Arşın mal alan/İkinci məclis

Birinci məclis Arşın mal alan. İkinci məclis
Müəllif: Üzeyir Hacıbəyov
Üçüncü məclis


Musiqi müqəddiməsi çalınır, sonra pərdə qadxır. Soltan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub, biri tikiş tikir, digəri corab hörür.

G ü l ç ö h r ә (tikiş tikə-tikə oxuyur)

M u s i q i

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir.

M u s i q i

Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. (2 dəfə)

M u s i q i

Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş,

M u s i q i

Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş.
Yetən bidərdə tədbirilə dərman etdiyimdəndir. (2 dəfə)
Deyil bühudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahımla viran etdiyimdəndir. (2 dəfə)

Ü ç ü bir yerdə

Ah, ah, ah…. Gəl yarım
Gəl yarım, gəl yarım, gəl yarım.

A s y a (ah çəkir). Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur, bikef oluram.
G ü l ç ö h r ә. Görünür ki, oxumağım sənə xoş gəlmir.
A s y a. Yox, çox xoş gəlir, elə ona görə də məni bir sayaq qəm basır, qüssə eliyirəm.
G ü l ç ö h r ә. Ah, bizim ömrümüz başdan-ayağa kimi qəm-qüssə deyilmi?
A s y a. Hə, vallah, doğru deyirsən.
T e l l i. Ay xanımlar, nə olub ki, qəm-qüssə eləyirsiniz? Allah qoysa, Soltan bəy bu gün-sabah sizi ərə verər, gedib ev yiyəsi, oğul-uşaq sahibi olarsınız, onda qəminiz də olmaz.
G ü l ç ö h r ә. Ah, Telli, o cürə ki, bizi ərə verirlər, heç verməsələr yaxşı olar.
T e l l i. Nə üçün, ay xanım, niyə elə danışırsan?
G ü l ç ö h r ә. Doğru deyirəm, vallah, o cürə ərə getmək mənim xoşuma gəlməz ki, heç bilmirsən səni kimə verirlər, ərin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçəldir, qoturdur, adam döyəndir….
A s y a (təәccüblə). Bəs, ay Gülçöhrə, onda daha heç ərə getməyib evdə qalıb un çuvalına tay olacaqsan?
T e l l i. Allah eləməsin.
G ü l ç ö h r ә. Mən deyirəm ki, evdə qalıb un çuvalına tay olasan? Mən onu demək istəyirəm ki, belə adam əvvəlcə bir kərə ki, kimə gedəcәkdir. Baxa, bəyənə, təhəp-tövpünə bələd ola, sonra ərə gedə.
A s y a (gülür). Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutar. Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq ki, (rişxəndlə) hələ baxıb bəyənəsən?
G ü l ç ö h r ә. Elə olanda, evdə qız qalmaq yaxşıdır.
T e l l i. Əşi, təki ağam sizi ərə versin, mən qaçıb, gedib nişanlını görərəm, evinə-eşiyinə baxaram, sonra gəlib hamısını sizə nağıl edərəm.

G ü l ç ö h r ә ilə A s y a gülürlər.

G ü l ç ö h r ә. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sən görsən kifayətdir, dəxi bizim görməyimiz lazım deyilmiş.
T e l l i. Yox, xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz.
A s y a. Yaxşı, Telli, qoy sən deyən olsun, təki bizi ərə versinlər, yerdə qalanı asandır.
G ü l ç ö h r ә. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyәcəyəm. Amma siz elə görməmişdən ərə gedərsiniz.
T e l l i. Vallah xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Amma görməyəndə ürəyin tələsir ki, bir tez görəsən. (Oxuyur)

Sən o yanda, yar bu yanda,
Ceyran tək boynun buranda
Baxışın min canlar alır,
Məni qəmə-dərdə salır.

M u s i q i

Sən o yanda, yar bu yanda,
Hərdən qıyqacı baxanda,
Gözüm o gözlərdə qalır,
Məni qəmə-dərdə salır.

M u s i q i

Sən o yanda, yar bu yanda.
Saçların üzə salanda,
Göylərə ahım ucalır,
Məni qəmə-dərdə salır.

(Nağıl edir). Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allahla aparırlar. Hələ desən ayağının altında qurban da kəsirlər, sonra otağa aparıb gərdək dalında oturdurlar, ürəyin döyünə-döyünə gözləyirsən. Bir də görürsən ki, qapı açılıb oğlan çıxdı….

Bu əsnada qapı açılıb S o l t a n bəy çıxır. Qızlar səslərini kəsib işlərinə məşğul olurlar.

T e l l i (kənara). Allah eləməsin ki, belə oğlan olsun.
S o l t a n b ә y (əsnəyir). Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl mənim üstümü basdır; indi üstü açıq yatmışam, deyəsən belimə soyuq dəyibdir. (Əsnəyir). Ay … rəhmətlik Sona sağ olaydı…. Qərəz ki, təklik bir sənət deyildir.
G ü l ç ö h r ә. Ay ata, bizə desəydin örtərdik, bilmədik.
S o l t a n b ә y. Demədim, demədim, keçibdir. (Əsnəyir). Di, durun gedin evə, mən də şəhərə çıxıram. Evdən yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içəri daxil olurlar.) Olmur, təklik mənə əl vermir. Beş ildir ki, gün-gündən geri gedirəm. Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elə arvad ki, uğruma gələydi alaydım. Əlbəttə, mənə qız verməzlər. Çünki yaşım çoxdur, pulum da yox. Və bir də təzədən top-tüfənglə evlənmək mənə yaraşmaz; mənimki bir hallıca, dulluca arvaddır ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. Ondan sonra arvad başlar gecələr saqqalıma həna yaxar, səhərlər də yuyar. Yatanda da belimə soyuq dəyməz. Qərəz, gedək, bazara, görək nə var, nə yox. (Gedir).

M u s i q i

Ә s g ә r pərdə dalında oxuyur.

Ә s g ә r.

Arşın mal alan. (2 dəfə)
Arşın mal alan.
Bafta, tafta, buxça hey….

Ә s g ә r qoltuğunda arşın malı və arşın səhnəyə çıxır.

Ә s g ә r. Tamam üç gündür, qapı-qapı dolanıb gəzirəm, amma axtardığımı tapa bilmirəm. Bu günü də başa çıxardım görüm nə olur. Ey bəxt səndən mədəd.

M u s i q i

(Yenə oxuyur).

Arşın mal alan. (2 dəfə)
Arşın mal alan.
Bafta, tafta, buxça hey….

Bu halda G ü l ç ö h r ә, A s y a və T e l l i bir tərəfdən və qonşu qızlar o tərəfdən bayıra çıxırlar. Qızlar Ә s g ә r i çağırır.

Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gəl.
Q ı z l a r xoru. (Soprano)

Arşınmalçı mal göstər,
Bir-bir yerə sal göstər.
Göstər-göstər hər nə var,
Qızlar bəzənmək istər.

M u s i q i

H a m ı.

Ah, nə gözəl parçadır,
Gülləri də qonçadır,
Toy bəzəyi xonçadır, xonça, (2 dəfə)
Xonça….
Ondan bir paltar tikdirsəydim,
Oynardım mən doyunca-doyunca,

M u s i q i

Xor bir də təkrar olunur.

Ә s g ә r (gedə-gedə). Aha, deyəsən qız mədəninə düşmüşəm. Bir sürü birdən çıxdı. Görək necə şeydirlər. (Onlara). Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, bafta, tafta, hər şeyim var.
G ü l ç ö h r ә. Aç görək xoşumuza gələn nə var.
Ә s g ә r. Bu saat, xanım. (Açır, Gülçöhrəyə diqqət yetirir).
A s y a (kənara). Batmış nə göyçək oğlandır.
Ә s g ә r. (yenə diqqətlə baxır). Bax, xanım, hər nə könül istəyən desən, hamısı burada vardır. (Kənara). Amma əcəb qızdır.
T e l l i. Ay xanım, o tumanlıq nə yaxşıdır.
A s y a. A, nəyə lazım olan şeydir ki….
G ü l ç ö h r ә (Asyaya). Sənə lazım olmaz, amma Telliyə lazım olar.
Ә s g ә r. Doğru buyurursan, xanım. (Kənara). Agıllı qızdır, ha!… (Ona) Neçə arşın buyurursan qulluqçunuz ünün kəsim.
G ü l ç ö h r ә. Arşını neçədəndir?
Ә s g ә r. Heç neçə, on iki qəpikdir. Amma sizə iki şahıdan hesab elərəm.
G ü l ç ö h r ә. Bu cürə çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq, elə versən on arşın kəs.
Ә s g ә r. Zərər yoxdur, sizə qurban olsun. (Olcur). Bir … İki. (Kənara) Amma, deyəsən, axtardığımı tapmışam … üç … dörd … vallahi çox gözəl qızdır … beş … altı … yeddi … deyəsən elə qismətim bu olacaqdır … səkkiz … doqquz, görünür zahiri, gözəl olan kimi batini də gözəldir … on … on bir … on iki….
G ü l ç ö h r ә. On arşın bəsdir.
Ә s g ә r. Buy, hə. Fikrimdən çıxdı, budur elə on arşındır. (Kəsir qulluqçuya verir).
A s y a. Ah, bizə yaraşan heç zadın yoxdur.
Ә s g ә r. Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. İnşallah gələn səfər gətirərəm. (Gülçöhrə pul verir). Xanım evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir.
G ü l ç ö h r ә. Nə bildin ki, əlimin bərəkəti vardır?
Ә s g ә r. Elə belə ürəyimə damdı ki, sənin əlin bərəkətlidir. (Kənara). Vallah, mən deyən elə budur ki, var. (Ona). Xanım, bura Soltan bəyin evi deyilmi?
G ü l ç ö h r ә. Özüdür.
Ә s g ә r. Abad olsun! Bəs Soltan bəyin qızı hansınızdır?
A s y a. Bu özüdür.
Ә s g ә r. Allah ömür versin. (Kənara). Çox gözəl qızdır.
A s y a. Ay Gülçöhrə gedək evə; yoxsa əmim gələr acığı tutar.

Gedirlər.

Ә s g ә r. Sağ olun, var olun!
G ü l ç ö h r ә (gedə-gedə). Sən də sağ ol!
Ә s g ә r (tək). Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, heç görməyim. Gəl Əsgər, ya qismət de, bunu al. Soltan bəy məni görməyibdisə də, adımı eşidibdir. Bilir ki, dövlətli tacir oğlanam. Yəqin qızı istəsəm verər. İndi görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Qızı bilmirəm, amma Soltan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa, qızı mənə verməz. Allahın altında qız bir də çıxaydı, yenə bir görəydim, danışdıraydım. Dayan…. (Qapıya baxır). Deyəsən, gələn var. Qoy gizlənim görüm kimdir. (Gizlənir, qapı açılıb Gülçöhrə çıxır).
G ü l ç ö h r ә. Asya demişkən, arşınmalçının sir-sifəti yaxşı idi. İndi Asyaya desən ki, gəl səni ona ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Amma məncə, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mən ona ərə gedərəm. Çünki nə sayaq olsa, yenə də üzünü görmüşəm, bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. Üzü nəcib adamın üzünə oxşayır. Vallah onu qəşəng geyindirəsən, bir oğlan çıxar ki, bəy balası kimi…. Mənə deyir ki, yəqin sənin əlin bərəkətlidir. Özü də elə baxırdı ki, guya tək məni görür…. Bir də görsəydim, yaxşıca diqqət edərdim…. Ah, gör nə danışıram, kim bilir, bəlkə onun arvad-uşağı vardır…. (Fikrə gedir).
Ә s g ә r (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla….
G ü l ç ö h r ә (səksənir), Uy, qorxdum a….
Ә s g ә r. Qorxma, xanım, deyəsən mən arşını burada qoyub getmişəm.
G ü l ç ö h r ә. Olsa burada qalardı….
Ә s g ә r. Zərər yoxdur, evdə alahı arşınım vardır.
G ü l ç ö h r ә (kənara). Yenə o sayaq baxır, gözü-gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur.
Ә s g ә r. Xanım, allahın altında Soltan bəyin on iki nəfər sən kimi qızı olaydı.
G ü l ç ö h r ә. Yəni nə demək istəyirsən?
Ә s g ә r. Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birini də seyidə verib, axırda birini də mənə verəydi….
G ü l ç ö h r ә. Nə olar ki….
Ә s g ә r. Amma yox, verməz, əlbəttə verməz. O bir bəy adamdır, amma mən arşınmalçı. O mənə qız verməz…. (Kinayə ilə) və bir də versə də, qız gəlməz….
G ü l ç ö h r ә. Görünür ki, sən subaysan.
Ә s g ә r. Lap subayam, allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm.
G ü l ç ö h r ә. Bəs nə üçün indiyə qədər evlənməyibsən?
Ә s g ә r. Nə sayaq evlənim; görmədiyim qızı almaram; gördüyüm qızlardan da xoşuma gələn, ürəyimə yatan bir nəfər olubdur ki, onu mənə verməzlər….
G ü l ç ö h r ә. Qız özü sənə getməzmi?
Ә s g ә r. Yəqin ki, getməz, çünki o bəy qızıdır.
G ü l ç ö h r ә. Sən əvvəlcə qızdan soruş, sonra de. Nə bilirsən getməz?
Ә s g ә r. Doğru buyurursan, xanım, bəs, elə isə de görüm mənə gələrsənmi?
G ü l ç ö h r ә (təәccüblə). Kim? Mən?
Ә s g ә r. Bəli sən, mənim xoşladığım qız bircə sənsən.
G ü l ç ö h r ә. Mən elə bildim ki, özgə qızdır….
Ә s g ә r. Səndən başqa özgəsi ola bilməz.
G ü l ç ö h r ә. Bəs sən məni bir kərə görməklə xoşladın?
Ә s g ә r. Əlbəttə, xanım, göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim sevindiyindən çırpınmağa başladı.
G ü l ç ö h r ә (kənara). Vallah mənimki də elə oldu.

M u s i q i

Ә s g ә r.

Öyrənib pürfənd oldum,
Özgəyə rüşxənd oldum. (2 dəfə)
Hər bir dərdə mən doldum,
Səni gördüm, bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum,
Elə bənd oldum, dilbər!
Dura bilməm mən sənsiz.

M u s i q i

G ü l ç ö h r ә.

Heç kəsi mən görməzdim,
Sirrimi söyləməzdim. (2 dəfə)
Nədir aşiq bilməzdim,
Səni gördüm bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum.
Elə bənd oldum, dilbər!
Dura bilməm mən sənsiz.

M u s i q i

İ k i s i b i r y e r d ә.

Kömək etdi çün ol bəxt,
Gəldi çatdı axır vəxt. (2 dəfə)
Ömrümü bildim xoşbəxt,
Səni gördüm bənd oldum. (2 dəfə)
Elə bənd oldum, elə bənd oldum,
Elə bənd oldum dilbər. (2 dəfə)
Dura bilməm mən sənsiz.

M u s i q i

Ә s g ә r. Xanım, mən sənə yaraşan deyiləm.
G ü l ç ö h r ә. Bilmirəm, amma xoşlamışam.

M u s i q i

Ә s g ә r. Görünür, doğru deyirlər ki, qəlb qəlbi istər, xanım….
G ü l ç ö h r ә. Mənə xanım demə, adım Gülçöhrədir.
Ә s g ә r. Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin?
G ü l ç ö h r ә. Məni atamdan istə, verər, verər, verməz--mən özgəsinə ərə getmərəm….
Ә s g ә r (kənara). Çox əcəb. (Ona) Atan səni güclə verər.
G ü l ç ö h r ә. Güclə də getmərəm.
Ә s g ә r. Səni zorla apararlar.
G ü l ç ö h r ә. Özümü boğaram.
Ә s g ә r. Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikir edək görüm bəlkə bir əlac taparam. İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz.
G ü l ç ö h r ә. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir).
Ә s g ә r (tək). Deyirəm vallah, ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdır. Özü də bilmir ki, dövlətli tacirəm. Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Çox əcəb. İndi mən gedim bir bəhanə ilə xalamı dəxi buraya göndərim ki, baxsın, görsün necə qız seçmişəm.

Gedir.

G ü l ç ö h r ә çıxıb ora-bura baxır və sonra oturub fikrə gedir.

G ü l ç ö h r ә. Bu nə iş idi mən elədim. Yad oğlanla nələr danışdım ki, heç qıza yaraşmaz…. Bilmirəm haradan gəldi çıxdı. Özü yaxşı, sözü yaxşı…. Heç fikrimdən çıxmır…. Ah, necə könlüm pərişan olubdur (Oxuyur).

M u s i q i

Aşiq oldum necə bir tazə güli-rənayə.

M u s i q i

Aşiq oldum necə bir tazə güli-rənayə
Ki salıbdır məni ol işvə ilə qovğayə. (2 dəfə)
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necə bir tazə güli-rənayə. (2 dəfə)

M u s i q i

Gözümün qanı ilə sinəmi al etdim kim, (2 dəfə)
Səbəbi-sənət ola ol büti-bipərvayə, (2 dəfə)
Pərvayə, pərvayə.
Bu bir işdir ki, məni iynə kimi incəldib, (2 dəfə)
Salır iplik kimi hərdəm bir uzun sövdayə,
Aşiq oldum, aşiq oldum, aşiq oldum,
Necə bir tazə güli-rənayə. (2 dəfə)

A s y a və T e l l i çıxıb oxuyurlar.

A s y a və T e l l i.

Nə pərişandır halın
Gülçöhrə, Gülçöhrə?!
Nədir bu ahı-zarın?
Tez söylə, tez söylə.
Niyə solmuş rüxsarın?
Gülçöhrə, tez söylə.
Qıza layiq olmaz kim,
Dərd etsin, qəm çəksin. (2 dəfə)
Nədir bu ahı-zarın?
Gülçöhrə, tez söylə,
Gülçöhrə, tez söylə. (2 dəfə)

H a m ı s ı içəri girirlər. Bu halda Ә s g ә r x a l a s ı ilə bərabər çıxır. Cahan çarşaba bürünübdür.

Ә s g ә r. Bax, xala, haman qız bu evdə olur. Apararsan bu məxməri və deyərsən ki, arşınmalçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşınmalçının xalasıyam. Başa düşdünmü?
C a h a n. Başa düşdüm, xalan sənə qurban, gedirəm. (Gedib içəri girir).
Ә s g ә r (tək). Amma getdikcən qıza daha artıq bənd oluram. Günü bu günü Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin…. Belə istədiyimi tapdım…. Bu ev, bu həyət, bu yol hamısı elə bil ki, üzümə gülür. (Oxuyur).

M u s i q i

Axtarıb tapdım səni, səndəmi sevdin, yar məni? (2 dəfə)
Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı
Gəl-gəl maralım, gəl, gəl-gəl, ceyranım, gəl. (2 dəfə)
Səni sevdim, yar səni sevdim, gözüm görməz özgəni.

M u s i q i

Halal olsun Süleyman.

M u s i q i

Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan!
Öyrədib məni yola saldın, mənə rast gəldi yar can. (2 dəfə)

M u s i q i

Gəl-gəl maralım gəl, gəl-gəl ceyranım gəl! (2 dəfə)
Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni. (2 dəfə)

İndi burada dayanmayım. Gedim evə, xalam gəlsin görək nə söyləyәcəkdir. (Gedir).

S o l t a n b ә y bazardan qayıdır, yavaş-yavaş gələ-gələ özbaşına danışır.

S o l t a n b ә y. Elə hamı mən deyəni deyir: bir hallıca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qəndlə iş tamam ola. İndi mən nə qayırım? Elə arvadı haradan tapım? Gəl, ay arvad. Haradasan? Gəl, gəl. (deyən kimi Cahan çıxır və buna tərəf gəlir ki, keçsin. Soltan bəy təәccüblə). Paho!… Yoxsa məni qara basır…. Yox, deyəsən diri gözlü arvaddır. Özü də bizdən çıxdı. Deyəsən, allah mənimkini yetirdi. (Cahana tərəf gedir) Ay bacı, kimsən, bizdə nə işin var idi?
C a h a n. Arşın mal aparmışdım, qızlara göstərəm.
S o l t a n b ә y (kənara). Arvad olmağına arvaddır, ancaq üzünü görsəm pis olmaz. (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan?
C a h a n. Buy … ay qardaş, nə söz danışırsan?
S o l t a n b ә y. Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun.
C a h a n (üzünü açıb göstərir). Gördün ki, arvadam!
S o l t a n b ә y. Hə, gördüm. (Kənara). Arvadsan, özü də lap mən deyəndən. (Ona). Di yaxşı, bir məni başa sal görüm sən kimsən, nəçisən və kimin adamısan?
C a h a n. Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram.
S o l t a n b ә y. Yaxşı, mənə bir demədin ki, görək kimin adamısan.
C a h a n. Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan?
S o l t a n b ә y. Xeyr, tanımıram, mənim dəllal-məllal ilə işim olmaz…. Yaxşı, deməli, sənin kişin dəllallıq edir, özün də arşın mal satırsan.
C a h a n. Bəli, kişim dəllallıq elərdi.
S o l t a n b ә y. Edərdi? Bəs indi nə iş görür?
C a h a n. İndi allah bilir ki, nə iş görür; rəhmətlik on iki ildir ki, ölübdür.
S o l t a n b ә y (sevinir). Ölübdür? Deməli, sən dulsan?
C a h a n. Bəli, dulam.
S o l t a n b ә y. Belə de də. (Öskürür və özünü düzəldir). Deyirsən on iki ildir ki, ərin ölüb dul qalıbsan…. Çox əcab, indi-bəs necə eyləyәk?
C a h a n. (təәccüblə) Nəyi necə eyləyәk?
S o l t a n b ә y (karıxmış). Yox, belə onu deyirəm ki, mənim də arvadım budur, beş ildir ki, mərhum olubdur. Belə olmaq çox pis şeydir. Adam lap tək qalır, bilmir ki, nə etsin. (Kənara). Yaxşıca əlimə düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istəyir getsin Soltan, bəy tez qabaqlayır). Əşi, bir dayan, hara tələsirsən?
C a h a n. Tələsiyirəm, işim var.
S o l t a n b ә y. Daha bundan gözəl nə iş olar, əcəb söhbət eləyirik. Sən dul, mən dul, gəl dərdləşək də…. Yaxşı, indi sən deyirsən ki, dulsan, hə?
C a h a n. Buy, dedim ərim on iki ildir ki, ölübdür….
S o l t a n b ә y. Axı burası var ki, mən də dulam….
C a h a n. Nə olar, allahın əmridir. Tək sənin başında görünməyib ki….
S o l t a n b ә y. Orasını bilirəm…. Bura bax, gəl biz ikimiz bir iş edək.
C a h a n. Nə iş?
S o l t a n b ә y. Belə iş ki, nə sən dul olasan, nə də mən….
C a h a n. Nə sayaq eləyәk?
S o l t a n b ә y. Nə sayağı var ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, şütt-tamam, vəssalam.
C a h a n. Heç başa düşmürəm ki, nə deyirsən.
S o l t a n b ә y. Başa düşmürsən? Əcəb dilbilməzsən! Bəs, elə isə, dürüst qulaq as gör nə deyirəm, a dilbilməz.

M u s i q i

(Çırtı vura-vura oxuyur.)

Bir at aldım, hər yanı çapdım,
Gəl alım, gəl alım, dilbilməz!
Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy!
Gəl alım, gəl alım, maralım, dilbilməz! (Oynayır).

M u s i q i

Bir ev tikdim, daş-üstədir, gəl alım, gəl alım, dilbilməz!
Hər nə desən baş üstədir, gəl alım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy! Gəl alım, maralım, dilbilməz! (Oynayır).

M u s i q i

Sən dul, mən dul, gəl mənə bənd ol, gəl alım; gəl alım, dilbilməz!Hər nə desəm ona razı ol, maralım, maralım, dilbilməz!
Aman, aman oy, qaşı kaman oy! Gəl alım, gəl alım, dilbilməz!

(Bu halda Ә s g ә r gəlir və bunları görür.)

Ә s g ә r. Aha! Xalamın da işi düzəldi. Əcəb! (İrəli gəlir, oynamaqda olan Soltan bəyin qulağına.) A bəy! A bəy! Bir dayan söz deyirəm (Soltan bəy səksənib dayanır). Axı belə iş yaxşı deyildir; özgənin arvadına eşqnamə oxuyursan.
S o l t a n b ә y. Balam, sən kimsən, sənə nə?
Ә s g ә r. Necə mənə nə? Bu mənim xalamdır.
S o l t a n b ә y. Xalandır? Deməli, arşınmalçı sənsən?
Ә s g ә r. Bəli, mənəm.
S o l t a n b ә y. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur?
Ә s g ә r. Nə olubdur ki?
S o l t a n b ә y. Nə olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə vermirsən.
Ә s g ә r (gülümsünür). Nə edim, bir yaxşı adam tapmıram.
S o l t a n b ә y. Yaxşı adam--mən. Gəl də!… Gəl qohum olaq, mən də dulam.
Ә s g ә r (kənara). Aha, yaxşı fürsətdir. (Ona). Doğru deyirsən, bəy, ya zarafat edirsən?
S o l t a n b ә y. Tayımsan ki, zarafat edim? Lap ürəkdən doğru deyirəm.
Ә s g ә r. Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən?
S o l t a n b ә y. Nə verəcәyəm? Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar. Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən?
Ә s g ә r. Yox, bəy, bu sayaq sərf eləməz….
S o l t a n b ә y. Bəs nə sayaq sərf elər?
Ә s g ә r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq.
S o l t a n b ә y (təәccüblə). Nə sayaq ikibaşlı?
Ә s g ә r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə.
S o l t a n b ә y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?! (Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcәyəm?! Cəhənnəm ol buradan sən də, sənin xalan da!… Qudurğanın birisi, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından!
Ә s g ә r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız vermədi, amma tacir Əsgərə verəcәkdir.
S o l t a n b ә y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan. (Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı dağıtdı. Ey vay…. (Oxuyur).

Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz!
Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy…. (Girir içəri.)

P ә r d ә