Arşın mal alan/Birinci məclis

Arşın mal alan. Birinci məclis
Müəllif: Üzeyir Hacıbəyov
İkinci məclis


Әsgərin evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Qapının ağzında nökər Vəli hazır durubdur. Musiqi müqəddiməsi çalınır.

Pərdə qalxır. Ә s g ә r oxuyur.

Ә s g ә r

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

M u s i q i

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd.
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.

M u s i q i

Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.

M u s i q i

Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.

M u s i q i

Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.
Böylə kim ol dilrüba bidərddir, mən — dərdimənd.

M u s i q i

Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.

M u s i q i

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb.

M u s i q i

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd,

M u s i q i

Nalə tərkin qılmazam, nalə tərkin qılmazam,
Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd.

M u s i q i

C a h a n. Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan, adam eşidəndə ürəyi yanır?
Ә s g ә r. Ürəyin yanırsa görünür ki, sənin ruhun var, ay xala!
C a h a n. Qanmadım nə dedin, xalan sənə qurban, bir də de, başa düşüm.
Ә s g ә r. Heç, bir elə söz demədim ki, bir də təzədən deyim…. İndi sən bura bax, ay xala. Bircə mənə de görüm axı belə olmaz ki, belə də qalsın, bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun?
C a h a n. Xalan sənə qurban, Allaha şükür, dünyaya nə olubdur ki?
Ә s g ә r. Belə deyirəm ki, axı bunun axırı necə olsun, nəticəsi necə olsun, məsələn, biz, bəli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlət hamısı var, amma yenə də bilirsən, bununla adamın işi düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə yenə ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm?
C a h a n. Xalan sənə qurban, əlbəttə, düz deyirsən, amma yenə də əməlli başa düşmədim ki, nə deyirsən.
Ә s g ә r. Dediyim aşkar söhbətdir, ay xala! Belə sözün doğrusu o tərəfə, bu tərəfimə baxıb göz yetirirəm, görürəm bir şeyim çatmır.
C a h a n. Bay!… Çatmayan bir şey varsa, gədəni göndər bazardan alsın, onda nə fikir var ki?
Ә s g ә r. Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbətini eləyirəm, sən bazardan danışırsan. Belə deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Malım var, pulum var, amma pul sahibi gərək bir özgə şeyin də sahibi olsun. Vəhalün ki, heç malı, pulu olmayanların görürsən ki, bir sürüsü var.
C a h a n. Xalan sənə qurban, sən bir tacir adamsan, sürünü nə eləyirsən?

V ә l i başını bulayır.

Ә s g ә r. Of, ay xala. Yenə bilmədin nə istəyarəm?
V ә l i (birdən-birə). Mən bilirəm ağam nə istəyir….
Ә s g ә r (ona tərəf yönəlir). Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm….
V ә l i (irişə-irişə). Mən bilirəm sən nə istəyirsən….
Ә s g ә r və C a h a n. Di bilirsən de, nə dayanıbsan?
V ә l i. Sən istəyirsən…. (Birdən hırıldayıb tez qapıdan çıxır, Əsgər gülümsünür).
C a h a n. Bay, elə bil ki, gədənin dəliliyi var. (Əsgərə) Xalan sənə qurban, bircə məni yaxşıca başa sal görüm nə istəyirsən?
Ә s g ә r. Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var?
C a h a n. Boy, bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra sənin iyirmi səkkiz yaşın tamam olacaqdır. Nəyin dərdin çəkirsən? Sən ki, hələ uşaqsan, səni görüm yüz yaşayasan!
Ә s g ә r. Çox əcəb. Axı nə qədər uşaq olsam da yenə də ayaq üstə dura bilərəm ki?

V ә l i daxil olub haman sayaq dayanır.

C a h a n. Əlbəttə, dura bilirsən, allaha şükür, sağ-salamat cavansan.
Ә s g ә r. Yaxşı indi bu sağ-salamat cavan bəs neyləsin, elə yeyib-yatsın?
C a h a n. Əsgər, sən allah, gəl mənimlə açıq danış ki, mən başa düşüm; axı mən türkəsayəcə bir arvadam, ərəb dilini nə başa düşürəm, xalan sənə qurban.
Ә s g ә r (kənara). Əşi, daha utanmaq yeri deyildir. (Cahana). Belə bilirsən nə var, xala? (Bərkdən). Mən arvad almaq istəyirəm ey, arvad, arvad!…
V ә l i. Bax, mən deyən oldu…. (hırıldayır).
C a h a n. Bay … ay xalan sənə qurban, habeləcə de ki, mən də başa düşüm, daha bunun nə çək-çeviri var ki?!
Ә s g ә r. Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm.
C a h a n. Belə çox yaxşı eləyirsən, xalan sənə qurban. Allah o günləri eləsin ki, belə toyunda oynayım. (Vəli oynayır). Bax, Əsgər, xalan sənə qurban, gördün ki, axırda sən gəldin mən deyənə. Neçə vaxtdır mən sənə deyirəm ki, Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol, amma nə fayda ki, sən qulaq asmırdın deyə, mən də daha dinmirdim. İndi görünür ki, mən deyənə getdin. Əlbəttə, arvad al, toy elə, dost sevinsin, düşmən yansın. (Vəli ah çəkir). Bax, istəsən günü bu güncə gedərəm, sənə qız axtararam. Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyirdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm; onu tək qoyma, evləndir. (Ağlayır. Vəli bərk ah çəkir).
Ә s g ә r. Əşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbət açmışıq, görək axırı necə olur.
C a h a n. Xalan sənə qurban, evlən.
Ә s g ә r. Axı nə sayaq evlənim, iş elə burasındadır ki, evlənmək asan iş deyildir.
C a h a n. Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana ki, allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Vallah, lap padşahın da qızını istəsən sənə verər. Bax, burda çox fikir lazım deyildir, qoy elə bu güncə çadramı başıma salıb gedim sənin üçün qız bəyənib seçim. Ya özün, istəsən mənə de, hansı bəyin və ya tacirin qızını istəsən, gedim sənə alım.
Ә s g ә r. Axı mən nə bilirəm ki, hansı bəyin və ya tacirin qızı yaxşıdır ki, deyim get al; mən ki, onları görməmişəm.
C a h a n. Buy. Xalan sənə qurban, bəs mənim gözlərim kordur? Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər.
Ә s g ә r (gülür). Ay xala, bəs elə olsa ağlım gedər, dəli olaram ki…. Yox, xala, bu, əl verməz. Mən gərək əvvəlcə özüm qızı görəm, xoşuma gəldi alam, gəlmədi almayam.
C a h a n. Sən bir ağıllı-başlı mənə nağıl et görüm necə qız alarsan? (Oxuyur və oynayır).

Çadramı sallam başıma,
Üz-gözümü bəzərəm. (2 dəfə)
Gedib sənə qız axtarıb,
Hər tərəfi gəzərəm. (2 dəfə)

M u s i q i

Bəyin, xanın və tacirin
Qızlarını düzərəm. (2 dəfə)
Çəməndəki o güllərin
Ən gözəlin üzərəm. (2 dəfə)

M u s i q i

Xalan sənə qurban ola,
Zəhmətinə dözərəm. (2 dəfə)
Toyunda da sənin, bala,
Bax, beləcə, süzərəm. (2 dəfə)

M u s i q i

C a h a n. Bəs sən kişi xeylağı, qızı nə sayaq görərsən, xalq qızını sənə göstərərmi?
Ә s g ә r. Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, bunun axırı nə olsun? İstəyirəm evlənim, amma bilmirəm kimi alım; çünki heç kəsi görməmişəm və görmək də olmaz.
C a h a n. Ay xalan sənə qurban, sən gəl ata-baba yolu ilə evlən. Sənin nə borcundur, qoy mən gedim sənə qız alım, hərgah pis olsa təqsir mənim boynuma.
Ә s g ә r. Ay xala, sən nə fikir edirsən? Mən arşını iki şahılıq çiti görməmiş almaram; halbuki diri gözlü arvad ola. Yox, mən bu sayaq evlənmək istəmirəm. Bacarsan mənə bir yol göstər ki, qızı görüm, sonra alım.
C a h a n. Xalan sənə qurban, nə yol göstərim?
Ә s g ә r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm.

V ә l i ah çəkir. Sükut. Musiqi çalınır, sonra S ü l e y m a n daxil olur.

S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vəli, sən necəsən?
C a h a n. Allaha şükür, sağ olasan, Süleyman.
V ә l i. Bəy, iltifatın artıq olsun.

S ü l e y m a n Ә s g ә r ә tərəf gedib oxuyur.

M u s i q i

Nədir sənin dərdin, bu nə ahü zardır? (2 dəfə)
Nədir sənin fikrin, belə tarü mardır? (2 dəfə)
Utanma gəl söylə, belə dərdini mənə, (2 dəfə)
Nə qüssədir böylə əsər eyləyib sənə? (2 dəfə)
Bu dünyada yoxdur belə dərdi-bidəva. (2 dəfə)
Dəvasın al dərdin, belə görginən səfa. (2 dəfə)
Eşitməmişsənmi belə bir məsəl də var, (2 dəfə)
Nə arzu varsa, belə axtaran tapar! (2 dəfə)

Balam nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır?

Ә s g ә r. Ay Süleyman, yaxşı oldu sən gəldin; axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək sən nə məsləhət tökürsən?
S ü l e y m a n. Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam?
Ә s g ә r. İnanıram, amma məsləhət töksən lap yaxşı inanaram.
S ü l e y m a n. İndi bir-bir söylə görüm nə olubdur?
Ә s g ә r. Nə olacaqdır, onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə bu dünya belə gəlib belə getsə….
S ü l e y m a n (sözünü kəsir). Dayan, bildim nə istəyirsən.
Ә s g ә r. Nə istəyirəm?
S ü l e y m a n. Əlbəttə, arvad almaq istəyirsən.

H a m ı təәccüb edir.

Ә s g ә r (təәccüblə). Paho, nə bildin?
S ü l e y m a n. Sifətindən görürəm. Onu bilmək çətin deyil ki. (Cahana). Belədir, belə deyil, Cahan xala?!
C a h a n. Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n (Vəliyә). Belədir, belə deyil, Vəli.
V ә l i. Bəy, əlbəttə, belədir.
S ü l e y m a n (Əsgərə). İndi bildin ki, mən ağıllıyam?!
Ә s g ә r. Yarısına qədər bildim. Aşna, indi bir iş də var; hərgah ona bir tədbir töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan.
S ü l e y m a n. Di bir-bir söylə, qulaq asım.
Ә s g ә r. Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi….
S ü l e y m a n. Dayan, bildim nə istəyirsən.
Ә s g ә r. Nə istəyirəm?
S ü l e y m a n. İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb sonra alasan.

Yenə h a m ı təәccüb edir.

Ә s g ә r. Balam necə bildin?
S ü l e y m a n. Ağzını açan kimi. Onu bilməyə nə var ki…. (Cahana). Belədir, belə deyil, xala?…
C a h a n Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ә l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n (Əsgərə). İndi bildin ki, başdan ayağa qədər ağıllıyam?
Ә s g ә r. Bir azca qalıbdır, hərgah bir işi də bilsən, onda imanım kamil olar.
S ü l e y m a n. Bir-bir söylə. Qulaq asaq.
Ә s g ә r. Yaxşı, ağıllı oğlan, bəs, mən qızı harada görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum?
S ü l e y m a n. Ondan asan nə var ki; paltarın dəyiş, köhnəsini gey, qoltuğuna bir top çit-mit nə varsa vur, əlinə də bir arşın al. Ondan sonra düş qapı-qapı gəz və arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssəlam.
Ә s g ә r (sevinir). Əcəb fikirdir, vallah!
C a h a n. Qadan alım, əlbəttə, yaxşı fikirdir.
S ü l e y m a n. Ayrı cürə əlacı yoxdur. (Cahana). Belədir, belə deyil, xala?
C a h a n. Qadan alım, əlbəttə, belədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ә l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n (Əsgərə). İndi gördün ağıllıyam?
Ә s g ә r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sən deyən kimi edəcәyəm.
C a h a n. Ay Süleyman, bəs sən niyə özünü qocaldıb evlənmirsən?
S ü l e y m a n. Mən də evlənərəm, xala. O fikirdən mənim də başımda var. Hələ indi əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu çox tələsiyir. Sonra mən də evlənərəm…. (Birdən). Yaxşı, xala, bəs sənin fikrin nədir?
C a h a n. Heç nə, qadan alım, nə olacaqdır ki?…
S ü l e y m a n. Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Qoy səni bir allah bəndəsinə verək, canımıza dua eləsin.
C a h a n. Buy, qadan alım, mənim nə ərə getmək vaxtımdır ki?
S ü l e y m a n. Necə, çox balacasan? Əlbəttə, vaxtındır, belədir, belə deyil, ay camaat? Əlbəttə, belədir. (Vəliyә). Balam, Vəli, sən də hazırlaş ha!

V ә l i utanır, başını aşağı salır.

S ü l e y m a n. Hə, Əsgər, fikrə gedibsən.
Ә s g ә r. Vallah, sabahdan arşın malı satan olacağam.
S ü l e y m a n. Əcəb elərsən, allah səni də tez muradına yetirsin, bizi də. Belədir, belə deyil, xala?
C a h a n. Qadan alım, əlbəttə, elədir.
S ü l e y m a n. Belədir, belə deyil, Vəli?
V ә l i. Bəy, doğru buyurursan.
S ü l e y m a n. Bəs indi ki, belə oldu, qulaq as. (Oxuyur)

M u s i q i

Öyrən bu kələyi arvadı tap, tez toy elə. (2 dəfə).
Bil kim, düşməyәcək böylə kələk bir də ələ. (2 dəfə).
Amma bax, unutma sən, unutma sən, bizləri sən,
Görəndə qaşı qara, gözü qara qızları sən.

H a m ı. (Əsgərdən başqa).

Amma bax, unutma sən, unutma sən, bizləri sən,
Görəndə qaşı qara, gözü qara qızları sən.

M u s i q i. Oynayırlar.

C a h a n.

O gün ola, balam, toy edəsən, qız alasan, (2 dəfə)
Evlənmək işini aramıza dəb salasan. (2 dəfə).
Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.
Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək.

H a m ı.

Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk.
Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək.

M u s i q i. Oyun.

V ә l i.

Düş bazar--şəhərə, sat arşın mal, Əsgər ağa (2 dəfə)
Axtar, bax, qızı tap, tez arvad al, Əsgər ağa (2 dəfə)
Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,
Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç.

H a m ı

Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac,
Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç.

(Oyun)

P ә r d ә