Əsli və Kərəm (opera)/Dördüncü pərdə
←Üçüncü pərdə | Əsli və Kərəm. Dördüncü pərdə Müəllif: Üzeyir Hacıbəyov |
BİRİNCİ ŞƏKİL
H ә l ә b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ә s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.
(M u s i q i)
Qızlar--
Axşam oldu hey … şamlar yandı, (2 dəfə)
Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dəfə)
Hər kim istər kim, dərdi az olsun, (2 dəfə)
Getməsin ərə, evdə qız qalsın. (2 dəfə)
(M u s i q i)
Axşam oldu hey … obalar yatdı, (2 dəfə)
Qaranlıq çökdü, ay da həm batdı; (2 dəfə)
Arvad olanın dərdi çoxdur, (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Amma qızların heç dərdi yoxdur. (2 dəfə)
Bu halda K ә r ә m ilə S o f i sağ tərəfdən nümayan olurlar, qızlar onları görüb qorxan kimi olurlar.
(M u s i q i)
K ә r ә m--
Ey Hələbin gözəlləri,
Altı qızlar, altı qızlar!
Bulaqdan su süzənləri,
Altı qızlar, altı qızlar!
(M u s i q i)
Keşiş bunda gəlib durar,
Xan Əslimi deyər, vurar,
Dərdli Kərəm sizdən sorar,
Altı qızlar, altı qızlar!
Q ı z la r d a n b i r i--Siz kimsiniz və bizlərdən nə istəyirsiniz?
S o f I--Ey gözəl qızlar, sizin bu şəhərə bir keşiş gəlib, öz qızı ilə olur, söyləyin bizə, allah eşqinə, o keşiş harada olur?
Q ı z l a r d a n b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə. (Qızlar gedirlər).
(M u s i q i)
K ә r ә m (sevinib)--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Haqq aşiqi söylədilər adıma,
Yetişmədi bir kəs mənim dadıma.
Keçən günlər düşdü mənim yadıma,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
Bu halda balkona açılan qapılar taybatay açılıb, Ә s l i hövlnak bir surətdə balkona çıxır və aşağı baxıb deyir:
Ә s l i--Kərəm!!!
K ә r ә m--Can Əsli!
Ә s l i bihuş kimi olur.
(M u s i q i)
K ә r ә m--
Gəzib-gəzib şəhərləri, kəndləri,
Axır gəlib sənə yetişdim, Əsli!
Unutmuşam cəfaları, dərdləri,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ә s l i--
Dustaq kimi gəlib qalıb bu evdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
Bilməz idim çarə nədir bu dərdə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ә r ә m--
Ağlar qoyub ata ilə ananı,
İncitmişəm hər bir canı yananı.
Ötürmüşəm Məcnunu və Sənanı,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ә s l i--
Keşiş babam məni döyüb söyəndə,
Qaçar ikən o kənddən bu kəndə,
Ahu kimi düşüb qalıb kəmənddə,
Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl!
(M u s i q i)
K ә r ә m--
Şah oğluyam, dönmüşəm mən gədayə,
Çıx gəl bəri, verək səda-sədayə,
Dərdli Kərəm desin şükür xudayə,
Axır gəlib sənə yetişdim, Əsli!
(M u s i q i)
Ә s l i--
Keşiş babam bağlayıbdır hər yanı,
Yanmaz imiş onun mənə heç canı.
Gözüm görmür bu işıqlı dünyanı,
Çıx gəl bəri, Kərəm, Kərəm, Kərəm, gəl!
--deyib, ipək nərdivanı aşağı atır, K ә r ә m nərdivana çıxıb, Ә s l i dəxi balkondan bədənini aşağı sallayıb, ikisi bir-biri ilə görüşməkdə ikən k e ş i ş bazardan qayıdır və əhvalatı bu halda görüb qışqırır.
K e s i s--Ay haray!… Evimə oğru gəlibdir, ay haray!… Yığılın buraya?…
Bu qışqırığa iki nəfər z ә b t i y y ә gəlib, K ә r ә m i və S o f i n i tuturlar, camaat dəxi evlərindən bayıra çıxıb, əllərində fanus olaraq bu əhvalatı görürlər.
B ә z i l ә r i--Nə olub? Nə olub?
O b i r i l ә r i--Keşişin evinə oğru-quldur gəlibdir.
X a l q kamal-təәccüb ilə K ә rə m ilə S o f i n i n ora burasına tamaşa edir.
K e ş i ş (kənara çəkilib)--Ax-ax-ax…. Tanıdım, odur, padşahın oğlu Əhməd Mirzədir…. Yenə gəlib məni tapd?, ax!…
Bu halda Hələb p a ş a s ı daxil olur, yanında iki nəfər z ә b t i y y ә.
P a ş a--Bu nə yığıncaqdır burada? Nə olubdur? Geri çəkilin!
C a m a a t çəkilir.
K e ş i ş--Paşam! Bu iki şəxs mənim evimi yarmaq istərkən gəlib üstə çıxmışam.
P a ş a (acıqla)--Nakəslər! Bu şəhəri sahibsizmi zənn etdiniz? Nə cürət edib quldurluğa gəlirsiniz? Aparın bunları həbs edin!
K ә r ә m (əcz ilə)--Paşam, izn ver, bir neçə kəlmə sözüm var.
P a ş a--Nə sözdür, de görək.
(M u s i q i)
K ә r ә m--
Yazıq ömrüm qərib eldə keçirdim,
Heç əhvalım bildirən yox, bilən yox!
Getdi fürsət, əldə ikən qaçırdım,
Qərib qaldım, güldürən yox, gülən yox!
(M u s i q i)
Əlimdən aldırdım nazlı sonamı,
Tərk eylədim atamı, həm anamı,
Deyə-deyə göm-göy etdim sinəmi,
Xəncər alıb dəldirən yox, dələn yox!
(M u s i q i)
Mən Kərəməm, ah çəkərəm, ağlaram,
Dərd bilənin ürəyini dağlaram.
Kimi deyib, kimə ümid bağlaram.
Göz yaşımı sildirən yox, silən yox!
İndi buyur məni aparsınlar həbs etsinlər.
PƏRDӘ
İKİNCİ ŞƏKİL
Hələb paşasının i m a r ә t i n d ә vaqe olur. P a ş a bir taxt üzərində əyləşib, meypuş qəlyan çəkir. Onun qabağında bir neçə q ı z oynayır. Bir qədərdən sonra n ö k ә r daxil olur, qızlar oyunu kəsib, bir kənarda dayanırlar.
N ö k ә r--Paşam, bir dəstə camaat hüzurunuza izn istəyir.
P a ş a--Burax gəlsinlər.
C a m a a t və Ş e y x-N u r a n i daxil olurlar.
(M u s i q i)
C a m a a t (təsnif)--
Ey paşam, ey paşam,
Kərəmi et azad.
Ey paşam, ey paşam, Kərəmi et azad, azad et.
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına.(2dəfə)
Ol aşiqdir!
P a ş a (şur ilə)--Əmr olunsun, gedib dünənki məhbusu buraya gətirsinlər.
Ş e y x-N u r a n i (Osmanlı üstə)
Aşiqə etmə əziyyət, ey paşam,
Aşiqin üftadədir, üftadədir, üftadədir.
İstəsə aşiq əgər öz canını,
Yar üçün qurban edə amadədir.
C a m a a t--
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına. (2dəfə)
Ol aşiqdir.
Ş e y x (yenə təkrar haman sözlər başqa tərkib musiqi ilə)--
Kuhkəm nəqşin çəkib, Şirinə vermiş bir fərib,
Gör nə cahildir, yonar daşdan özünə bir rəqib.
C a m a a t--
Aşiq olub keşiş qızına,
Aşiq olub keşiş qızına. (2dəfə)
Ol aşiqdir.
Oxuyub gedir. K ә r ә m i gətirirlər, əllərində zəncir vardır.
P a ş a (söz ilə)--Ey şəxs, sən kimsən və nəçisən, söylə!
(M u s i q i)
K ә r ә m--
Mən Kərəməm, İsfahandır elimiz,
Ördək uçdu, viran qaldı gölümüz.
Qoy olsun, necə olur halımız,
Qurban olsun yar yolunda canımız.
(M u s i q i)
Ayrı düşdüm vətənimdən, elimdən,
Gör kim, nələr çəkdim eşqin əlindən.
Hər şəhərdə xəbər aldım gələndən,
Hələbdədir Əsli,--mənə dedilər,
(M u s i q i)
Dərdimi duyanlar cümlə ağladı,
Bəylər tutdu qollarımı bağladı,
Ürəyimi eşq oduna dağladı,
Burda mənə quldur adı verdilər.
(M u s i q i)
Yandı ciyərciyim döndü büryana,
Axdı çeşmim yaşı döndü ümmana.
Gətirdilər məni ulu divana,
Bağladılar ayağımı, əlimi.
(M u s i q i)
Dərdli Kərəm qoydu başın qəzaya,
Yar ilə getmədi xəlvət odaya.
Çox şükürlər olsun bari-xudaya,
Kəsmədilər ağzımdakı dilimi.
P a ş a--Ey oğlan, sən keşişin qızına aşiqsən və adın Aşiq Kərəmdir. Özün də İsfahan padşahının oğlusan, öylədirmi?
K ә r ә m--Öylədir, paşam.
P a ş a--Əmr olunsun, keşiş və qızı buraya gəlsinlər. (Nökər gedir). Açın Kərəmin əlin. (Açırlar). Aşiq Kərəm, sən gəl keşiş qızından əl çək, mən sənə bu şəhərdə hansı gözəli desən alaram.
K ә r ә m--Paşam, bizim öz vilayətimizdə gözəllər çox idi, lakin mən ürək sevəni istirəm, başqa məramım yoxdur.
P a ş a--Ya istərsən gəl səni vətənə göndərim get.
K ә r ә m--Vətən mənə Əslidən əziz olsaydı, onu buraxıb bunun dalınca düşməzdim.
Bu halda k e ş i ş və Ә s l i daxil olurlar. Ә s l i və K ә r ә m bir-birini görcək bihuş olurlar.
P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sənin qızına aşiqdir. Sən gəl qızı ver ona, rəhm elə! Mən sənə nə qədər desən dövlət verərəm.
K e ş i ş--Paşam, əgər mən dövlət sevən olsaydım İsfahan padşahının sözünü rədd etməz idim. Mən öz qızımı, qızımın milliyyətini hər şeydən əziz tuturam.
P a ş a--Sən bilirsən ki, bu oğlan sənin qızının aşiqidir.
K e ş i ş--Bilirəm.
P a ş a--Və bilirsən ki, qızın buna aşiqdir.
K e ş i ş--Bilirəm.
P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır.
K e ş i ş--Bilirəm.
P a ş a--Bəs nə üçün mane olursan?
K e ş i ş--O mənim atalıq haqqımdır.
Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa….
K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi, amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım, hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam.
P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl çək, get özünə özgə bir qismət axtar.
(M u s i q i)
K ә r ә m--
Hey ağalar, necə edəyim,
Mən dönərəm, könül dönməz.
Bir gözələ düşdü könlüm,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Kəklik kimi səkişindən,
Köküs əlvan naxışından,
Bir hərami baxışından,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
İstəmirəm başqa özündən,
Mənə söylə Əsli sözündən.
Əsli kimi keşiş qızından,
Kərəm sevdi Əsli xanı.
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
Yoluna qoymuşam canı,
Gözümdən axıtdı qanı,
Mən dönərəm, könül dönməz.
(M u s i q i)
P a ş a--Ax!… Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə cəza elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə aşiqsənmi və Kərəmə getmək istəyirsənmi?
(M u s i q i)
Ә s l i--
Kərəm mənə, mən Kərəmə aşiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
Hər ikimiz aşiqliyə layiqik,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
İllər ilə həsrətini çəkirdim,
Gizli-gizli qan-yaşımı tökürdüm,
İki əlli bir başıma döyürdüm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
Qorxum yoxdur keşiş babamdan mənim,
Dözə bilməm, təngə gəlibdir canım.
Mənim yarım ancaq Kərəmdir, Kərəm,
Ver Kərəmə məni, paşam, rəhm elə.
(M u s i q i)
H a m ı (musiqi: təsnif)--
Keşiş, razı ol bu işə!
K e ş i ş--Olmam, olmam.
C a m a a t--Keşiş, razı ol bu işə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir).
C a m a a t--Əslini ver Kərəmə.
K e ş i ş--Verməm, verməm.
C a m a a t--Əslini ver Kərəmə.
P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.)
K e ş i ş--Olmam, olmam, olmam!… (Söz ilə birdən). Ver, ver, ver Əslini Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar! Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir).
P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar!
Ә s l i ağlayır, K ә r ә m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf əllərini uzadıb oxuyur.
(M u s i q i)
K ә r ә m--
Gəl, gəl, Əslim, yetər, ağlama,
Yanaram, Əslim, yanaram!
Ciyərim artıq dağlama,
Yanaram, Əslim, yanaram, hey!…
Rəhm elə bir gəl halıma,
Atəş düşübdür canıma,
Öləndə gəl məzarıma,
Yanaram, Əslim, yanaram, hey!…
Mən Kərəməm, haqq aşiqiyəm,
Aşiqliyə mən layiqəm.
Rəhm eylə tez, mən yazığam,
Yanaram, Əslim, yanaram!
Kərəm söyləməz adım,
Ərşə dayandı fəryadım.
Əldən getdi muradım,
Yanaram, Əslim, yanaram!
Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!…
(M u s i q i)
--deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini çıxarıb sinəsinə çaxır və yıxılıb ölür. Bütün məclis əhli mat və məəttəl qalıb, kamali-heyrətdə
ikən pərdə yavaş-yavaş enir.
P Ә R D Ә