Afət/Dördüncü pərdə

Üçüncü pərdə Afət. Dördüncü pərdə
Müəllif: Hüseyn Cavid


 
Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa altındakı səbətə atar.
 
A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? Niçin şu məktubları yırtıb atıyorsun?
A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum.
A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr...
A l a g ö z (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!..
A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və pərəstişdir.
A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim.
A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir).
A l a g ö z. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb baqar).
A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündən-günə məhv olub gediyor.
A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!..
A f ə t. Nə imiş, əcəba?..
A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar).
A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun?
A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq, bu da kəskin bir xəncər!..
A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun?
A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya doğru ilərilər, acı təbəssümlə). Bana tapınanlar şimdi sərzəniş yapıyorlar; bəni təqdis eyləyənlər şimdi təhqir ediyorlar. Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı sırada, qarşıkı qapı parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur.
 
A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum.
D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin?
A f ə t. Əvət.
D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış...
A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün hazırlığı yapanlar talesizlərin halını biləməzlər.
D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər.
A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də məhv edən yalnız sən oldun, sən!..
D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə qıydın, kəndi nəfsinə xəyanət eylədin.
A f ə t (acı qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun.
D o k t o r. Afət! Bəni buraya niçin çağırdın?
A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için.
D o k t o r. Ah, nə yaldızlı yalan!..
A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum
D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim.
A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin.
D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə!
A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!..
Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə dəhşətli inqilab!..
A f ə t. Pək dəyişdim, deyilmi?..
Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım.
A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum.
Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim.
A f ə t. Solğun çiçək!.. Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara təslimi-nəfs edərsə, bən də... ah, bən də...
Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun?
A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər, ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya savrulmaq daha xoşdur, daha gözəldir.
Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun.
A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim (məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar, xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq, get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!..
Q o r q m a z. Niçin, sevgili Afət, niçin?..
A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim, ıssız zülmətlərə, namütənahi bulutlara qavuşacayım.
Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir kərəcik özümü qolların arasında görmək istərdim.
A f ə t. Pək gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim (qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim
cəsarətim cünuna varmış... bən əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni bağışla... (qucaqlayıb öpər).
A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə bəxtiyar gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum.
A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir.
A l a g ö z. Hər halda bən səni pək seviyorum.
A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun.
A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim (qarşıdakı qapı barmaq ucilə vurulur).
A f ə t. Kimdir əcəba?
A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür).
A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum... (sol qapıdan çıqar).
A l a g ö z. Nə düşünürsün, niçin oturmursun?
O q t a y. Çünki... getmək istiyorum.
A l a g ö z. O halda niçin gəldin?
O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için...
 
(Divardakı rəsmlərdən birini alır)
 
A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim...
O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır.
 
(Sinirli adımlarla çıqar)
 
A f ə t (gəlir). Getdimi?
A l a g ö z. Əvət, getdi.
A f ə t. Nə söylüyordu?
A l a g ö z. Hiç...
A f ə t. Eşitdim, həpsini eşitdim, Rəsmini geri aldı, səndən ülfətini kəsmək istiyor. Yalnız o deyil, sana qarşı əyilən bütün gənclər, kiçik bir nəvazişinlə öyünən dəliqanlılar; şimdi həp səndən qaçıyor, həp sana xor baqıyorlar. Halbuki həpsinə səbəb yalnız şu qarşıda duran talesizdir (məndil ilə göz yaşını silər).
A l a g ö z. Ah, annəciyim! Sevgili annəciyim!.. (Afətə sarılıb öpər). Məraq etmə, bu təhqirlərin hiç bir tə’siri yoqdur... Çünki bən kimsəyi sevmədim... Onünçin də mütəəssir deyilim (soldakı odaya doğru ilərilər, təkrar dönər, Afətə qapalı bir məktub verir). Mümkün olsa bunu Ərtoğrula göndər. Bən yorğunum. Azacıq uzanmaq istiyorum (sol qapıyı qapayıb çıqar).
A f ə t (məktubun zərfini havaya tutub baqar, heyrətlə). Bu saçlar nə?.. Xayır, bu məktubda bir sirr var, baqayım nə yazıyor (zərfi açar, dürlü vəziyyətlərlə oqur). “Ərtoğrul, anam xəstədir, qəribdir, onu unutma!.. Mümkün olsa, əski yurduna, əqrəbasına göndər. Bir saət sonra bəni görməyəcəksin. Əlvida!.. Səni bütün ruhilə sevən və həsrətini məzarə götürən Alagöz” (sarsılmış bir halda). Ah, aman, ya Rəbbi!..
Ə r t o ğ r u l (daxil olur, təlaş ilə). Alagöz nerdə?
A f ə t. Nə var, nə olmuş?
Ə r t o ğ r u l. Əczaxanədən zəhər almış şimdicə bana söylədilər.
A f ə t. Ah, dəminki məhəbbət və nəzakətlərin səbəbini anladım (Alagözün girdiyi qapıyı açmaq istər). Eyvah, qapıyı qapamış... (Qapını çalar). Alagöz!.. Ah, səs yoq, cavab yoq...
Ə r t o ğ r u l. Bən şimdi yan pəncərədən girərim. (Dışarı fırlar).
A f ə t. Alagöz!.. Aç qapıyı... Aman, qapıyı aç, yavrum! (Dışarıdan pəncərənin vurulduğu və cam qırıldığı eşidilir. Afət təkrar çağırır). Alagöz!.. Ah, nə dəhşətli hal, nə qorqunc fəlakət!..
Ə r t o ğ r u l (bir əlində zəhər şişəsi, bir əlində Alagözün əli olaraq qapıyı açıb çıqar, pərişan bir qəhqəhə ilə Afətə). Ərtoğrul ölümdən dah bəxtiyar imiş, əvət, bən Əzraildən daha çabuq davranmış oldum.
A f ə t (şişəyi Ərtoğrulun əlindən alır, acı bir təbəssümlə Alagözə). Haqlısın, mələk yavrum, bütün bu fəlakətlərə səbəb bənim, lakin bundan sonra cəllad olmaq istəməm, bu saət yol tədarükünə başlarım; çünki sən bu gün bəxtiyarsın. Ərtoğrulun təlaşı (əlindəki məktubu göstərir) və sənin məktubun hər ikinizi birləşdirdi. Bən yalnız bunu arzu edərim.
A l a g ö z. Bir məktub ki, ölüm pəncəsində yazılmış, onun nə əhəmiyyəti ola bilir?
Ə r t o ğ r u l (mə’nalı bir təbəssümlə). Ölüm bütün əsrarın anasıdır.
A f ə t (Alagözə). Yavrum, əminim ki, sən Ərtoğrulu seviyorsun, fəqət onun tərəfindən seviləcəyinə şübhə ediyorsun.
Ə r t o ğ r u l. Halbuki Ərtoğrul kəndisinə pərəstiş edər.
A l a g ö z. Xayır... xayır... bən əsla sevilməyə layiq deyilim.
A f ə t. Nasıl!.. Sənmi, sənmi layiq deyilsin? (Şux bir təbəssümlə). Halbuki sən bütün qızlar içində parlaq bir elmas, dilbər bir çiçək, mə’sum bir mələksin.
A l a g ö z (sinirli və titrək səslə). Əvət elmas! Fəqət ləkəli bir elmas!.. Çiçək! Fəqət çamurlu bir çiçək... Mələk! Fəqət qəhr olmuş bir mələk...
A f ə t. Niçin, ah niçin?..  
A l a g ö z. Çünki... ləkəli bir ananın evladıyım (çocuqca bir hönkürtü ilə aqlar, Afətin qolları arasına sıqılır).
A f ə t (acı qəhqəhə ilə). Xayır, bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş.
A l a g ö z. Ah, aman, ya Rəbbi!.. Nələr eşidiyorum.
A f ə t. Əvət, baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, mə’sum bir mələk kibi böyütdüm (sinirli və həyəcanlı). Ah, bən əxlaqsız deyildim, fəqət Özdəmirin sərxoşluğu, sayğısızlığı bəni məhv etdi... Sonra doktor Qaratay sapdırdı; ona vuruldum, qatil oldum, babanı zəhərlədim.
A l a g ö z. Ah, sus!.. Allahını sevərsin, sus!..
A f ə t. Əvət, bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım (cibindən iki-üç parça kağız çıqarır, Alagözə verir). İştə bu kağızları diqqətlə oqu, kim olduğunu çabuq öyrənirsin, bən gediyorum, artıq bəni unut!.. Səni ona... Ərtoğrulu göstərir) ısmarladım.
 
(Doktorun girdiyi odaya keçər).
 
Ə r t o ğ r u l. Baq, görüyormusun ölüm başqalarını ayırırkən, bizi birləşdirmiş oldu. A l a g ö z (kağızlara baqaraq məhzun təbəssümlə). Ah, demək bənim anam ləkəli deyilmiş...
Ə r t o ğ r u l. Bütün dünya ləkəli olsa belə, yenə sənin ismətindən bir şey əksilməz (Algözün yüzünü oqşayaraq). Fəqət Afətə acımalı... Ah, niçin qəlbini qırdın? Get, yalvarıb yaqar da, gönlünü al!.. Dün səfil idisə, bu gün mə’sum ola bilir, Aman, rica edərim, get!
A l a g ö z. Pəki, Ərtoğrul, pəki. (Qapıya yaqlaşdığı sırada içəridə silah patlar).
D o k t o r. Ah, qəddar, xain, cəllad! (deyə qapıyı açar, yaralanmış olduğu halda Alagözün önündə düşüverir).
A l a g ö z. Aman, ya Rəbbi!..
Ə r t o ğ r u l. Nə yapdın. Afət, ah, nə yapdın?
A f ə t (əlində silah, acı qəhqəhələrlə). Özdəmirin intiqamını aldım, öz intiqamımı aldım (cənazəyə). Sən bəni unutdun, gözəlliyimi təhqir etdin; iştə gözəlliyin intiqamını aldım. Ah, intiqam vəhşətlərin ən alçağıdır, lakin kəndimi almadım, əfv et!.. (müstəhzi qəhqəhə ilə). Ah, sən bu aqşam dügün yapacaqdın Altunsaça qavuşacaqdın... Halbuki bən buna razı olamam, çünki... səni pək seviyorum (masa üzərindəki çiçək dəmətini çözərək cənazəyi süslər). Ah, əvət, səndən ayrılmaq istəməm, bu dodaqlar bəndən başqasını öpməməlidir (cənazəyi qucaqlayıb öpər, fevqəladə bir həyəcan ilə qalqar və əlindəki revolveri şakağına tutar). Şimdi isə sıra bana gəliyor.
Ə r t o ğ r u l (dərhal silahı yaqalayıb alır). Nə yapmaq istiyorsun? İşlədiyin kafi deyilmi?
A f ə t (acı təbəssümlə). Bana mərhəmətmi ediyorsun? (Sinirli və şaşqın). Aman, ya Rəbbi! Ah, çıldırıyorum.
A l a g ö z (mütəəssir). Annəciyim!.. Sevgili annəciyim! (Yaqlaşıb qucaqlamaq istər).
A f ə t (geri çəkilərək bir tevr ilə). Çəkil, yaqlaşma... Bəni yalnız bıraq!.. (Sağ tərəfdəki odaya keçər).
A l a g ö z. Az, zavallı qadın!..
Ə r t o ğ r u l. Xayır, o yalnız bıraqılmaz, sən də get!.. (Həyəcan və təlaş ilə). Ah, o kəndini həlak edəcək... (Dərhal içəri girmək istər).
A f ə t. Ax!.. (Deyə əlində tutduğu şişədəki zəhərin son damlasını içdiyi halda qarşısına çıqar və şişəyi yerə atar).
A l a g ö z. Aman, nə yapdın?! (Qucaqlar).
A f ə t. Ona... Ah, yalnız ona qavuşmaq... (Bitab olaraq cənazə üzərinə düşüverir).
A l a g ö z. Uf annəciyim!.. (Qucaqlayıb yaralı bir səslə ağlar).
A f ə t. Ah! (Deyə zəif bir hərəkətlə təslimi-ruh edər).
Ə r t o ğ r u l (acı və mə’nalı bir ahənglə əlini masa üzərinə vuraraq). Afət!.. Afət!..
 
 

Pərdə

  

SON