Əsli və Kərəm (opera)/Üçüncü pərdə

İkinci pərdə Əsli və Kərəm. Üçüncü pərdə
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü pərdə


Bir ç ö l d ә vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf dağlıqdır. Səhnədə K ә r ә m ilə S o f i dayanıbdır. Musiqi çalır.

K ә r ә m (üzünü yollara tutub deyir)--

Əyri-üyrü gedən yollar,
Yollar, xan Əslimi gördünmü?
Düşmüşəm yarın izinə,
İzlər, xan Əslimi gördünmü?

Əyninə geyibdir saya,
Yanında var cüftə taya,
Sənə deyirəm, sarı qaya!
Qaya, xan Əslimi gördünmü?

Bir dəstə yol ötən gəlib keçirkən bunları görüb dayanır.

K ә r ә m--

Düşmüşəm yarın izinə,
Qurban olum onun qara gözünə;
Çıxmışam mən çöllərin düzünə,
Düzlər, xan Əslimi gördünmü?

Y o l ö t ә n l ә r (təsnif--tar)--

Nə gəzirsən burada,
Nədir, nədir, nədirsiz? (2 dəfə)
Nərəyədir səfəriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?
Səbəb nədir bu ahə, (2 dəfə)
Edir, edir, edirsiz?
Nərəyədir səfəriz,
Gedir, gedir, gedirsiz?
Gedir, gedir, gedirsiz?

S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kərəmdir. Neçə zamandır keşiş qızı Əsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-axtara neçə-neçə vilayətlər
keçib gəlib bu yerə çatıbdır. Hərgah siz də keşişin qaçmağını bilirsinizsə, bizə xəbər veriniz gedək.
Y o l ö t ә n l ә r d ә n b i r i--Ey aşiq! Sənin yarının haraya qaçdığını bilirik. Hərgah bizim üçün bir türkü oxusan xəbər verərik.

K ә r ә m sazını əlinə alır və yol ötənlər oturub qulaq asırlar.

(M u s i q i)

K ә r ә m--

Hey … ağalar, yarımı qaçırdım,
Bəylər, xan Əslimi gördünmü?
Bülbülü şaxdan uçurdum,
Bəylər, xan Əslimi gördünmü?

(M u s i q i)

Əsli huridir bilənə,
Qoynu cənnətdir girənə.
Ceyrana bənzər ceyrana.
Bəylər, xan Əslimi gördünmü?

(M u s i q i)

Obaları oymaq-oymaq,
Olmaz imiş yardan doymaq.
Ağzı sud, dodağı qaymaq,
Bəylər, xan Əslimi gördünmü?

(M u s i q i)

Mən Kərəməm, düşüb çölə gəzərəm,
Yarımı tapsam, üst-başını bəzərəm,
Min cür cəfa etsə, mininə dözərəm,
Bəylər, xan Əslimi gordunmu, hey?!…

O n l a r--Doğrudan da ki, sən haqq aşiqi imişsən. Ey aşiq, sənin yarın atası ilə bərabər buradan keçib, Hələb şəhərinə qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq, sən gəl burax Əslini,
qal bizim ellərdə.
O b i r i--Ol bizim əhlimizdən.
D i g ә r i--Bizdə Əslidən gözəl qızlar vardır.
B i r a y r ı s ı--O qızlardan birini al.
H a m ı s ı--Gəl, gəl aşiq, bizdə qal.
K ә r ә m (baş bulayır)--Ay qardaşlar! Mən İsfahan padşahının oğluyam, hərgah bir yerdə qalıb rahat ola bilsə idim, padşah sarayında qalıb, şahlıq edərdim. Mən haqq aşiqiyəm, yarımdan
əl çəkə bilmərəm.

Bu halda bir dəstə q ı z gəlir, qızlardan biri oynayıb qalanları oxuyurlar.

(M u s i q i)

Q ı z l a r--

Güli-sünbüllər açılıb bağda,
Açılıb bağda güli-sünbüllər.
Hamı bülbüllər oxuyur tarda,
Oxuyur tağda hamı bülbüllər. (2 dəfə)

(O y u n, m u s i q i).

Düzülün, qızlar, əl-ələ verin,
Əl-ələ verin, düzülün, qızlar!
Görəsiz, qızlar, neçə bayramlar,
Neçə bayramlar görəsiz, qızlar! (2 dəfə)

O ğ l a n l a r v ә q ı z l a r--

Yığışın, qızlar, həmi oğlanlar,
Gülüşüb danışaq,
Görüşək danışaq.
Gülə bənzərsiz hərəniz, qızlar,
Sizə aşiqdir hamı oğlanlar! (2 dəfə)

(O y u n, m u s i q i)

K ә r ә m--

Xuraman-xuraman gəlin-qızlar,
Xan Əslimi sizdən görən oldumu?
Küsmüşəm atadan, anadan, eldən,
Məni salıb Əsli xanım dildən;
Bir dayanın, sorayım sizdən,
Xan Əslimi sizdən görən oldumu?

(M u s i q i)

Mənim yurdum dağlar ilə daş olub,
Məhəbbət sirri hər kəsə faş olub,
Ağlamaqdan yerim-yurdum yaş olub,
Xan Əslimi sizdən görən oldumu?

(M u s i q i)

Ah edəyim, könül, sənin əlindən,
Qaldıq bir əcayib zarın içində.
Nəyə ağlayım, nəyə güləyim?
Qönçə gülüm qaldı xarın içində.

(M u s i q i)

Dərdli Kərəm deyir: vətənim yox mənim,
Heç kimsə yoxdur sora əhvalım.
Yardan ayrılalı büküldü belim,
Qaldıq namus ilə arın içində.

(M u s i q i)

H a m ı (təsnif)--

Dərdli Kərəm, sən itirdin Əslini; (2 dəfə)
Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə)
Haqdan aşiqsən, çək eşqin əzabın; (2 dəfə)
Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə).

Q ı z l a r və o ğ l a n l a r gedirlər.

K ә r ә m (yollara sarı)--

Ərzurumdan çıxdımı, üç oldu yolum,
Mən bu yolun hangısına gedəyim?
Çagırdım gecə-gündüz mövlamı,
Mən bu yolun hankısına gedəyim?

(M u s i q i)

Sofi qardaş, necə olur halımız?
İsfahan şəhridir bizim elimiz.
Bülbül getdi, məhzun qaldı gülümüz,
Mən bu yolun hankısına gedəyim?

(M u s i q i)

Kərəm deyir yetmədim muradıma,
Əslim getdi, qonamadım yurduna.
Hey ağalar, bir dilbərin dərdinə,
Mən bu yolun hankısına gedəyim?

(M u s i q i)

Bu halda Ş e y x-N u r a n i vaqe olur və üzünü K ә r əm g i l ә tutub oxuyur.

Ş e y x-N u r a n i (humayun)--

Eşqə giriftar olan
Zarü pərişan gördüm.

(M u s i q i)

(təkrar o sözlər)

Cənk edib can alanı
Qanını qəltan gördüm.

(M u s i q i)

(təkrar o sözlər)
Atəşi-eşqə düşəni
Çaki-giriban gördüm.

(M u s i q i)

(təkrar o sözlər)

Hicr oduna yananın
Qəlbini büryan gördüm.

 (M u s i q i)

(təkrar)

Ş e y x (söz ilə)--Ey qərib, sizlər haraya getmək istəyirsiniz?
S o f i--Ey şeyx, biz Hələb şəhərinə getmək istəyirik.
Ş e y x--Siz bilirsinizmi ki, buradan Hələbə altı aylıq yol var?
S o f i--Xeyr, bilmirik.
Ş e y x--Yumun gözlərinizi.

K ә r ә m və S o f i gözlərini yumurlar, haman dəm hər yer qaranlıq olur, bu halda səhnənin dal pərdəsi qalxıb, Hələb şəhəri görünür.

Ş e y x--Açın gözlərinizi.

Bunlar gözlərini açırlar, hər yer işıqlanır. K ә r ә m və S o f i Hələbin mənzərəsini görüb şad olurlar.

Ş e y x--Bax, siz Hələb şəhrinə yetişdiniz (deyib tez çıxıb gedir).

(M u s i q i)

K ә r ә m--

Şükr eylə, Sofi, xudaya, (2 dəfə)
Hələb şəhri, Hələb şəhri!
Hələb şəhrinə gəldik.

(M u s i q i)

Qalxız əlini duaya, (2 dəfə)
Hələb, Hələb şəhri!
Hələb şəhrinə gəldik.

(M u s i q i)

K ә r ә m v ә S o f i--

Yetirdi mövlam bizi tez, (2 dəfə)
Hələb şəhri, Hələb şəhri!
Hələb şəhrinə gəldik (2 dəfə)
Hey….

(M u s i q i)

PƏRDӘ