Arşın mal alan/Dördüncü məclis

Üçüncü məclis Arşın mal alan. Dördüncü məclis
Müəllif: Üzeyir Hacıbəyov


Ә s g ә r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ә s g ә r özü dəxi yaxşı geyinibdir.

Ә s g ә r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).

Bir qədər sonra qapı açılır. G ü l ç ö h r ә n i qaçırıb gətirirlər. Bir neçə oğlan Gülçöhrənin qolundan tutub onu içəri salırlar və qapını örtüb gedirlər. Gülçöhrə bərkdən ağlaya-ağlaya taxtın üstünə yıxılır…. Bir az keçəndən sonra deyir:

G ü l ç ö h r ә. Ox. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər. Bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar. İstəmirəm mən bu dövləti, bu dəstgahı. Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.)

M u s i q i

G ü l ç ö h r ә.

Hicran dərdi, fələk verdi,
Bunca cəfanı layiq gördü. (2 dəfə)
Yoxdur taqət, səbrə halət.
Ölmək yaxşıdır, nə ki bu zillət. (2 dəfə)
Ey xuda rəhm et, ey xuda rəhm et!
Qıl mədəd ya rəb, mən yazığa rəhm et!

M u s i q i

Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur. Hamısından yaxşısı budur ki, bir kərəlik özümü boğum öldürüm, canım qurtarsın. (Dəsmalın açıb burur ki, özünü boğsun, lakin bu əsnada "Arşın mal alan…." səsini eşidib təәcüblə qulaq asır və eşitdikcə keçmiş günlərini yada salır. Əsgər pərdə dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.)

M u s i q i

Ә s g ә r daxil olub, salam verir.

G ü l ç ö h r ә (təәccüblə baxır). Sənsən, yoxsa özgədir?
Ә s g ә r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol.
G ü l ç ö h r ә (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr öldürərlər…. Mümkün varsa, gəl qaçaq. (Əcələ ilə dartır.)
Ә s g ә r (gülür). Hara qaçaq öz evimizdən?
G ü l ç ö h r ә (heyrətlə). Nə danışırsan, bura kimin evidir?
Ә s g ә r. Bura mənim evimdir, sonra da olacaq sənin evin.
G ü l ç ö h r ә. Heç başa düşmürəm? Məni kim götürüb qaçıbdır?
Ә s g ә r. Mən göndərdiyim adamlar.
G ü l ç ö h r ә (fikirli). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar.
Ә s g ә r. Əlbəttə, elədir. Gülçöhrə (lap heyran qalır). Yenə başa düşmədim, allah eşqinə, məni başa sal görüm bu nə kələkdir.
Ә s g ә r (gülür). Bax, Gülçöhrə. Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub özümə qız axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi, amma atan bilmədi ki, mən arşın mal satan oğlalam, çünki o əvvəldən məni görməyibdir.
G ü l ç ö h r ә (nazla). Ay biinsaf. Bəs mənə yazığın gəlmədi ki, bu qədar əziyyət çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum…. (nazla). Belə bilsəydim, səni sevməzdim….
Ә s g ә r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə deyilmi maralım, Gülçöhrə?
G ü l ç ö h r ә (axırda razı olur). Elədir.
Ә s g ә r. Di gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o biri otağa.)

Bu halda bayır qapıdan S o l t a n b ә y daxil olur.

S o l t a n b ә y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi, dedim gedim görüm, bəlkə qız, xudanəgərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır.) Bəs hanı bunlar? Ay uşaqlar, kim var?

Ә s g ә r daxil olur.

Ә s g ә r. Salaməleyküm, Soltan bəy, sən bizə xoş gəlmisən.
S o l t a n b ә y (əvvəl xoş üzlə, sonra təәccüblə). Balam, sən…. Sən Əsgərsən? Yoxsa o arşın mal satan?
Ә s g ә r. Xeyr bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir.
S o l t a n b ә y. Deyirəm axı, ancaq mənim gözümə belə görükdü ki, qabağımda o gədədir.
Ә s g ә r. Hansı gədə?
S o l t a n b ә y. Heç, bir gədə var idi, arşın mal satardı.
Ә s g ә r. Bilirəm, sən istədin ki, onun xalasın alasan, o da əvəzində səndən qızını istədi, özü də acıqlanıb qovdun, elədirmi?
S o l t a n b ә y (təәccüblə). Elədir…. Balam sən hardan bildin?
Ә s g ә r. Necə bilməyim ki, o mən özüm idim….
S o l t a n b ә y (heyrətlə.) Nə danışırsan?
Ә s g ә r. Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm sonra alım.
S o l t a n b ә y. Doğru deyirsən?
Ә s g ә r. Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni.) Gülçöhrə!
G ü l ç ö h r ә (daxil olub atasına tərəf gedir). Bax, ata, həm sən deyən oldu, həm mən deyən. Əsgər bizi kələyə qoyub sənin acığına və mənim də əzabıma səbəb oldu, bütün təqsir bundadır.
S o l t a n b ә y (ayılır). Hə, indi başa düşdüm, çox kələkbaz imişsən. Rəhmətlik sənin atan heç belə deyildi. Ya allah. (Əl verir.) Çox gözəl, çox pakizə, vay səni Əsgər. Amma əcəb kələkbaz imişsən. (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan necə oldu, hə? Həqiqət, o, sənin xalan idi, yoxsa o da kələk idi?
Ә s g ә r. Xeyr, doğrudan xalamdır.
S o l t a n b ә y. Yəqin özü də duldurmu? (Sevinir).
Ә s g ә r. Bəli, duldur.
S o l t a n b ә y. Hə, di ver gəlsin də!
Ә s g ә r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək xalamı çağır.

G ü l ç ö h r ә gedir.

S o l t a n b ә y. Gəlsin, onu alım da! O dul, mən dul; həkim də mənə deyib ki, gərək arvad alam. Mən bilən həkim xalanı da görsə deyər ki, ərə get.
Ә s g ә r. Nə sözüm var ki, al də, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı qohum nədir?
S o l t a n b ә y (gülür). Bildim, bildim, a kələkbaz.

G ü l ç ö h r ә və C a h a n daxil olurlar.

S o l t a n b ә y (Cahana). Əşi, gəl də!… İrəli gəl! Görürsən sənin, sənin bu bacıoğlun nə kələkbaz imiş…. Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pulla aran necədir? Deyirəm ki, elə Əsgərlə Gülçöhrənin və səninlə mənim toyumuz bir olsun.
C a h a n. Nə deyirəm, allah xeyir versin.
H a m ı. Amin, amin.
S o l t a n b ә y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandılar. Sizin gədəni göndərin Asya ilə Tellini bura gətirsinlər.
Ә s g ә r. Bu saat gedim göndərim. (çıxır).
S o l t a n b ә y Əşi, vallah, sevindiyimdən elə bilirəm ki, cavan oldum…. (Tez dilin dolayır). Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun mənə.

Ә s g ә r gəlir.

Ә s g ә r. Göndərdim getdi.
Bu halda S u l e y m a n daxil olur.

S ü l e y m a n. Salamünəleyküm.
S o l t a n b ә y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə kələkbaz imiş!…
S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir.
Ә s g ә r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur, xalam desin!
C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi.
S o l t a n b ә y. Belə imiş!… Süleyman, mən səni heç belə bilməzdim, bu işləri haradan öyrənibsən?
S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram.
S o l t a n b ә y. Ay sənin başın var olsun.
S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur?
Ә s g ә r. Bəli, budur.
S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır.
S o l t a n b ә y. Sən yəqin Asyanı görübsən.
S ü l e y m a n. Asya kimdir?
S o l t a n b ә y. O mənim qardaşım qızıdır.
S ü l e y m a n (sevinir). Hә? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də toy edim də!…
S o l t a n b ә y. Doğru deyirsən?
S ü l e y m a n. Əlbəttə!
S o l t a n b ә y. Verdim, al!
H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu!
S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar.

Bu halda A s y a, T e l l i və V ә l i daxil olurlar.

S o l t a n b ә y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm gedərsənmi?
A s y a (utana-utana). Bəli, gedərəm.
S o l t a n b ә y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə. (Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala nə dərdin var ki?
Ә s g ә r. Nə dərdi olacaqdır…. Gülçöhrəni mənə verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!…
H a m ı. Doğrudur, doğrudur.
S ü l e y m a n (Vəliyә). Hə, dedim ki, axı sən də hazırlaş.
S o l t a n b ә y. A qız, Telli, Vəliyə gedərsənmi?
T e l l i (mərd-mərdanə). Bəli, gedərəm.
S o l t a n b ә y. Vəli, sən Tellini alarsanmı?
V ә l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür).
H a m ı. Allah xeyir versin.
S o l t a n b ә y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq?
H a m ı. Elə günü bu gün.
S o l t a n b ә y. Bəs elə isə başlayaq, düzülün!

C ü t-c ü t olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür.

P ә r d ә