Anamın kitabı/Birinci məclis

Anamın kitabı. Birinci məclis
Müəllif: Cəlil Məmmədquluzadə
İkinci məclis


Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi: bir tərəfdə böyük yazı stolu, üstündə qırmızı mahutdan örtük, yanında neçə dənə sandalya, kitab şkafı, stolun üstündə və şkafın içində kitablar. Stolun üstündə telefon, mürəkkəb qabı, qələmlər, kağızlar və qeyri yazı əşyası. Bu--Rüstəm bəyin yazı stolu. Bir tərəfdə qoyulub kitab qəfəsəsi (etajerka), üstə kitablar, yanında bir dənə sandalya. Bura Səməd Vahidin yeri. Bir tərəfdə qoyulub sandıq, içində və üstündə yekə və qara cildli köhnə müsəlman kitabları. Sandığın yanında döşək. Bu da Mirzə Məhəmmədəlinin yeri. Divarlarda çaharcubələr, içində şəkillər. Pərdə qalxan vaxt otaqda oturub tək R ü s t ә m b ә y öz yerində; gözlərində çeşmək, oxuyub yazmağa məşğuldur. Bir qədər sükutdan sonra içəri qapı açılır və Z ә h r a b ә y i m i n başı görsənir və yenə yox olur. Bir qədər keçəndən sonra yenə Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.

Z ә h r a b ә y i m. Bala, görəsən niyə uşaqlar yubandılar?

R ü s t ә m b ә y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, lüğət yazıram.

Z ә h r a b ә y i m dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. İçəri otaqda uşaq ağlayır. Rüstəm bəy qələm əlində tez durur ayağa və haman qapıya yavıqlaşıb deyir:

R ü s t ә m b ә y. Ay uşaq səs eləməyin, mən lüğət yazıram. (Rüstəm bəy qayıdıb oturur və yenə yazıb oxumağa cumur; yenə bir dəqiqə keçir, çöl qapını taqqıldadırlar).

R ü s t ә m b ә y. Kimsən? Gir içəri.

Mirzə Həsən girir içəri.

M i r z ә H ә s ә n. Səlam əleyküm.

R ü s t ә m b ә y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın?

M i r z ә H ә s ә n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ bilmədim.

R ü s t ә m b ә y. Əyləş.

Mirzə Həsən sandalyanı yazı stolunun yanına çəkib oturur, qələmi götürür, kağızları aralayır və yerini rahatlayandan sonra üzünü Rüstəm bəyə tutub yazmağa hazır olur.

R ü s t ә m b ә y. Dünən harda qaldıq?

M i r z ә H ә s ә n (kağıza baxır və oxuyur). Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik.

R ü s t ә m b ә y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? Yevropa və Asiya millətlərinin?

M i r z ә H ә s ә n. Necə ki, Yevropa, habelə Asiya millətlərinin hürufatının ….

R ü s t ә m b ә y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin.

M i r z ә H ә s ә n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufatının əvvəlincisi "A" sövtünün əlamətidir ki, biz ona "əlif" deyirik….

R ü s t ә m b ә y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə xah Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin….

M i r z ә H ә s ә n. Yunanların….

R ü s t ә m b ә y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvəlincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində "əlif" ləfzi. (Yenə qabaqkı kimi içəri otaqdan uşaq səsi gəlir.)

R ü s t ә m b ә y. Səs eləməyin, mən lüğət yazıram (əlində kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir….

M i r z ә H ә s ә n (yaza-yaza). Bəzisinin dilində….

R ü s t ә m b ә y. Bəzisinin dilində çox işlənir, bəzisinin dilində, bəzisinin dilində az işlənir.

İçəri otaqdan Zivər xanım ətirli və kirşanlı, sinəsi və qolları açıq, qıvraq gəlir, Rüstəm bəyin yazı stolunun üstündəki telefonun dəstəyini qalxızıb, qoyur qulağına və belə danışır.

Z i v ә r x a n ı m. Kto u telefona? Kimdi telefonda? Kimdi? Səlimə xanım? Salam əleyküm. Sağ ol, sağ ol. Necә? Kim? Hə, yaxşı! Gəlin bir yerdə gedək. Yaxşı, evdədi. Yaxşı, səlamət qal…. (Dəstəyi qoyur yerinə). Rüstəm, Səlimə xanımgil indi gələcəklər; gərək bu gün biletləri paylayaq, sabah da ki, bilirsən, bizdə cəmiyyəti-xeyriyyənin yığıncağıdı. Bilmirəm sənin hələ işin çoxdur?

R ü s t ә m b ә y. Mən sonra da yaza billəm. Deyirsən nə vaxt gələcəklər?

Z i v ә r x a n ı m. Yarım saata burada olallar. (Rüstəm bəy bir söz deməyib, yenə kitaba məşğul olur. Zivər xanım qıvraq çıxıb gedir. Rüstəm bəy yenə kitaba baxa-baxa deyir).

R ü s t ә m b ә y. Yaz, Mirzə, harada qaldıq?

M i r z ә H ә s ә n. Bəli. Və lakin həmin "A" sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir.

R ü s t ә m b ә y (bir qədər fikir eləyir). Yaxşı, indi yaz: bunu da lazımdır nəzərə almaq ki, həmin "A" hərfi bəzi dillərdə qlasnı hərfidir….

M i r z ә H ә s ә n. İmla hərfidir.

R ü s t ә m b ә y. İmla hərfidir və özü də özlüyündə sloqdur.

M i r z ә H ә s ә n. Yəni "heca" demək istəyirsiniz?

R ü s t ә m b ә y. Bəli, "heca" gərək ola və lakin bəzi tayfaların dilində həmin "A" hərfi soqlasnı hərfləri cərgəsindədir.

M i r z ә H ә s ә n. Bunu "soqlasnı" əvəzinə "hürufi-samitə" yazaq.

R ü s t ә m b ә y. Məsələn, necə ki, B, D, L və qeyriləri.

Çöl qapıdan M i r z ә M ә h ә m m ә d ә l i girir içəri, salam verib, başmaqlarını çıxardır və keçib oturur öz yerində.

M i r z ә M ә h ә m m ә d ә l i. Dadaş, sənə mane olmuram ki?

R ü s t ә m b ә y. Əleykəssəlam, mane olmursan, keç otur.

Mirzə Məhəmmədəli oturur öz yerində dizi üstə və kitablarını açıb baxır.

R ü s t ә m b ә y. İndi keçək "almas" ləfzinə. Yaz, "almas", latınca "atamas", pür qiymət daşlar cərgəsində ən gözəl şəfəqli və kimya aləmində bundan bərk və səxt daş hələ bu vaxtadək dünyada tapılmayıb; bərklikdə cəvahiratın heç biri buna bərabər deyil. Nə zümrüd, nə tupaz, nə dendrit, kvars, yaşma, tormalin və nə qeyriləri.

Mirzə Həsən yazır.

M i r z ә M ә h ә m m ә d ә l i (başını qalxızıb, Rüstəm bəyə tərəf deyir). Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardı ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. Amma mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəindən əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə lüğətinizin dairəsini daraldırsınız. Mənə qalarsa haman ittilaatı ki, siz o zəhmətnən cəm edirsiniz, onları Şərq və islam elmləri ilə tətbiq eləməyinizin bir eybi yoxdur. Məsələn, götürək haman almas barəsində bərklik söhbətini. Mənim qanacağıma görə, "almasdan bərk şey dünyada yoxdur" demək özü bir səhv və qələtdir. Almasdan bərk şey dünyada çoxdur.

R ü s t ә m b ә y. Məhəmmədəli, mən heç vaxt o fikirdə olmamışam ki, lüğətimi Şərq aləmindən uzaq tutum; nəinki o fikirdə olmamışam hələ bəlkə özüm sənə demişəm ki, mənim yadımda və siyahımda olmayan ləfzləri mənim yadıma sal ki, kitabımız nə qədər mümkündür, e … e … e … e….

M i r z ә H ә s ә n. Təkmil olsun.

R ü s t ә m b ә y. Təkmil olsun. İndi hər nə sözün var, de.

M i r z ә M ә h ә m m ә d ә l i. Söhbət haman səxtlik üstədir ki, siz orada yazdınız. Amma mənim əqidəmcə bu barədə bizə bir əmr buyurulubdur, o əmrdən kənara çıxmaq hər ayinə səzavar deyil. Necə ki, məlumdur və kərrat ilə eşitmişik və kitablardan təhsil eləmişik ki, həqq-təala bizə on şey təyin edib ki, bir-birindən bərkdir. Yəni ən əvvəli sonrakından boş və sonrakı qabaqkından bərk; ta gedir çıxır onuncuya ki, dəxi ondan bərk, ondan səxt bir şey dünyada yoxdur və ola bilməz.

İçəri qapıdan Z ә h r a b ә y i m görsənir.

R ü s t ә m b ә y v ә M i r z ә M ә h ә m m ә d ә l i (ikisi də əllərini qalxızıb birdən). Ana, dayan, hələ gəlmə, söz danışırıq.

Zəhra bəyim yox olur.

M i r z ә M ә h ә m m ә d ә l i. Haman bərk şeylərin əvvəlincisi daşdır.

R ü s t ә m b ә y. Yəni necə daş? Axır dünyada daş çoxdur, görək hansını deyirsən?

M i r z ә M ә h ә m m ә d ә l i. Heç təfavütü yoxdur. Hansı daş olur-olsun.

Rüstəm bəy və Mirzə Həsən gülürlər.

M i r z ә M ә h ә m m ә d ә l i. Dəxi burada gülmək, yəni çe? Siz xahiş etdiniz, mən də deyirəm. Lazım deyil, məni əfv buyurunuz; dəxi gülmək yəni nə olsun? Heç dəxli var?

R ü s t ә m b ә y (gülümsünə-gülümsünə). Yaxşı, sözünü de, gülmənik. Sonra? Daşdan sonra?

M i r z ә M ә h ә m m ә d ә l i. İkinci mərtəbədə daşdan sonra bərk olan şey dəmirdir, zira bu iki cisimləri bir-birinə vuranda (əllərini qoşa tutub yavaşca bir-birinə vurur), aşkardır ki, dəmir daşı sındıracaq.

Rüstəm bəy və Mirzə Həsən yenə gülürlər.

M i r z ә M ә h ә m m ә d ә l i. Hə … gülərsiniz, gülərsiniz. Vay sizin halınıza!… Afərin lüğət yazanlar!

R ü s t ә m b ә y (gülə-gülə). Sonra? Dəmirdən sonra bərk olan şey hansıdır?

Mirzə Məhəmmədəli durur ayağa, istəyir getsin. Rüstəm bəy durur, onun qabağını kəsir.

R ü s t ә m b ә y. Məhəmmədəli, uşağa uşaq deyərlər, böyüyə də böyük deyərlər. Sən sözünü de, əgər sənin sözün haqdır, gərək onu deməkdən çəkinməyəsən. Allaha şükür, sən vaizsən, müəllimsən; sən baxma bizim gülməyimizə, sən sözünü de. Əgər bizə lazım olar, lüğətə də bir şey yazarıq, lazım olmaz,--olmaz.

M i r z ә H ә s ә n. Mirzə Məhəmmədəli, mən səndən xahiş edirəm, hövsələ eləyəsiniz və bəyanatınızı başa yetirəsiniz.

M i r z ә M ә h ә m m ә d ә l i (bir qədər fikir eləyib, oturur yerində və sonra başlayır). Dəmirdən bərk olan şey odur ki, dəmiri əridir və özü də səxtlik ənasirində üçüncü dərəcədədir. Oddan bərk olan şey sudur ki, odu söndürür və səxtlik ənasirinin dördüncü dərəcəsindədir.

Rüstəm bəy və Mirzə Həsən əllərini ağızlarına basıb gülürlər.

Sudan bərk olan şey buluddur ki, su haman buluddan əmələ gəlir. (Yenə içəri otaqdan səs gəlir, yenə Mirzə Məhəmmədəli hirsli deyir). Səs gəlməsin! Görürsünüz ki, biz burda söz danışırıq! Bəli, ağama ərz olsun ki, buluddan bərkraq olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır. (Bir qədər dikəlib həvəsə gəlir). Yeldən bərk olan şey mələkdir ki, yelləri idarə edir; yəni haraya göndərməlidir, göndərir; göndərməli deyil, göndərmir. (Bir az da ucadan və həvəsli). Mələkdən bərk şey mələkül-mövtdür ki, mələki qəbzi-ruh edir. Hı … gülərsiniz! Gülün, eybi yoxdur, gülün! Vay halınıza! Mələkül-mövtdən də bərk olan şey bilirsiniz nədir? Ölümdür, ölüm! Hı … gülərsiniz! (Dəxi də hirsli). Bəs bilirsiniz ki, ölümdən bərk şey nədir? Bilirsinizmi, ey lüğət yazanlar?… Ölümdən bərk şey xudavəndi-aləmin əmridir ki, lazım olan yerdə ölüm varid olur, lazım olmayanda olmur. Lazım olan yerdə vaqe olur bəlayi-nagəhanlar, misli-vəlvəleyi-səqf-asimanlar, zəlzəleyi-səthi-xakidanlar, xüsuf-küsuf, yenə xüsuf, yenə küsuf, ma-təaqəbəl-mələvan! (Əllərini yuxarı qalxızır və cuşə gəlir). Siz gərək xəcalət çəkəsiniz, adınızı müsəlman qoyub islam elmlərinə istehza edirsiniz (çığıra-çığıra durur ayağa). Niyə gülürsünüz? Burada ilan oynatmırlar ki? Məgər insan öz qəbahətini gərək annamaya? Eyb deyil? (hirsli gedir qapıya tərəf).

Rustəm bəy və Mirzə Həsən dururlar ayağa və Mirzə Məhəmmədəlinin qabağını kəsib deyirlər.

R ü s t ә m b ә y və M i r z ә H ә s ә n. Dayan bir, dayan bir!

Çöl qapıdan S ә m ә d V a h i d girir içəri və qiylu-qalı görüb deyir.

S ә m ә d V a h i d. İştə irkaklar! Hayda arkadaşlar!

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli və ucadan Səməd Vahidə). A kişi, hələ bilmirəm bu nə deyir ey!…

Səməd Vahid gedib oturur yerində və kağız-qələmini çıxardır. Rüstəm bəy və Mirzə Həsən yenə gülməkdədirlər. Mirzə Məhəmmədəli istəyir başmaqlarını geyə, gedə.

Zəhrabəyim qapıda görsənib, Mirzə Həsəndən utanır və çəkinir. Mirzə Həsən bunu anlayıb, Rüstəm bəydən izin alıb çıxır, gedir. Zəhra bəyim yavaşca içəri girir və qorxa-qorxa gəlir çökür bir tərəfdə. Rüstəm bəy öz yerinə oturub kitaba baxır. Mirzə Məhəmmədəli qapının ağzında dayanıb, bir istəyir çıxa, bir istəyir qala.

Z ә h r a b ә y i m (Mirzə Məhəmmədəliyә). Ay balam, bir dayan görüm, hara gedirsən? Axı nə üstə bu qədər savaşırsınız? Ay belə sizə mən qurban olum, axır min dərd-sərimiz, dost-düşmən var!

M i r z ә M ә h ә m m ә d ә l i. Ana, sən allah sən də əl götür bizdən!

Z ә h r a b ә y i m. Bala, sizin belə mən qadanızı alım, mənim axır siznən vacib işim var. Məhəmmədəli, bala, bir gəl otur, arxayın danışaq. Sən özün, allaha şükür, yaxşı-yamanı bilənsən. Axır, o qızı hər yandan istəyirlər; qız uşağının evdə qalmağının da bir vaxtı var. Nə deyirsən, ay Rüstəm bala? Sən nə deyirsən, Səməd bala? Niyə dinmirsən, Məhəmmədəli bala! Bir deyin görüm, nə məsləhət görürsünüz? Sizə gələn qada-bala mənə gəlsin.

M i r z ә M ә h ә m m ә d ә l i (acıqlı). Mənə dəxli yoxdur! Hər kəsə istəyirsiniz verin.

R ü s t ә m b ә y (kitabı qoyur, durur ayaq üstə). Ana, mən qabaqca da sənə demişəm, indi də yenə deyirəm, qoy oğlanların da eşitsinlər: qız gərək öz xoşu ilə hər kəsə ki, kefi istədi, onu görə və bəyənə və ərə gedə. Dəxi o əsrlər keçibdi ki, qızı zornan istəmədiyi adama ərə verirdilər. Ancaq yenə mən məsləhət görürəm ki, Gülbaharı Aslan bəyə verək.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli). Əstəğfürullah! Əstəğfürullah! Əgər Gülbahar mənim bacımdır, mən bu əmrə hərgiz razı ola bilmənəm!

R ü s t ә m b ә y. Nə səbəbə razı ola bilmirsən? Xub, nə eybi var, razı olmursan, sən de görək kimə verək?

M i r z ә M ә h ә m m ә d ә l i. Mən nə bilim? Kimə qismət olar, ona verərik.

R ü s t ә m çb ә y. Axır necə kimə qismət olar? Hazır qızı istəyirlər, dəxi yüz il gözlətməyәcəyik ki?

M i r z ә M ә h ә m m ә d ә l i (bir qədər dinməyib). Mənə qalırsa, Gülbaharı Mirzə Bəxşəliyə verərik.

Rüstəm bəy gülür.

S ә m ә d V a h i d. Necə Mirzə Bəxşəliyә? Müəllim Mirzə Bəxşəliyә?

M i r z ә M ә h ә m m ә d ә l i. Bəli, haman Mirzə Bəxşəliyə.

S ә m ә d V a h i d. Bən buna hərgiz razı olmam.

M i r z ә Mə h ә m m ә d ә l i (təәccüblü). Necə yəni razı olmazsan? Hələ sən nəçisən?

S ә m ә d V a h i d. Bənə qalıyorsa, Gülbaharı Hüseyn Şahidə verməli.

M i r z ә M ә h ә m m ә d ә l i (sağ əlini fırladır). Pəh-pəh-pəh, buna bax sən allah! Bu da bizə müştəri tapdı.

Z ә h r a b ә y i m. Ay balalarım, sizə belə mənim canım qurban, bir mənə deyin görüm, o dediyiniz adamlar kimdilər? Yaxşımı adamdılar, nəçidirlər?

R ü s t ә m b ә y. Ana, mən dediyim Aslan bəy çox yaxşı adamdı; özü də keçən il yurist dərsi oxuyurdu, sonra peşiman oldu, vastoçni fakultetə girdi. İndi istəyir mal həkimi olsun.

Z ә h r a b ә y i m (Səməd Vahidə). Bala, sən dediyin adam kimdi, nəçidi? Bir qulluğu varmı?

S ә m ә d V a h i d. Ana, Hüseyn Şahid bizim gənc ədiblərimizdəndir, özü də xeyriyyə məktəbində ədəbiyyat dərsi müəllimidir.

Mirzə Məhəmmədəli başını bulayır.

M i r z ә M ә h ә m m ә d ә l i. Pəh-pəh-pəh! Elə bizim gənc ədibimiz əskik idi. Allah bəd nəzərdən saxlasın. (Hirsli). A kişi, mən bilmirəm ədib nədi, axır ey?

R ü s t ә m b ә y. Qardaşlarım, mən sizdən xahiş edirəm ki, hər nə eləmək istəyirsiniz, məsləhətnən və ağıl ucuynan eləyin. Onu siz gərək bilmiş olasınız ki, o şey ki, mehribançılıqnan və məsləhətnən aşar, dava-qalmaqalnan aşmaz. Genə də deyirəm ki, Gülbahar bizim bacımızdı, gərək biz üçümüz də səy, təlaş edək ki, bacımız bədbəxt olmasın. O axı heyvan deyil ki, yapışaq əlindən, kimə ki istəyirik--verək. Sən bir söz deyirsən, mən bir söz deyirəm, o bir söz deyir. Qardaşlarım, beləliknən bir mətləb hasil olmaz. Qız hazır, bax, o qapının dalındadı (əlini içəri qapıya uzadır), çağıraq bu saat özündən sual eləyәk ki, görək meyli kimədi? Aslanbəyə istər, Aslanbəyə gedər, Mirzə Bəxşəliyə istər, Mirzə Bəxşəliyə gedər, Hüseyn Şairdi-nədi, onu istər, ona gedər.

S ә m ә d V a h i d. Belə məsləhətə qarşı bən bir söz söyləməm.

R ü s t ә m b ә y (Mirzə Məhəmmədəliyә). Niyə dinmirsən, Məhəmmədəli?

M i r z ә M ә h ә m m ә d ә l i. Özünüz bilin, mənim işim yoxdur.

Rüstəm bəy durur, qapıdan Gülbaharı çağırır. Gülbahar girir içəri.

Z ә h r a b ә y i m (Gülbahara). Bala, Gülbahar, gəl otu yanımda, durma ayaq üstə.

R ü s t ә m b ә y. Gülbahar, keç otu və qulaq as, gör nə deyirəm. Biz bu saat sənin barəndə danışırdıq. Sözün açığı budur ki, səni üç adam istəyir: biri Aslanbəydi, biri Mirzə Bəxşəlidi, biri də Hüseyn Şahiddi…. İndi sən də fikirləş, allaha şükür, yekə qızsan, dəxi səni öyrətmək lazım deyil. Qəlbin kimə yapışır, ona da get; bizim heç sözümüz yoxdu. Aslan bəy mənim dostlarımdandı, özü də intelligentdi; bəlkə görmüş, ya eşitmiş olasan. Mirzə Bəxşəli və Hüseyn Şahid də müəllimdirlər, amma mən onlara yaxşı bələd deyiləm. Özün bil, fikirləş və cavab ver.

Gülbahar dinmir.

Z ә h r a b ә y i m (Gülbahara). Bala, niyə dinmirsən?

G ü l b a h a r (Rüstəm bəyә). Dadaş, əvvəl bu ki, sən dediyin adamların heç birinə mən bələd deyiləm və qaldı ki, sizin mənim barəmdə çalışmağınız əbəsdir; çünki mən bilirəm ki, mən bir kəsi xoşlasam da, sən razı olsan, Məhəmmədəli dadaşım razı olmayacaq; Məhəmmədəli dadaşım razı olsa, sən izin verməyәcəksən; hər ikiniz də xoşlasanız, Səməd dadaşım bəyənməyәcək. Bir yadınıza salın, görün indiyə kimi mənim üstümdə siz üç qardaşın neçə dəfə dava-mərəkəsinə qonşular yığışıb tamaşaya. Yox-yox, mən heç kəsə getmək istəmirəm. Kaş siz bir-biriniznən yola gedin. (Durub çıxır gedir).

Mirzə Məhəmmədəli gəlib oturur yerində.

R ü s t ә m b ә y. İş belə olan surətdə mən məsləhət görürəm ki, bir surətdə ki, Gülbahar biz dediyimiz adamların heç birinə bələd deyil, sabah axşam gərək ki, cəmiyyəti-xeyriyyənin zasedaniyasıdır, özü də növbətə görə gərək bizim evə yığışalar. Aslan bəy--necə ki, üzv zasedaniyaya gələcək. Gərək hesabnan müəllimlərdən də olalar; çünki proqramlar barəsində müəllimlərdən cavab istəyiblər. Gərək onlardan şikayət də var. Xülasə, onlar gərək gələlər zasedaniyaya. Gülbahar da istəyər, çıxar onlarnan tanış olar.

M i r z ә M ә h ә m m ә d ә l i (sağ əlini oynadır). Bəli, istər, çıxar, onlarnan tanış olar….

R ü s t ә m b ә y. Nə eybi var, çıxmaz, qapının arasından baxar, hamısını görər.

S ә m ә d V a h i d. İzdivaci-niyyət edib, toğrudan-toğruya mülaqatda bulunmaq, zərrə qədər eyb törətməz, zənnindəyəm.

M i r z ә M ә h ә m m ә d ә l i (hirsli, Səməd Vahidə). Allah xatirinə, öz dilində danış, peyğəmbər xatirinə, öz dilində danış!

Çöl qapı taqqıldayır.

R ü s t ә m b ә y. Kimsən? Gəl!

Daxil olur Teymurbəy, qoltuğunda papka; Zəhra bəyim üzünü tutur o tərəfə ki, Teymurbəy görməsin.

T e y m u r b ә y. Səlam əleyküm.

R ü s t ә m b ә y. Ay əleykəssəlam, Teymur bəy. Gəl əyləş.

T e y m u r b ә y. Yaxşıdı, gedəcәyəm.

İçəri otaqdan Zivərxanım çıxır, Teymur bəyə əl verir.

Z i v ә r x a n ı m (gülə-gülə). A, zdravstvuyte, Temur bek!

T e y m u r b ә y (Zivər xanımın əlini öpür). Zdrastvuyte, Zivar xanum!

Teymur bəy də Zivər xanım da otururlar Rüstəm bəyin yanında. Mirzə Məhəmməddəli acıqlı baxır bunlara. Teymur bəy papkanı açır, kağızları aralayır, sonra üç kağız qoyur Rüstəm bəyin qabağına; bu da kağızlara qol çəkir, verir Zivər xanıma, o da qol çəkib, verir Teymurbəyə. Teymur bəy də yığışdırır, qoyur papkaya.

T e y m u r b ә y. Sabahkı zasedaniyanın povestkasında smeta məsələsi barəsində bir şey yazılmayıb; bir az biqaidə oldu. Ola bilər ki, yenə Əfruz xanım çığır-bağır sala.

Z i v ә r x a n ı m. Pajalsta, sən qorxursan qorx, amma mən heç də qorxmuram. Onlar özləri tutduqları iş guya çox qaydalıdı ki, bizimkini də bəyənməyələr? Hələ, sən allah, o dünənki nə hərəkət idi, o nə çəmxəm idi? Vallah mən Əfruz xanımın yerinə xəcalət çəkirdim.

T e y m u r b ә y (saatına baxıb deyir). Deyəsən yubanırıq ha!…

Z i v ә r x a n ı m (durur ayağa). Rüstəm, bu gün cəmiyyəti-xeyriyyənin o qədər işi var ki, bilmirəm axşama kimi qurtara biləcәyəm, ya yox. Yaxşı olardı, sən də gedə idin, bizə kömək eləyәydin.

R ü s t ә m b ә y. Eybi yoxdu, siz gedin, mən macal eləsəm, gələrəm. Harda olacaqsınız?

T e y m u r b ә y. Qabaqca gərək teatra gedək, atçotun kopyasını alaq, sonra Markovun kağız mağazasına gedək, kağız seçək.

R ü s t ә m b ә y. Ola bilər ki, mən də gələm.

Zivər xanım və Teymur bəy dururlar ayağa. Zivər xanım ayna qabağına gedib, şlyapasını düzəldir və Teymur bəy ilə çıxıb gedir. Mirzə Məhəmmədəli yenə acıqlı-acıqlı baxır bunların dalınca. Q ә n b ә r, uzun çuxalı və belində xəncər, yanında çoban Q u r b a n, girirlər içəri. Qurbanın bir əlində uzun çomaq, bir əlində dəsmala düyülü bir qab. İkisi də baş yendirirlər.

R ü s t ә m b ә y. Qənbər, nə var, qoyunlar necədi?

Q ә n b ә r. Sağlığın, bir şey yoxdu. Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır; heç bir əlacı da yoxdu. (Qurbanın əlindən düyünçəni alıb qoyur yerə). Buyuraydınız, bu yavanlığı boşaldaydılar; bir az kərədi, bir az da təzə şordu.

Qənbər düyünçəni aparır içəri, qapının yanına qoyur.

Z ә h r a b ә y i m. Qənbər, niyə çoxdandı görünmürsən?

Q ә n b ә r. Xanım bəyim, vallah macalımız olmur. Qoyunun azarı başımızı bərk qatıb.

R ü s t ә m b ә y. Qənbər, bilirsən nə elə? Sabah axşam mal həkimi bizdə olacaq, cəmiyyəti-xeyriyyənin yığıncağıdı; sən də gəl, yadıma sal, deyək, bəlkə qoyunların qızdırmasına bir dava deyə.

Q ә n b ә r. Baş üstə, gələrəm.

R ü s t ә m b ә y. Hə, yadıma düşdü, dəvə yunu tapşırmışdım, heç yerini eləyə bildin?

Q ә n b ә r. Ağa, axtarıram. Dəxi bizə görə qulluq?

R ü s t ә m b ә y. Gedə bilərsiniz.

Qənbər və çobanlar çıxırlar.

R ü s t ә m b ә y (gəlir anasının tərəfinə və gülə-gülə deyir). Ana, kefin necədi? Yaxşıdır? Ana, bilirsən nə var? Mən lüğət yazıram. Bilirsən lüğət nədi? Yəni insanın dilində hər nə qəribə söz var, gərək o kitaba yazıla; hamısı gərək yazıla ki, bir söz də qalmaya. Bəlkə sən də elə bir qəribə söz bilirsən ki, bizim yadımıza düşməmiş ola. Hə, nə deyirsən, ana? Bir qəribə söz de yazım.

Z ә h r a b ә y i m. Bala, qadan mənə gəlsin, mən nə bilirəm ki, nə deyim?

M i r z ә M ә h ә m m ә d ә l i (durur ayağa). Dadaş, əgər qəribə söz axtarırsan, məndən soruş, deyim; dəxi ağbirçək arvad nə bilir, nə desin? Qəribə söz budu ki, indi maşallah kraxmallı alimlər dəxi hicabı-zadı bilmərrə atıb, başlayıblar russayağı üzüaçıq zindəganlıq eləməyə. Elə mənnən olsa, lüğətə bu mətləbi də yazsan, pis olmaz. (Başmaqlarını geyir getsin).

R ü s t ә m b ә y (acıqlı və ucadan). Məhəmmədəli, səni and verirəm atavın goruna, məndən əl çək.

Mirzə Məhəmmədəli başmaqlarını geyir getsin.

Z ә h r a b ә y i m (Məhəmmədəliyә). Bala, Məhəmədəli, bir dayan. Bala, bir dayan, bir getmə.

Zəhra bəyim qalxır ayağa, qoltuğundan bir bayaz çıxardır, gedir Məhəmmədəlinin dalıyca: o da qulaq verməyib gedir. Zəhra bəyim yenə gəlib oturur yerində və bayazı qoyur qoltuğuna. Səməd Vahid yazıya məşğul olduqda, içəridən uşaq ağlamağı eşidilir. Səməd Vahid, əlində qələm, durur gedir qapıya tərəf və hirsli.

S ә m ә d V a h i d. Çocuq ağlamasın, bən şer yazıyorum (gəlib oturur yerində və Rüstəm bəyә). Dadaş, ədəbiyyatdan lazımsa, nümunə olaraq bir şer deyim, yaz lüğətə.

R ü s t ә m b ә y. Nə eybi var. Amma bu şərt ilə açıq olsun. Yoxsa, doğrusu, mən sənin dilini qanmıram.

S ә m ә d V a h i d (kağızlarını əlləşdirir və bir yerdən şairanə oxuyur):

Ənzari-şəbabımda pədidar olan, ey zill!

Ey zilli-tüluat, oluyorsun yenə peyda!

R ü s t ә m b ә y ("eh" eləyib, çönüb gedir öz stoluna tərəf). O dili mən özüm qanıram ki, lüğətə də yazam?

S ә m ә d V a h i d (durur ayağa və kağızlarını yığışdırır ki, getsin). Dadaş, mən söylədiyim "Faust"dan türk dilinə tərcümədir. Bizim müəllimlər bunu indi bu saat məktəblərimizdə balaca çocuqlara öyrədiyorlar. Sən ki, bunu qanmıyorsan, sənayei-nəfisədən bibəhrə olmağını müşahidə ediyorsın, zənnindəyim, əfəndim. (Səməd Vahid acıqlı, kağızı qəfəsənin içinə atıb, durur gedir).

Rüstəm bəy təәccüblü baxır onun dalıyca.

Z ә h r a b ә y i m (durur ayağa, bayazını qoltuğundan çıxardır və Səməd Vahidin dalıyca). Bala, bir dayan! Bala, bir dayan. Səməd bala, bir dayan!

Rüstəm bəy də kağızlarını yığışdırır və acıqlı, hazırlaşır çıxıb getməyə.

(İndi də Z ә h r a b ә y i m bayazını buna tərəf tutub yalvarır). Rüstəm, Rüstəm, ayaqlarının altında ölüm! Bir dayan! Bala, bir dayan, bir bu kitaba bax.

R ü s t ә m b ә y (acıqlı). Eh, ana, sən allah əl çək! (Rüstəm bəy də çıxıb gedir).

Zəhra bəyim qalır ortalıqda tək, əlində kitab. Bir qədər fikirdən sonra qayıdıb oturur yerində, kitabın bir səhifəsini açır və diqqət ilə baxır. Bir qədər baxandan sonra başlayır haman səhifəni öpməyə.

P ә r d ә s a l ı n ı r.