Əli və Nino/XXX
←XXIX | Əli və Nino XXX Müəllif: Qurban Səid |
Mənbə: Əli və Nino. Qurban Səid |
Gəncənin böyük məscidinin divarı yanında oturmuşdum. Məscidin həyətində yorğun halda uzanmış əsgərlərə göz gəzdirdim. Çay tərəfdən gələn pulemyotların səsləri məscidin həyətində də eşidilirdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin bir neçə günlük ömrü qalmışdı.
Sonra həyətin bir küncündə oturub, keçmişin əbədiləşdirməli anlarını bir daha tez-tələsik təlaşlı sətirlərlə dəftərimə qeyd edirdim.
Səkkiz gün bundan qabaq Gəncədə kiçik oteldə qaldığımız zaman mən İlyas bəyə müraciət edib dedim:
- İlyas bəy, mən burada qalıram.
- Sən dəlisən, ağlını itirmisən, – deyə İlyas bəy cavab verdi.
Gecə saat üç idi. Nino yan otaqda yatırdı.
“Sən dəlisən, ağlını itirmisən” deyə İlyas bəy dediyi sözləri təkrar etdi və otaqda gəçişməyə başladı.
Mən masanın baş tərəfində oturmuşdum və İlyas bəyin düşüncələrinə əhəmiyyət vermirdim.
“Mən burada qalıram” təkrarən dedim. Könüllü partizan dəstələri gələúəêlər. Biz döyüşəcəyik. Mən, öz vətənimdən heç yana qaçmayacağam.
Mən elə bil yuxuda danışırdım. İlyas bəy qabağımda dayanıb, kədərlə tərs-tərs üzümə baxdı:
- Əli xan, mən səninlə bir yerdə məktəbə getmişik və böyük tənəffüslərdə rus uşaqları ilə dalaşmışıq. Sən Naçararyanın maşınının arxasınca düşdüyün zaman, mən sənin ardınca çapırdım. O gecə Ninonu atımın yəhərinə oturdub evinə mən aparmışdım. Sisianaşvili darvazasının yanında başı pozuq rus əsgərlərinə qarşı bir yerdə vuruşmuşuq. Amma indi sən buradan çıxıb getməlisən. Ninonun və özünün yaxşılığı üçün və bəlkə də bir daha sənə ehtiyacı olacaq vətənin naminə buradan getməlisən.
- İlyas bəy, sən burada qalırsansa, mən də qalıram.
- Mən burada ona görə qalıram ki, dünyada heç kimim yoxdur, təkəm. Mən burada qalıram ona görə ki, mən zabitəm, əsgərləri döyüşə aparmağı bacarıram və iki vuruş keçirmişəm. Bu iki vuruşda böyük təcrübə toplamışam. Odur ki, inadlıq eləmə Əli xan, İrana get.
İrana da, Avropaya da gedə bilmərəm.
Mən pəncərəyə yaxınlaşdım. Bayırda məşəllər yanır və hər tərəfdən silah şaqqıldamaları eşidilirdi.
- Əli xan, cümhuriyyətimizin heç səkkiz günlük də ömrü qalmayıb.
Mən laqeydliklə başımı tərpətdim. Küçədən əlləri silahlı adamlar keçirdilər. Yan otaqda ayaq səsi eşidib üzümü o tərəfə çevirdim. Nino gözləri yuxulu-yuxulu qapıda durmuşdu.
- Nino, - dedim, – Tiflisə axırıncı qatar iki saatdan sonra gedir.
- Bəli, biz gedirik, Əli xan.
- Yox, sən uşaqla gedirsən. Mən isə sonra gələúəyəm. Mənim hələ ki, burada qalmağım gərəêdir. Amma sənin getməyin vacibdir. İndi Bakıda vəziyyət keçən dəfə olduğu kimi deyil. Vəziyyət tamamilə başqa cürdür. Ona görə də sən burada qala bilməzsən. Nino, indi sənin körpən var.
Küçələrdə məşəllər yanırdı. İlyas bəy də başını aşağı salıb otağın küncündə dayanmışdı.
Birdən Ninonun gözlərindən yuxu silindi. O, yavaş-yavaş pəncərəyə tərəf gedib, bayıra baxdı. Sonra İlyas bəyə tərəf baxdı və otağın ortasına gəlib, başını aşağı əydi.
- Bəs oyuncaq? - dedi. Bizim körpəmiz var, bizimlə getmək istəmirsən?
„edə bilmirəm, Nino.
- Sənin ulu baban Gəncə körpüsündə şəhid olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.
Nino qəflətən can verən yaralı bir heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri qupquru idi, lakin bədəni tir-tir titrəyirdi. O, fəryad edərkən, İlyas bəy otaqda dayanmayıb eşiyə atıldı.
- Nino, mən bir neçə gündən sonra sizin dalınızca gələúəyimə söz verirəm. Nino hələ də fəryad içində idi. Küçələrdə camaat can verən cümhuriyyətin coşqun himnini oxuyurdular.
Nino birdən susdu və gözlərini mənə zillədi. Sonra ayağa durdu. Mən çamadanı götürdüm. Qundaqdakı “oyuncaq” qucağımda idi. Biz evin pilləkənlərindən səssiz-səmirsiz aşağı endik. İlyas bəy maşında bizi gözləyirdi. Biz, adamlarla dolu olan küçələrdən keçərək dəmir yol stansiyasına getdik.
- Üç, dörd gün döz, - deyə İlyas bəy Ninonun sakitləşdirirdi. Yalnız üç-dörd gün. Ondan sonra Əli xan yenə də yanınızda olacaq.
Nino sakitcə “bilirəm” – dedi. Biz əvvəl Tiflisdə qalacayıq, sonra da Parisə gedəcəyik. Bizim bağçalı bir evimiz olacaq, ikinci uşağımız da oğlan olacaq.
- Bəli, Nino, bax elə bu belə də olacaq...
Mənim səsim aydın və inamlı idi. Nino əlimi sıxdı, sonra baxışlarını uzaqlara çevirdi.
Dəmir yol relsləri uzun ilanlara bənzəyirdi. Qatar qaranlıqların içindən əædaha kimi çıxaraq perona yaxınlaşdı.
Nino məni tələsik öpdü.
- Salamat qal, Əli xan. Üç gündən sonra görüşərik.
- Əlbəttə, Nino orada görüşərik, sonra oradan da Parisə gedəcəyik.
Nino gülümsədi. Mən peronda dayanmışdım. Elə bil qapqara asfalta mıxlanmış kimi yerimdən tərpənə bilmirdim. İlyas bəy onları vaqona apardı. Nino kupenin pəncərəsindən bayıra baxırdı. Nino hürkmüş balaca bir quş kimi sakit idi. Qatar yavaş-yavaş hərəkət etdiyi zaman Nino əl elədi. İlyas bəy də qatardan yerə hoppandı.
- Biz şəhərə qayıtdıq. Mən bir neçə gün ömrü qalan respublikamız barədə fikirləşirdim.
Səhər açılırdı. Ətraf kəndlərdən kənd sakinləri gizli saxladıqları pulemyotları və başqa hərbi sursatları özləri ilə gətirirdilər. Şəhər silah anbarına bənzəyirdi. Çayın o biri tərəfində yerləşən erməni məhəlləsindən ara-bir güllə səsi eşidilirdi. Çayın o tayı artıq Rusiya torpağı idi. Qırmızı süvari dəstələri sel kimi ölkəni bürümüşdülər.
Şəhərdə birdən-birə qalın qaşlı, qartal burunlu və gözləri çuxura düşmüş bir adam peyda oldu. Bu şahzadə Mansur Mirzə Qacar idi. Bu adamın kim olduğunu və haradan gəldiyini heç kim bilmirdi. O, İran taxtını əlində tutan Qacarlar sülaləsindən idi və onun papağının qabağında bir gümüş Aslan gerbi parıldayırdı. Özünü böyük Ağa Məhəmmədin varisi hesab edən bu adam rəhbərliyi əlinə aldı. Rus alayları Gəncəyə doğru axmağa başlamışdı. Şəhər Bakıdan gələn qaçqınlarla dolu idi. Onlar nazirlərin güllələnməsindən, parlament deputatlarının həbsə alınmasından və adamların bellərinə daş bağlanıb Xəzər dənizinin ən dərin yerlərinə atılmasından danışırdılar.
Təzə Pir məscidini indi kluba çeviriblər. Qala divarları yanında namaz qılmaq istəyən Seyid Mustafanı rus əsgərləri döydülər. Sonra onun qollarını bağlayıb ağzına donuz əti dürtüblər. Bundan sonra Seyid Mustafa İrana, Məşhəddəki əmisinin yanına qaçmağa müvəffəq oldu. Onun atasını ruslar öldürmüşdülər.
Bu xəbəri gətirən Arslan Ağa mənim qabağımda dayanıb payladığım silahlara baxırdı.
- Əli xan, mən də sizinlə birlikdə vuruşmaq istəyirəm.
- Sən? Ay mürəkkəbə bulaşmış donuz çoşqası, sən də vuruşmaq istəyirsən?
- Mən donuz balası deyiləm, Əli xan. Mən də hamı kimi öz vətənimi sevirəm. Atam Tiflisə qaçdı. Mənə də bir silah ver.
Onun sifəti ciddi idi, gözlərini döyə-döyə üzümə baxırdı. Ona bir neçə silah verdim. O, mənim komandanlığım altında körpünün başında vuruşan dəstəyə qoşuldu. Rus əsgərləri körpünün o tayındakı küçələri tuturdular. Biz günəşin qızmar istisində əlbəyaxa döyüşünə girişdik. Qarşımda enli sifətləri və parıldayan üçkünc süngüləri gördüm. Birdən birə məni vəhşi bir qəzəb bürüdü.
Süngülərimizi kəmərimizin səviyyəsinə endirdik. Qanla tər bir-birinə qarışmışdı. Mauzerimin dəstəyindən tutub lüləyini yuxarı qaldıranda bir güllə çiynimi sıyırdı. Atdığım güllənin zərbəsindən bir rus əsgərinin kəlləsi partladı. Onun beyninin parçaları küçənin tozuna töküldü. Xəncərimi sıyırıb bir əsgərin üstünə cumarkən, Arslan Ağanın bir rus əsgərinin gözünə xəncər soxduğunu gördüm.
Uzaqlardan şeypurçuların səsləri gəlirdi. Biz bir küçənin tinində yerə uzanıb, erməni evlərini selləmə atəşə tuturduq. Gecələr sürünə-sürünə körpünün üstündən şəhərə qayıdırdıq. Üstünə patrondaş taxmış İlyas bəy körpüdə oturub pulemyotun yerini müəyyən edirdi.
Biz məscidin həyətinə getdik. İlyas bəy ulduzların işığında uşaq ikən dənizə çimməyə getməsindən, orada üzərkən burulğana düşüb az qala batmağından və son dəqiqələrdə necə xilas olduğundan mənə danışdı. Onun danışdıqlarından sonra şorba içdik, sonra da şaftalı yedik. Arslan Ağa da yanımızda oturmuşdu. Onun tökülmüş dişlərinin yerindən qan sızırdı. Gecə bir müddət tir-tir əsərəê yanıma soxuldu.
- Qorxuram, Əli xan. Mən çox qorxağam.
- Elə isə silahı yerə qoy, otlaqlardan keçib Pula çayına çatarsan və çayı keçib Gürcüstana yollanarsan.
- Mən bunu edə bilmərəm, çünki mən də o birilər kimi vətənimi sevirəm.
Mən ona daha bir şey demədim. Sübh açılana yaxın uzaqdan top səsləri gəlməyə başladı. İlyas bəy əlində durbin məscidin minarəsində Qacarlar nəslindən olan şahzadə Mansurun yanında dayanmışdı. Minarədə dövlət bayrağı dalğalanırdı və kim isə Turan dövlətinin himnini oxumağa başladı.
Sifəti meyit sifəti kimi ağarmış, gözləri xəyallı bir nəfər adam dedi: “Eşitmişəm ki, İranda Rza adlı bir nəfər peyda olub. O, minlərlə hərbçiləri başına toplayıb onlara komandanlıq edir. Ankarada da Mustafa Kamal ətrafında böyük bir ordu toplayıb. Biz əbəs yerə vuruşmuruq. İyirmi beş min əsgər bizim köməyimizə gəlir”.
- Yox, - dedim. İyirmi beş min nəfər yox, iki yüz əlli milyon nəfər adam, bütün dünya müsəlmanları bizim harayımıza gəlirlər. Amma onların vaxtında buraya gəlib-gəlməmələrini ancaq Allah bilir.
Mən körpüyə tərəf gedib pulemyotun arxasına keçdim. Sonra güllələr barmaqlarımın arasından təsbeh dənələri kimi sürüşməyə başladı. Arslan Ağa da yanımda oturub pulemyotuma güllə doldururdu. Onun rəngi qaçmışdı, lakin gülümsəyirdi. Rusların tərəfində hərəkət hiss olunan kimi mənim pulemyotum fasiləsiz şaqqıldayırdı. Qarşı tərəfdə hücum şeypuru çalındı. Haradasa o yanda, erməni evlərinin arxasında Budyonnı marşının səsi gəldi. Başımı qaldırıb aşağı baxanda körpünün altında qurumuş və susuzluqdan çatlamış çay yatağını gördüm. Rus əsgərləri meydançanı keçərək, aşağı əyilib, nişan alır və atəş açırdılar. Onların atdıqları güllələr körpüyə dəyirdi. Mən bu hücuma qızğın bir atəşlə cavab verdim. Rus əsgərləri oyuncaq kimi yerə sərilirdilər. Lakin, kəlləsi üstə çay sahilindəki tozların üstünə yuvarlanan əsgərləri yeniləri ilə əvəz edirdilər. Onların sayı minlərcə idi. Tənha qalmış pulemyotun şaqqıltısı Gəncə körpüsündə çox zəif səslənirdi.
Birdən Arslan Ağa balaca uşaq kimi nalə çəkib qışqırdı. Olduğum yerdən onun tərəfinə baxdım. O, körpünün üstündə üzüquylu sərilib qalmışdı, onun ağzından qan gəlirdi. Mən təkrar pulemyotun düyməsini basdım. Güllələr rus əsgərlərinin başına yağış kimi yağırdı. Şeypur səsi onları yenidən hücuma qaldırdı.
Papağım çaya düşdü: bəlkə ona güllə dəymişdi, bəlkə də əsən külək onu başımdan uçurmuşdu.
Mən bir anda pencəyimlə köynəyimin yaxasını açdım.
Düşmənlə mənim aramda yalnız Arslan Ağanın meyiti durmuşdu. Deməli, insan qorxaq olsa da vətəni uğrunda qəhrəmancasına vuruşaraq ölə bilərmiş.
Qarşı tərəfdə şeypur səsləri əsgərləri geri çağırırdı. Pulemyotu susdurdum və mən tər içində, körpünün üstündə oturub, əvəz edilməmi gözləyirdim. Onlar gəldilər. Yöndəmsiz və ağır adamlar Arslan Ağanın meyitini sipər kimi pulemyotun qabağına qoydular...
İndi mən burada, məscid divarının kölgəsində oturub, qaşıqla şorbanı içirdim. Məscid həyətinin girişində şahzadə Mansur dayanmışdı, İlyas bəy[1] də əyilib xəritəyə baxırdı. Bir neçə saatdan sonra mən yenidən körpünün üstündə dayanıb mövqe tutmalı idim. Bilirdim ki, Azərbaycan Cümhuriyyətini yalnız bir-neçə günlük ömrü qalıb...
Mən ulu babam İbrahim xan Şirvanşirin xalqın azadlığı uğrunda canını verdiyi sahilə şeypur səsi yenidən çağıranadək yatmaq istəyirəm.
“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasında tutduğu mövqeyində həlak oldu. Onun meyiti körpüdən qurumuş çayın yatağına düşmüşdü. Bədənini səkkiz güllə dəlik-deşik etmişdi. Cibindən xatirə dəftəri çıxdı. Allah imkan versə, bu dəftəri onun arvadına çatdıracağam. Biz səhər erkən, rus qoşunları sonuncu hücuma keçməzdən bir az əvvəl onu məscidin həyətində dəfn etdik. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin ömrü kimi sona çatdı”.
Qeydlər
redaktə- ↑ Bakının Binəqədi qəsəbəsindən olan Zeynal Ağanın oğlu, rotmistr İlyas bəy.