən ayıran körpüdə atəş açmağa hazır olan əsgərlər dayanmışdılar. Məşəllərdən hökumət binasının üzərindəki yeni Azərbaycan bayrağına işıq saçırdı.