Anamın kitabı/İkinci məclis

İkinci məclis Anamın kitabı. İkinci məclis
Müəllif: Cəlil Məmmədquluzadə
Üçüncü məclis


Rüstəm bəyin zal otağı. Ortalıqda uzun stol, ətrafında sandalyalar üstə əyləşiblər cəmiyyəti-xeyriyyə üzvləri: başdan Rüstəm bəy ki, cəmiyyəti-xeyriyyənin sədridir; onun sağ tərəfində Zivər xanım, sol tərəfində Teymurbəy. Ondan savayı əyləşiblər: Mirzə Zeynal–millətpərəst, Səlimə xanım–müəllimə, Aslan bəy, İsmayıl ağa, Münəvərxanım, Səməd Vahid, Hüseyn Şahid, yanında məktəb şagirdi, fəsli. Kənarda, yerdə diz üstə əyləşiblər: Mirzə Məhəmmədəli, Mirzə Bəxşəli, yanında bir məktəb şagirdi, börklü. Qapının yanında üç-dörd nəfər fəqir və qeyri adamlar ki, ayaq üstə durub iclasa tamaşa edirlər. Otağın küncündə, camaata görükməyən yerdə, pərdə dalında Zəhrabəyim və Gülbahar oturub, məclisə nəzər eləyirlər. Üzvlərin hərəsinin qabağında bir vərəq ağ kağız və qələmtəraş; sədrin qabağında zəng. Adamların çoxu papiros çəkir.

R ü s t a m b ә y. Qospoda, zasedanie obyavlyayu otkrıtım.[1]

M i r z ә Z e y n a l (durur ayağa və yumruğunu silkələyə-silkələyə, acıqlı). Ağalar, ana dilindən başqa burada özgə dil danışmaq olmaz. Ana dili, ana dili. Türk dili, milli dil.

Camaat çəpik çalır.

Z i v ә r x a n ı m (durur ayağa). Ne popimayu, qospoda, çto za dikarstvo? Pust kto kakim yazıkom luçşe vladeet na tom i obyasnyayetsya, çto je takoe?![2]

M i r z ә M ә h ә m m ә d ә l i (acıqlı). Haqq buyurur Mirzə Zeynal, islam məclisi hara, rus dili hara?!

Qalan üzvlərdən də bəzi deyir: "eybi yoxdur"; bəzi deyir: "olmaz".

R ü s t ә m b ә y. (zəngi çalır). Ağalar, mən təklif edirəm ki, hər kəs ki, mümkündür, müsəlmanca danışsın; çünki burada rus dili bilməyənlər də var. O ki, birisi müsəlmanca heç danışmaq bilmir, onda dəxi çarə nədi….

M i r z ә Z e y n a l. Xeyr, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir….

M i r z ә B ә x ş ә l i (Rüstəm bəyә). Bağışlayınız, Rüstəm bəy, birisi ki, müsəlmanca bilmir, dəxi bu məclisdə onun üzv olmağa nə haqqı?!

Z i v ә r x a n ı m. Qospoda, tak nelzya rassujdat, yey boqu.[3]

M i r z ә Z e y n a l (durur ayağa və ucadan.) Biz dübarə təvəqqə edirik sədr cənablarından ki, rusca danışmağı bilmərrə qədəğən eləsin.

Yenə səs-küy qalxır, yenə Rüstəm bəy zəngi çalır, camaat sakit olur.

R ü s t ә m b ә y (Teymur bəyә). Xub, Teymur bəy, povestkada yazılan voprosları oxu, camaat eşitsin.

T e y m u r b ә y (papkadan bir kağız çıxardıb oxuyur). Əvvəlinci məsələ: il hesabı təsdiqi məsələsi; ikinci məsələ: məktəb proqramı barəsində; üçüncü məsələ: acların ərzi-halı barəsində; dördüncü məsələ: elmi-ilahi dərsləri barəsində,--bunlardır.

R ü s t ә m b ә y (durur ayağa). Həzərat, il hesabı barəsində keçən zasedaniyada bir qədər raznoreçiya oldu. Bu da o barədə idi ki, smetanın bir para punktlarında bir qədər təfavüt görsəndi və özgə cür də ola bilməzdi; səbəb bu ki, mədaxil oldu, məxaric oldu, onun bəzi yerlərini biz məhz priblizitelno təyin edirik. Məsələn, biz ki, deyirik bal qonaqlığından gələcəkdə bu qədər mədaxil olacaq, əlbəttə, bu mədaxil biz yazdığmızdan ya bir qədər əskik olacaq, ya artıq olacaq və məhz bu səbəbdən smetada rədd-bədəl əmələ gəlir ki, onu toçno düz götürmək mümkün deyil. Kimin bu barədə sözü var, buyursun. Aslan bəy danışacaq.

A s l a n b ә y (durur ayağa).

Gülbahar diqqət ilə baxır.

Heç belə deyil; bağışlayasınız. Zakon bu sluçayları tamamən predusmatret eləyibdir. Əgər raznoreçiye elə bir sluçayda oldu ki, onu mədaxil cərgəsində olan punktlar düz gətirmədi, o vədə smetni statyaları o qədər sokratit edirlər ki, il axırında hesab düz gəlir. Amma bizim smetanın poqreşnostları o barədədir ki, biz, naprimer, təyin eləmişik aclara ildə yüz manat paylayaq; amma biz yüz manat əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik.

Camaatdan bir neçəsi gülür, bir neçəsi də çəpik çalır. Gülbahar neçə dəfə əsnəyir, bərk yuxusu gəlir; Mirzə Məhəmmədəli və Mirzə Bəxşəli başlarını bulayır.

R ü s t ә m b ә y (zəngi çalır). Dəxi bu barədə genə söz danışan varsa, desin.

Bir səs gəlmir.

Xub (kağızları aralayır). İkinci məsələ məktəb proqramı barəsindədir. Məlumdur ki, keçən həftə reviziyonnaya komissiya….

M i r z ә Z e y n a l. Təftiş komissiyası.

R ü s t ә m b ә y. Keçən həftə təftiş komissiyası məktəb proqramı barəsində irad tutub ki, guya proqramlara, neçə ki, lazımdır, diqqət olunmur və dərslər bir növ süst keçir və ikinci klasda….

M i r z ә B ә x ş ә l i. İkinci sinifdə.

R ü s t ә m b ә y. İkinci sinifdə ədəbiyyat dərsləri nəhayət çətniləşib və bizim öz milli Azərbaycan dilimiz bilmərrə nəzərdən salınıb. Keçən zasedaniyada müəllim cənablarından xahiş olunub ki, bu barədə camaatın arzusuna hörmət qoyuban, məsələni mümkün dərəcədə nəzəri-diqqətə alsınlar. Hüseyn Şahid cənabları danışmaq istəyir.

H ü s e y n Ş a h i d (durur ayağa).

Gülbahar qulaq verir.

Möhtərəm əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən ibtidasından bir şəmmə izahat verməyi fərz və qərz bilib, iltimas ediyorum, əfəndim. Arkadaşlar, şimdi həpimiz tanrımızın buyruğu ilə iştə göyümüzdə torpağa borcunu ödəməkdən qaçacaq tək bir kişi olmaz; onu hay cift sürərkən tər olaraq əlimizdən dökmüşüz, yetər! Az əvvəl alçaqca buraxıb savuşduğumuz torpaqlar yetər! Hay və ya düşmənə savaşarkən qan olaraq damarlarımızdan axıtmışız, yetər! Akıl irməz tanrı hikmətləri ilə əvət, yarın qəddar və murdar əlləri qafalarımızı ənsəmizdən kəsərək bizi vəhşət şeytanlarına qurban edəcәk, zənn ediyorum, əfəndim. Yetər, az əvvəl alçaqca buraxıb sovuşduğumuz torpaqlar, yetər!

Gülbahar və adamların çoxu əsnəyir.

Əvət, çocuqlar, qadınlar, irkaklar, yenilər bu torpaqdan çıxıb, yavuqlusuna qovuşmuşdu. Qartlaşmış qollarını üç, beş mızraq boyu ötədəki binaların üstünə qadar salan bol kölgəli sokakların dibində gümləyən davulların səsi çocuqların düyününü bildiriyordu. Sağlam kökslərdə uyqudakı yavuzluq duyğularını qabartan bu gumbultu kəndi qılınclarımızın ərmağını xatırlatıyordu, əfəndim. Halbuki, əvət, bir takım ədəbiyyat ki, ikinci sinifdə təhsil olunmaqdadır….

İştə kələbəklər kimi qarlar düşüyor,

Sanki bir nur eniyor hər fidana,

Lakin əyləncə olurkən adana,

Yavru çocuqlar üşüyor!

Ağalar, bu deyilmi milli ədəbiyyat! Bu deyilmi milli turk lisanı!

Səməd Vahid çəpik çalır. Qalan çamaatdan gülən də var və tək-tək çəpik çalan da var. Gülbahar mürgüləyir.

M ә k t ә b ş a g i r d i b a ş ı n d a f ә s:

İştə kələbəklər kimi qarlar düşüyor,

Sanki bir nur eniyor hər fidana,

Lakin əyləncə olurkən adana,

Yavru çocuqlar üşüyor!

Səməd Vahid və Hüseyn Şahid əllərini qoyurlar həmin şagirdin çiyninə. Camaatdan gülən də var, çəpik çalan da var.

Z ә h r a b ә y i m (Gülbahara). Qızım, bu adamlar nə danışırlar?

Gülbahar cavab vermir, çünki mürgüləyir.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli, camaata). A balam, hələ bizi başa salın görək, niyə çəpik çalırsınız?

R ü s t ә m b ә y (kağızları aralayır). Ağalar, qaldı iki məsələ: biri elmi-ilahi dərsləri barəsində, biri də acların ərizəsi. Elmi-ilahi barəsində uşaqların bir parasının ataları tərəfindən ərizə gəlib ki, məktəbin üçüncü sinfində müəllim cənabları--ki, ibarət olsun Mirzə Bəxşəli və mənim kiçik bəradərim Məhəmmədəlidən,--oktyabr ayında xüsuf və küsuf barəsində, yəni ayın və günün tutulmağı barəsində bir moizə başlayıblar ki, indi dörd ay olur ki, haman küsuf və xüsuf dərsləri nəinki azalmır, hələ bəlkə altı ay da bundan sonra qurtarmayacaq….

M i r z ә B ә x ş ә l i. Xeyr, ağa, elə deyil, əfv buyurasınız. İndiki dərslər məhz xüsuf barəsindədir ki, dörd aydır oxunur. O ki, qaldı küsuf dərsləri, bəli, həqdir, bir altı ay da küsuf dərsləri təhsil olunmalıdır.

R ü s t ә m b ә y (Mirzə Bəxşəliyə, zəng çala-çala). Cənab, Mirzə, məni bağışlayasınız, xahiş edirəm sözümü qurtarmamış sözümü kəsməyəsiniz. Bəli, heç eybi yoxdur, danışmaq istəyirsiniz, izahat veriniz. Amma xahiş olunur bəyanatınızı müxtəsər söyləyəsiniz.

M i r z ә B ә x ş ә l i (durur ayağa və əlində bir yekə, dəridən cildi, köhnə müsəlman kitabı);

Gülbahar diqqət ilə qulaq asır.

Əzayi-giramdan üzr istəyirəm ki, zeyldə məruzeyi-mühəqqərim ağayani-büzürgüvarın dərdi-sərinə şayəd səbəb ola. Ağama ərz olsun ki, elmi-ilahi dərsləri, elmi-nücum dərsləri, heyət dərsləri və xülasətül-hesab dərsləri məktəb proqramlarında,--necə ki, şayistə və əlzəmdir,--arayişt olunmuyub ki, aya xüsuf və küsuf məsələləri bu saydığınız fünunun hansı birisinin dairəsində təhsil olunasıdır və fövqəzzikr fünun hansı müəllimin öhdəsində və təhti-cəvabdehliyindədir. Bəndəyə mühəvvəl olunan elmi-əqdəsi-ilahi dərsləri dövri-ibtidasından--necə ki, məlumdur,--bisti həştümi-rəbiüssani, yövmi-cəharşənbə, qütrün əsəblərinin iki dangı və şəmsin qürsünün tamam səhifəsinin dang yarımı rəs üqdəsinin həvalisində mütəkəssif olub, yəni bəistilahi-türk, gün tutulub və həmin küsuf gün çıxandan beş saat on üç dəqiqədə vaqe olub. Əzayi-əncümən həzrətlərinin hüzuri-mübarəklərinə ərz olsun ki, küsufun keyfiyyəti və onun övzaı küreyi-ərzin cəmi biladlarında müxtəlif surətdə zühr edibdir və məhz küsuf nəqşəsinin naziri-möhtərəmlərinin ittilaından ötəri, bəndeyi-həqir o fikirdə oldum ki, bir tərəfdən əsəri-pürsəməri-cənab fəxamətnisab, Mirzə Həsən xan Nəcmülmülk, əxəvizadeyi-cənab Hacı Nəcmüddövləni dəsturil-əməl mənziləsində tutub, digər tərəfdən heyət elmindən əxz və Şərq üləması tərəfindən təsdiq olunmuş kəvakibi-səyyarənin hərəkatının bəyanatından müstəfid olub, millət balalarına həmin ülumun fəvaidini ixtisar edibən növcavanların nəzəri-diqqətlərinə təbliğ edim.

Camaatdan və üzvlərdən çoxu mürgüləyir; Zəhra bəyim və Gülbahar da mürgüləyir.

M i r z ә B ә x ş ә l i (Mirzə Məhəmmədəliyә). Buyur, ağa, növbət sizindir.

M i r z ә M ә h ә m m ә d ә l i (durur ayağa). Fəsli-nozdəhhüm dər bəyani-küsuf və xüsuf; yəni ayın və günün tutulmağı….

Z i v ә r x a n ı m (yavaşca Rüstəm bəyә). Nelzya li sokratit reçi oratorov?[4]

M i r z ә M ә h ә m m ә d ә l i. Əhval ki, kövkəblərə ariz ola, haman övzada ki, bir-birinə nisbətləri var, əz on cümlə haman əhvaldır ki, qəmər şəmsə ariz ola və bir surətdə ki, qəmər bir kəsif cinsdir və afitabdan kəsbi-nur eləyir və çün….

T e y m u r b ә y. Mənim qanacağıma görə, bu qədər təfsil verməyin lüzumu yoxdur.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli və ucadan). Necə yəni lüzumu yoxdu?

Camaatın içinə danışıq düşür; bir neçələri deyir: "lüzumu yoxdur", bir parası deyir: "qoy sözünü desin"

M ә k t ә b ş a g i r d i b a ş ı n d a p a p a q. Küsuf, yəni afitab giriftəgi on halət əst ki, qəmər miyani-afitab hail başəd və küsuf vaqe olanda həmin duanı oxuyurlar: bismillahir-rəhmanir-rəhim, rəbbəna atina fiddünya….

Mirzə Bəxşəli, Mirzə Məhəmmədəli əllərini qoyurlar həmin şagirdin çiyninə.

R ü s t ә m b ә y. (zəngi çalır). Ağalar, əzayi-məclis xahiş edir ki, bəyanatı tamam edək və dəxi danışmağa ixtiyar verməyәk. Kim buna razıdır, dursun ayağa.

Üzvlər təmamən durur ayağa, Mirzə Məhəmmədəli başını bulaya-bulaya gedir oturur yerində və bir neçə dəfə deyir: "necə lüzumu yoxdur?".

R ü s t ә m b ә y (zəngi çalır və bir kağız alır əlinə). Camaat, xahiş olunur acların ərizələrinə qulaq verəsiniz. Ərizə müsəlman cəmiyyəti-xeyriyyəsinə Məşədi Cəfər usta Mehdi oğlu tərəfindən. Ərizədə yazılıb ki, "mən qoca və şikəst adamam və on iki nəfər külfətim var, yomiyyə çörəyinə möhtacıq; cəmiyyəti-xeyriyyədən beş-on manat çörək pulu istəyirik ki, nə qədər canımız sağdır, sizə duaçı olaq".

Haman ərizə sahibi Məşədi Cəfər yeriyir camaatın içinə və ağlaya-ağlaya pul istəyir.

R ü s t ә m b ә y. Ağalar, bu barədə sözü olan danışsın.

T e y m u r b ә y. Mən elə bilirəm ki, cəmiyyəti-xeyriyyə bu məsələyə indi əl vura bilməz. Səbəb budur ki, keçən iclasda da acların ərizələrinə kifayət verilmədi və verilməməyinin də səbəbi budur ki, cəmiyyətin sandığında olan pulları zapasnoy fonda qoymaq söhbəti ortalığa qoyulubdur.

R ü s t ә m b ә y. Belə olan surətdə acların ərizələrini bu günkü məclisdə müzakirəyə qoymaq olmayacaq.

Üzvlərin bir neçəsi deyir: "xeyr, olmayacaq"; bir neçəsi deyir: "gərək müzakirəyə qoyulsun"

R ü s t ә m b ә y (zəngi çalır). Ağalar, acların ərizələrinə bu gün kifayət vermək istəyənlər dursunlar ayağa.

Durur ayağa Zivar xanım və Münəvvər xanım.

R ü s t ә m b ә y (Teymur bəy ilə pıçıldaşandan sonra). Camaat, cəmiyyəti-xeyriyyə belə qərar qoydu ki, acların ərizəsi mövcibincə acların halını yoxlamaq və onların həqiqətdə möhtac olmaqlarını təhqiq eləməkdən ötrü əlahiddə komissiya təyin olunsun və bu səbəbdən həmin məsələnin müzakirəsi bundan sonrakı iclasa qalmağı qərar verildi.

Aclar ağlaşır. Zivər xanım durur gedir. Məşədi Cəfərə bir gümüş pul verir.

Z i v ә r x a n ı m. Doğrusu, mənim bu kişiyə yazığım gəlir. Kakoy on jalkiy! İ navernoye qolodnıy.[5]

Qapıda görsənir Qənbər, Qurban və Zaman. Qurbanın və Zamanın hərəsinin bir əlində uzun çomaq, bir əlində dəstmal bağlaması.

Z a m a n (kobud çoban səsi ilə). Burdadımı o mal həkimi?

Camaaat üzünü çöndərir çobanlara tərəf.

Q ә n b ә r (Zamana). Ədə, heyvan, ədəbli danış. Ağalardan ayıbdı!

R ü s t ә m b ә y (Qənbərə). Qənbər, bir az dayanın, məclis qurtarsın, sonra danışarıq. (Üzünü Aslan bəyə tutur, yavaşca). Aslan bəy, bu bizim sərkarımızdı, o ikisi də qonşu çobanlarındandı. Dünən gəlmişdilər, deyirdilər ki, qoyunlara bir azar düşüb. Cəmiyyət dağılandan sonra bir qədər ayaq saxla, bəlkə bunlara bir dava deyəsən.

A s l a n b ә y. Yaxşı, qalaram.

Q u r b a n (acların ağlamağına diqqət salır və deyir). A balam, niyə ağlayırsınız?

M ә ş ә d i C ә f ә r. Ay qardaş, vallah, acıq. Üç gündü dilimizə çörək dəyməyib.

Bunu eşidəndən sonra Qənbər, Qurban və Zaman bağlamanın birini açırlar və üç nəfər acların hərəsinə bir çörək və çörək üstə yağ qoyub verirlər.

A c l a r (çobanlara). Ay qardaşlar, allah sizə kömək olsun, allah atanıza rəhmət eləsin.

Z a m a n. Nuş-can olsun, qardaşlar. Doyunca yeyin. Doymasanız, genə verərik.

Cəmiyyət durur ayağa və acların yeməyinə tamaşa edir. Gülbahar da diqqət ilə baxır çobanlara.

R ü s t ә m b ә y. Qospoda, zasedaine obyavlyayu zakrıtom.[6]

Cəmiyyət əl-ələ verib istəyir çıxa gedə və sonra yenə qayıdıb, aclara tamaşa edir. Xanımlar da qabaqca bir-birilə öpüşür və sonra hazırlaşır çıxmağa. Hamının nəzəri çobanların aclara çörək verməyindədir.

R ü s t ә m b ә y. Qənbər, Qənbər, yavuğa gəl, sözünü de.

Qənbər, Qurban və Zaman gəlir qabağa, Aslan bəyin yanına.

A s l a n b ә y. Yəqin ki, qoyunlarda yara görsənir.

Q ә n b ә r. Bəli, yaralananı da olur, amma yaranın dilini biz bilmirik; qara nöyüt sürtən kimi yaxşı olur. Amma qızdırmanın çarəsini bilmirik.

Üzvlər çobanların danışağına qulaq verir.

A s l a n b ә y (bir qədər fikirdən sonra). Yaxşı, bir mənə deyin görüm, qoyunun yarasını siz dezinfeksiya eləyirsinizmi?

Q ә n b ә r. Qanmadıq, həkim ağa.

Q u r b a n. Başa düşmədik, qurbanın olum.

Z a m a n. O nə sözdür, başına dolanım.

Camaat gülüşür.

A s l a n b ә y. Bir də mənə deyin görüm, qoyun yaralananda onun temperaturasını ölçürsünüzmü?

Q ә n b ә r. Qanmadıq, həkim ağa.

Q u r b a n. Başa düşmədik, qurbanın olum.

Z a m a n. O nə sözdü, başına dolanım?

Camaat gülüşür.

Q u r b a n. Həkim ağa, yaraynan sənin işin yoxdur, yaranın dilini biz özümüz bilirik. Keçən həftə qumral kərə qoyunu canavar yaralamışdı; bax, yarası belə kalafa kimi idi. Qara nöyüt sürtdük, iki gündə yaxşı oldu.

Camaat və Gülbahar diqqət ilə qulaq asır.

Bənöyüş qaraüzü canavar iki həftə bundan qabaq yaralanmışdı; onu da qara nöyütnən yaxşı elədik. Keçən gün Hacı Əmrahgilin sürüsündən sarı əbrəş qoyunu genə canavar dağıtmışdı; ona da qara nöyüt sürtdülər. Sənin yaraynan işin yoxdu. Bilirik, sən yaxşı həkimsən; sən bu şoqərib qızdırmaya bir dava ver, ya bizə bir məsləhətli söz de. Bir də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək; yoxsa biz çöldə böyümüş çobanıq. Sən bir dava ver, qoyun qızdırmadan ölməsin. Odu, bir ayın içində bizim sürüdən iyirmi qoyun qızdırmadan qırıldı; sarı kərə dünən bizim sürüdən qızdırıb öldü. Zamangilin sürüsündən dünən yox, irəliki gün bir qara bənöyüş, bir də sarı qaraüz azarladı və murdar oldu. (Zamana). Ədə, Zaman, niyə dinmirsən? (Aslan bəyә). Sən bu qızdırmaya bizə bir dava ver, yoxsa belə getsə, evimiz yıxılar. Sən bizə rəhm elə, biz də sənin yolunu boş qoymanıq, hərdən bir yağdan, şordan gətirrik, uşaqlar yeyər; ağ yavannıq pis deyil. Bilirəm, şəhər yeridi, qonaq-qaranız olur.

A s l a n b ә y (Rüstəm bəyə əl verib gedir və çobanlara deyir). Yaxşı, gələrsiniz retsept yazaram.

Çobanlar məəttəl qalıb, bilmirlər nə eləsinlər. Camaat hamı başlayır gülə-gülə dağılmağa.

(Otaqda qalır Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid. Bunlar üçü də yavıqlaşırlar Gülbaharın yanına.)

R ü s t ә m b ә y. Hı, bacım, gördün Aslan bəy nə yaxşı danışır?

Mirzə Məhəmmədəli narazı başını bulayır.

G ü l b a h a r. Xeyr, dadaş!

Z ә h r a b ә y i m (Gülbahara). Ay qız, Aslan bəy danışanda sən yuxulamışdın. Maşallah, yaxşı danışdı.

Rüstəm bəy çəkilir kənara. Səməd Vahid gəlir qabağa.

S ә m ә d V a h i d. Gülbahar, gördün Hüseyn Şahid nə gözəl əşar söylədi?

Gülbahar bərk gülür, buna baxıb Mirzə Məhəmmədəli də gülür. Səməd Vahid də çəkilir kənara və Gülbahar gülməkdən sakit olub deyir.

G ü l b a h a r. Qardaşlarım, vallah, sözün doğrusu budur ki, çobanların danışdığından savayı mən bir söz başa düşmədim. (Çıxır gedir içəri otağa).

R ü s t ә m b ә y (gəlib durur Zəhra bəyimin qabağında və acıqnan deyir). Ana, dəxi bundan sonra qızını kimə istəyirsən ver. Mənim dəxi işim yoxdur.

M i r z ә M ә h ә m m ә d ә l i (Rüstəm bəyә). Söz yox ki, Aslan bəy kimi əhməqlərə getməkdənsə, Gülbaharın evdə qalmağı məsləhətdir.

R ü s t ә m b ә y (çox ucadan Mirzə Məhəmmədəliyә). Axmaq-axmaq danışma!

M i r z ә M ә h ә m m ә d ә l i (bu da ucadan). Danışacağam!

S ә m ә d V a h i d (bu da ucadan). Ədəbsizlər! Əvət, ədəbsizlər!

Üçü də bir-birinə çox hirslə baxa-baxa çıxıb gedirlər. Zəhra bəyim tez durur ayağa və oğlanlarının dalınca yalvara-yalvara.

Z ә h r a b ә y i m. Sizə gələn qada-bala mənə gəlsin, ay balalarım, savaşmayın!

Qoltuğundan bayazını çıxardıb, qalxızır yuxarı. Oğlanları uzaqlaşıb yox olandan sonra qayıdıb oturur yerində. Bayazını yenə qoyur qoltuq cibinə və dərin fikrə gedir.

P ә r d ә s a l ı n ı r.

Qeydlər

redaktə
  1. Ağalar, iclası açıq elan edirəm.
  2. Ağalar, başa düşmürəm bu nə vəhşilikdir? Qoy kim hansı dili daha yaxşı bilirsə, o dildə danışsın. Buna nə var ki?
  3. Ağalar, vallah belə mühakimə etmək olmaz.
  4. Natiqlərin nitqini ixtisar etmək olmazmı?
  5. O nə qədər zavallıdır! Yəqin ki, acdır.
  6. Ağalar, yığıncağı bağlı elan edirəm