Arşın mal alan/Üçüncü məclis

İkinci məclis Arşın mal alan. Üçüncü məclis
Müəllif: Üzeyir Hacıbəyov
Dördüncü məclis


S o l t a n b ә y i n evindә vaqe olur. G ü l ç ö h r ә tәkcә oturub oxuyur. Musiqi çalınır.
 
Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda.
 
M u s i q i
 
G ü l ç ö h r ә
 
Bülbüli-zarәm, güli-rüxsari-alindәn cüda,
Tutiyi-lalәm, şәkәr nisbәt mәqalindәn cüda. (2 dәfә)
 
M u s i q i
 
Der idim sәbr eylәyim olsam cәmalından cüda.
    
M u s i q i
 
Der idim sәbr eylәyim olsam cәmalindәn cüda,
Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)
Ah ... aman-aman ... aman-aman!
Bilmәdim düşvar imiş olmaq vüsalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar gәl!...
 
M u s i q i
 
Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda.
 
M u s i q i
 
Әqlimi tәrk eylәdim fәzlü kәmalindәn cüda.
Dönmüşәm mәn müflisә cahü cәlalından cüda. (2 dәfә)
 
M u s i q i
 
Tirә oldu ruzigarım zülfü xalindәn cüda.
 
M u s i q i
 
Tirә oldu ruzigarım zülfü xalindәn cüda,
Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)
Ah aman, aman, aman, aman!
 
M u s i q i
 
Oldu sәhra mәnzilim vәhşi qәzalindәn cüda. (2 dәfә)
Yar gәl, yar gәl, yar gәl, yar gәl!...
 
M u s i q i
 
Üzünü örtüb ağlayır.
 
A s y a (daxil olub Gülçöhrәnin yanına gәlir). Ah Gülçöhrә, sәn allah, bir de görüm sәnә nә olub ki, bu bir neçә gündür belә pәrişan görünürsәn?
G ü l ç ö h r ә. Vallah, heç özüm dә bilmirәm. Yәqin naxoş olmuşam.
A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sәnin heç yerin ağrımır, şükür allaha.
G ü l ç ö h r ә. Ah, Asya, neylәyirsәn soruşub, sәn allah qoy mәni әldәn.
A s y a. Yox, Gülçöhrә, bu bir neçә gündür ki, sәn bilmәrrә dәyişilibsәn. Eyzәn fikirdә, kefsiz, dinmәz, yәqin burda bir hikmәt vardır.... Ay qız, bәlkә bir adama bәnd olubsan, hә?
G ü l ç ö h r ә. (Hәrәkәt edir). Kimә bәnd olacağam....
A s y a. Yox-yox, qızardın. Görürәm ki, bir adama bәnd olubsan, ancaq o adam kimdir? Bizә arşın malsatandan başqa heç kәs gәlmәmişdi. (Birdәn). Yәqin o gәdәyә bәnd olubsan?
G ü l ç ö h r ә. Gәdә nә üçün olsun?!
A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sәnә yaraşan işdirmi? Sәn bәy qızı, bәy balası bir gәdәnin birinә bәnd olubsan.... Nәdir-nәdir bir qәdәr sir-sifәti var. Vallah, istәr lap çıraq kimi yansın, heç bir belә dә mәhәl qoymaram; o hara, mәn hara....
G ü l ç ö h r ә. (tәqsirli kimi). Vallah özüm dә başa düşmürәm ki, bu nә haldır. (Ağlamsınır vә әllәri ilә üzünü örtür.)
A s y a (nәsihәtyana). Sәn yekә qızsan, elә şeylәri başından çıxart. Sәn hara, bazarın gәdәsi hara? Barı bәnd olursan, elә adama bәnd ol ki, sәnә yaraşan olsun. İkinciyә qalan yerdә bәnd olmaq özü qız üçün çox pis şeydir. Bax, mәn sәnin kimi bir qızam, amma heç gör mәn bir adama bәnd olurammı? Bir dә vallahi, işdir, birdәn atan bilsә, yәqin bil ki, sәni tikә-tikә doğrar.
G ü l ç ö h r ә. Qoy atam bilsin, bir kәrәlik mәni öldürsün ki, canım qurtarsın.
A s y a. Axmaqlama, axmaqlama! Gәl bәri, gedәk o biri otağa, gör sәnә nәlәr söylәyәcәyәm.
 
G ü l ç ö h r ә n i aparır, gedirlәr.
 
S o l t a n b ә y (daxil olur, tәk). Zalım oğlu arşınmalçının xalası yaxşı girimә keçmişdi, olmadı. Әsl mәn deyәn arvad elә o idi ki, hallıca, dul, әndamlı. Bir nәfәr molla, üç manat pul vә bir kәllә qәnd, şüt-tamam, vәssalam. Amma di gәl ki, mәndә bәxt yoxdur.... Qudurğan oğlu qudurğan, bir dul xalasının әvәzindә gözәl-göyçәk qızımı istәyir. Guya ki, mәn qızımdan әl çәkmişәm, bazarın gәdәsinә verәm.... Mәn bir bәyәm ki, bütün tanışlarım adımı әzbәr bilir. Әşi, xanla aş yemirәm ki, bığım yağa batar, bir gәdәnin birisi mәnә göyә olmaq istәyir.... Amma xalasını alardım vә bir söz deyәn olsaydı, deyәrdim ki, bir fәqir dul arvad idi, rәhmim gәldi, aldım.... Әlqәrәz, arvad elә öz ayağı ilә yanıma gәlmişdi, şeytan oğlu şeytan işә pәrxaşlıq saldı. Qoymadı işimizi görәk.... Ah, gedәk bir az dincәlәk; yenә belimin ağrısı tutdu.... (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.)
T e l l i (tәk). Of, yenә ağam getdi uzanmağa. Kişi lap zәhlәmi tökübdü, indi yenә çağıracaqdır ki, ay qız Telli, gәl üstümü basdır. (Soltan bәyin sәsi gәlir: "Ay qız Telli, gәl üstümü basdır"). Çor, zәhrimar.... (Mülayim) Gәlirәm, gәlirәm. (Gedir.)A s y a (daxil olub, tәk). Ha öyüd, nәsihәt edirәm olmur. Görünür ki, qız gәdәyә çox bәnd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rәhmi gәlir: bilmirәm hayandan gәldi çıxdı bura arşın malsatan.... Yenә bir bәy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gәdәsi.... (Pәnçәrәyә tәrәf baxır). O kimdir bizә gәlir? Buy, nә yaxşı oğlandır, vallah lap bәy balasına oxşayır. Bax adam bәnd olanda da belәsinә ola. Görәsәn bu bizә niyә gәlir, xeyir xәbәr ola. Gәlir, gәlir, düz bizә gәlir, qoy gәlsin qaçmayacağam. Gәldi....
 
Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya әli ilә üzünü gizlәtmәk istәyir.
 
S ü l e y m a n. Soltan bәy evdәdirmi?
A s y a. Bәli, evdәdir. Bir qәdәr burada әylәşin, gedim çağırım. (Gedir.)
S ü l e y m a n (tәk). Yәqin ki, Soltan bәyin qızıdır, amma әcәb gözәl qızdır, bәrәkәllah, Әsgәr! Görünür ki, kişinin ruhu var ki, özünә bu cür qız seçibdir. Mәn belә bilmәdim ki, Soltan bәyin qızı gözәl imiş, yoxsa әvvәldәn bilsәydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük sәhv elәmişәm. Gәrәk bu qızı mәn alaydım. Halbuki indi gәlmişәm qızı Әsgәr üçün istәyәm. (Fikir). Yoxsa, bәlkә elә gәlmişkәn, elә özüm üçün istәyim?... Yox, bu yoldaşlıq haqqında namәrdlik olar. Әsgәr mәnә etibar edib elçiliyә göndәribdir, özü dә qıza bәnddir, necә ola bilәr ki, onu mәyus elәyim, lәnәt şeytana. Adam gәrәkdir dostluqda düz ola. Nә elәmәk? Mәn dә axtararam, özümә bir gözәl qız taparam, xainlik pis şeydir.
 
S o l t a n b ә y daxil olur.
 
S o l t a n b ә y. Paho, Süleyman, sәn hara, bura hara? Xeyir xәbәr olasan, әylәş görәk nә var, nә yox? (Әl-әlә verib, otururlar).
S ü l e y m a n. Bәy, xeyir olmamış nә olacaq? Şükür allaha, hәr şey öz yerindә sazdır.
S o l t a n b ә y. Çox gözәl, indi söylә daha nә var, nә yox?
S ü l e y m a n. Bәy, bilirsәn bu dünyanın işi elә belә gәlibdir ki, insan insana lazım olur, adam adama gәrәk olur. Görürsәn ki, әvvәlcә bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gәrәk elә olasan ki, sәnә yaraşan ola, özü dә varlı ola, adlı-sanlı ola.... Mәsәlәn, götürәk bizim cavan tacirimiz Әsgәri....
S o l t a n b ә y. O kimdir?
S ü l e y m a n. Bәy, sәn onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mәrhum bәzzaz Mürsәli deyirәm ki, bir gözәl kişilәrin birisi idi.
S o l t a n b ә y. Hə, yaxşı tanıyıram; hәqiqәt, mәrhum çox gözәl kişi idi.
S ü l e y m a n. Bәli, indi Әsgәr dediyim oğlan onun oğludur ki, o da hәr bir barәdә atası kimi gözәl adam vә ağıllı oğlandır. Özünün dә şükür allaha, yaxşı varı, malı. Alveri dә çox böyük tәrәqqidәdir.
S o l t a n b ә y. Yaxşı, Әsgәr nә deyir?
S ü l e y m a n. Әsgәrin dediyi odur ki, sәninlә qohum olmaq istәyir.
S o l t a n b ә y. Balam, mәnim qızım uşaqdır ki....
S ü l e y m a n. Bәy, gәrәk uşaq olmasın. Amma onu bil ki, Әsgәr özgә adamdır, bәy. O sayaq oğlanın qohumluğu sәnә hәr bir barәdә yaxşı olar.
S o l t a n b ә y. San orasını doğru deyirsәn; hәqiqәt tacir tayfası mәnim xoşuma gәlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vәkil-mәkil, uçitel-muçitellәr ilә mәnim işim olmaz. Vә xoşuma da gәlmәzlәr. Ancaq burası var ki, Әsgәri mәn görmәmişәm. Hәrçәnd bilirәm ki, atası yaxşı kişi idi vә dövlәti dә çox idi, ancaq bәzi vaxt yaxşı kişinin pis övladı olur.
S ü l e y m a n. Xeyr, bәy, Әsgәr çox gözәl oğlandır. Çox ağıllı, yaraşıqlı vә çox da şüurlu oğlandır. O barәdә tәvәqqe edirәm ki, mәnә etibar edib, sözümә inanasan. Hәrgah allah elәmәmiş Әsgәr pis adam olsaydı, mәn sәnin qızını ona istәrdimmi?
S o l t a n b ә y. Elә isә, allah xeyir versin, razıyam....
S ü l e y m a n (әl tutur). Allah xeyir versin, allah hәr ikisini xoşbәxt elәsin. Oğul-uşaq sahibi olsunlar.
S o l t a n b ә y. (durur). İndi buyur dә, buyur, gedәk o biri otağa çaydan-zaddan içәk, söhbәtimizi dә orada edәk. (Durub, o biri otağa keçirlәr.)
A s y a (daxil olur, tәk). Vallah, heç belә gözәl oğlan olmaz. Ömrümdә dә görmәmişәm. Qoy indi dә bu qapının deşiyindәn baxım, (Әyilib qapının deşiyindәn baxır.) Mәn dә bu oğlana bәnd olacağam. (Acıqla). Nә qayırım? Gülçöhrә gәdәnin birinә bәnd olanda, mәn niyә bәy oğlu kimi bir cavana bәnd olmayım? Elә olaram ki, hәlә Gülçöhrәni dә ötәrәm.... (Aşiqanә). Of, hәqiqәt, adamın adama gözü düşәndә әhvalı necә pәrişan olur! (Oxuyur).
 
M u s i q i
 
Gözәlim, yar gözәlim.
 
M u s i q i
 
Bir sözüm var, gözәlim.
 
M u s i q i
 
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. (2dәfә)
 
M u s i q i
 
Aşiq oldum sәnә mәn.
 
M u s i q i
 
Etmәdin lütfü kәrәm.
 
M u s i q i
 
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. (2dәfә)
           
M u s i q i
 
Yanıram eşq oduna,
Yetmәdin fәryadına.
Bu yazıq yarına hәrdәn
Bir nәzәr sal, gözәlim. ( 2 dәfә)
 
M u s i q i
 
Gözәlim, yar gözәlim....
 
Oynayır, sonra gedir.
 
T e l l i (çıxır). Yaxşı ki, qonaq gәldi, mәni ağamın әlindәn qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov.... Daha hәlak elәdi mәni. Belә şorgöz kişi olmaz. Vallah bir allah bәndәsi olsaydı, mәnicә alardı, canımı qurtarardı. Amma hanı bir elә allah bәndәsi! (Deyәn kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bәndәsini yetirdi. (Gedib qapını açır, Vәli daxil olur).
V ә l i. Soltan bәyin evi buradır?
T e l l i. Hә, buradır, nә işin var?
V ә l i. Sizdә bir nәfәr qonaq varmı?
T e l l i. Hә, var, necә?
V ә l i. Daha nә üçün acığın tutur?
T e l l i. Acığım nә üçün tutsun, sәn kimsәn?
V ә l i. Mәn kilimçi. (Kәnara). Amma әcәb qızdır, yәqin bu qulluqçudur.
T e l l i. Kilimçi nәdir?
V ә l i. Bir әvvәlcә de görüm sәn kimsәn?
T e l l i. Mәn bu evin qulluqçusuyam.
V ә l i. Mәn dә o evin nökәriyәm.
T e l l i. Hansı evin?
V ә l i. Belә o evin, o....
T e l l i. Buy, elә bil gәdә dәli olubdur.
V ә l i. Dәli niyә oluram, maralım!
T e l l i. Mәn maral deyilәm.
V ә l i. Belә mәndәn ötrü maralsan, bu canım sәnә peşkәş. Belә, belә ... belә.... (Oxuyur).
 
M u s i q i
 
Qoy xanımı bәy aparıb
Tezlik ilә toy elәsin. (2 dәfә)
Sәnidәcә mәn alaram, (2 dәfә)
Mәn dә bir bәy olaram.
 
T e l l i. Pulun var?
V ә l i. Var, var.
T e l l i. Pulun var, gәlәrәm!
V ә l i. Bilirәm, gәlәrsәn!
Tel l i. Belә, belә yarımsan!
V ә l i. Belә, belә canımsan!
 
M u s i q i. Oynayırlar.
 
T e l l i.
 
Mәn gedәrәm ol kәsә ki, (2 dәfә)
Onun pulu çox olsun.
Onun pulu çox olsun, (2 dәfә)
Dәrdi, qәmi az olsun.
Pulun var?
 
V ә l i. Var, var.
 
M u s i q i. Oynayırlar.
 
İ k i s i b i r y e r d ә.
 
Qoy xanımı bәy aparıb,
Tezlik ilә toy elәsin. (2 dәfә)
 
V ә l i. Sәnidәcә, mәn alaram.
T e l l i. Mәnidәcә sәn alarsan.
V ә l i. Mәn dә bir bәy olaram. (2 dәfә)
T e l l i. Sәn dә bir bәy olarsan. (Tәk). Pulun var?
V ә l i. Var, var.
 
M u s i q i. Oynayırlar.
 
T e l l i (xoşuna gәlir). Әşi tez ol, sözünü de görüm nә istәyirsәn?
V ә l i. Sәni istәyirәm, sәni. Bildinmi?
T e l l i. Buy, әcәb işә düşdüm.
V ә l i. Gözümün, işığı, get, o qonağa deynәn ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Әcәb qızdır. Vallah, qoy ağam qızı alsın, mәn dә bunu alım, ikimizin dә toyu bir gündә olsun. (Әlini-әlinә sürtür).
 
S ü l e y m a n vә S o l t a n b ә y çıxırlar.
 
S ü l e y m a n. Hә, Vәli, sәnsәn? Bildim nә üçün gәlibsәn, gәl gedәk. (Soltan bәyә). Bәy, hәlәlik xudahafiz.
S o l t a n b ә y. Xudahafiz, salamat ol. (Gedirlәr. Soltan bәy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrәni, Asyanı bura çağır gәlsin. Qıza da deyim görüm nә olur.... Bәli, dünyanın işi belәdir.... Bir vaxt var idi biz dә cavan idik.... İndi....
 
Q ı z l a r gәlirlәr.
 
S o l t a n b ә y. Hә, oturun görüm. Ay qız Gülçöhrә, nә üçün belә bikef görünürsәn? Nә olub ki, naxoş deyilsәn ki?
G ü l ç ö h r ә. Xeyr ata, yaxşıyam.
S o l t a n b ә y. Çox gözәl, qızım, bilirsәn nә var?
G ü l ç ö h r ә. Xeyr, ata.
S o l t a n b ә y. Bәs elә isә bil: sәni әrә verirәm.
 
G ü l ç ö h r ә hәrәkәt edir. T e l l i şad olur. A s y a heyfsilәnir.
 
A s y a (kәnara). Heyf, oğlan әlimdәn çıxdı.
G ü l ç ö h r ә. Ay qız, mәnim nә vaxtımdır ki, әrә gedim?
S o l t a n b ә y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsәn. Hәr bir şeyi bilirsәn, anlayırsan. Sәni bir tacir oğlana verirәm ki, hәm cavan, hәm pullu, hәm mallı....
G ü l ç ö h r ә. Ata, acığın tutmasın, mәn әrә gedәn deyilәm.
S o l t a n b ә y (mülayim). Bax, axmaqlama. Mәn elçiyә söz verdim getdi.
A s y a (kәnara). Allah sәnә şükür, gәlәn oğlan elçi imiş.
G ü l ç ö h r ә. Yox ata, mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y. Yaxşı, yaxşı, naz elәmә, bilirәm ki, ürәyindә sevinirsәn.
G ü l ç ö h r ә. Yox ata, doğru sözümdür, mәn әrә getmәk istәmirәm, istәyirsәn vur mәni öldür, әrә vermә.
S o l t a n b ә y. Deyәsәn, sәn doğrudan danışırsan. (Bәrkdәn). Nә axmaq sözdür, necә yәni әrә getmәk istәmirsәn? Evdә qalıb qocalıb qartımayacaqsan ki?
G ü l ç ö h r ә (ağlayır). Mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y (lap bәrkdәn). Sәn allah qudurğan olma. Sәnin nә haqqın var söz danışmağa. Atan sәni әrә verir, sәnin borcun itaәt elәmәkdir.
A s y a. Әlbәttә, Gülçöhrә, atan nә deyir, sәn ona qulaq as, indi ki, sәni әrә verirlәr, sәnin borcun getmәkdir. Daha burda artıq çek-çevir olmaz ki....
G ü l ç ö h r ә. Qoy atam mәni öldürsün, amma әrә vermәsin.
A s y a. Axı sәnin danışmağa nә haqqın vardır.
S o l t a n b ә y. Sәnә deyirәm ki, axmaq olma. Mәn sәni elә adama әrә verirәm ki, daha elәsin tapmazsan. Sәn nә fikirdәsәn?
G ü l ç ö h r ә. Sәn o adama Asyanı әrә ver, qoy mәn evdә qız qalım.
S o l t a n b ә y. Nә boş-boş danışırsan. Asyanı istәyәn olsa, onu da әrә verәcәyәm. İndi sәni istәyirlәr, gәrәk әvvәl sәni verim.
A s y a. Әlbәttә, elәdir.
G ü l ç ö h r ә. Mәn әrә getmәk istәmirәm.
S o l t a n b ә y (acıqlı). Sәnin borcun deyildir, ağzın nәdir getmәyәsәn. Atan sәnә buyurur get, get! Çox o yan-bu yan elәsәn, tutub qulağından mıxlaram divara. (Gülçöhrә ağlayır.... Sükut. Soltan bәy acıqlı-acıqlı ora-bura gәzinir. Bir azdan sonra mülayim dillә deyir.) Qızım, sәn elә bilirsәn ki, mәn sәni pis adama әrә verirәm? Sәn onu yәqin bil ki, belә oğlana gedәcәksәn ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövlәti çox. Bәs dәliyәm ki, sәni pis yerә verim? Sәn mәnim gözümün işığı tәk qızımsan, mәn sәni bәdbәxt elәrәmmi? (Tutub qızının alnından öpür). Sәn qoca atanın sözünә qulaq as, dәlilik elәmә!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ay ata, vallah әrә getmәyә heç könlüm yoxdur. Necә elәyim? Sәn mәni әrә vermә, qoy evdә qalım.
S o l t a n b ә y. Qızım, inad olma! Atan nә deyir, sәn dә ona itaәt elә, elәmәsәn allah sәni xoşbәxt elәmәz, bәdbәxt olarsan vә onu yәqin bil ki, mәnim sözüm sözdür. Mәn kişiyә söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kәbin kәsilәr, toy olar. Gedәrsәn әrә, әrin dövlәtli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyәsi olarsan, mәn dә bu qoca vaxtımda bir azca dincәlәrәm, arxayın olaram. Sәn mәn deyәnә qulaq as.
G ü l ç ö h r ә. Ay ata, indi ki, sәn istәyirsәn mәn әrә gedim, qoy onda öz istәdiyimә gedim.
 
A s y a qorxusundan guya üzünü cırır, tәәccüb edir.
 
S o l t a n b ә y (tәәccüb vә heyrәtlә). Qızım sәn istәdiyin kimdir, söylә görәk.
 
A s y a qorxur. Musiqi.
 
G ü l ç ö h r ә. (Oxuyur).
 
Mәni saldı olmaz dәrdә, arşın mal alan, (2 dәfә)
Qalmadı heç taqәt mәndә, yanaram. (2 dәfә)
Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dәfә)
Ola bilmәz özgә fikrim, arşın mal alan, (2 dәfә)
Onu görcәk aşiq oldum, arşın mal alan, (2 dәfә)
Günü-gündәn dәrdә doldum, yanaram. (2 dәfә)
 
S o l t a n b ә y (bәrk hirslәnir). Qızım, arşın mal alan kimdir? (Kәnara). Yoxsa o xalası olandır?
G ü l ç ö h r ә. Mәn getsәm, ona әrә gedәrәm.
S o l t a n b ә y. (Birdәn qışqırır). Nә danışırsan, axmaq qızı axmaq. Bazarın gәdәsinә әrә gedәcәksәn, dәli olubsan nәdir? Allaha and olsun, bir sillә çәkәrәm ki, dişlәrin qarnına gedәr. Bәli, Soltan bәyin qızı bir gәdәyә aşiq olubdur, pәh-pәh, pәh! İndi bildim ki, nә üçün әrә getmәk istәmirsәn. Amma onu sәn yәqin bil ki, әgәr belә axmaqlasan, atamın goru haqqı, sәnә bir toy tutaram ki, bir kәrә nәfәsini çәkәrsәn. Sәn mәnim namusuma toxunan iş görürsәn. Nә haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümә görünsün: ona mәn bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mәnә Soltan bәy deyәrlәr. Mәn binamusluğu qәbul edәn adam deyilәm. Sәni dә öldürәrәm, onu da öldürәrәm!
G ü l ç ö h r ә (ağlaya-ağlaya). Ata, vallah, öldür mәnim canım qurtarsın.
S o l t a n bәy (çığıra-çığıra). Öldürәcәyәm! Bu papaq mәnә haram olsun ki, bir dә arşınmalçı adı tutsan, sәni tikә-tikә doğracayam. Belә binamusluq olar ki, mәnim qızım gәdә-güdәyә bәnd olsun? (Ayağını yerә vurur). Dur bu saat rәdd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrә durub bәrk ağlaya-ağlaya gedir. Soltan bәy hövlnak ora-bura gәzir. Asya vә Telliyә.) Nә vaxt arşınmalçı, bura gәlmişdi?
A s y a (qorxa-qorxa). Vallah, xәbәrim yoxdur.
S o l t a n b ә y. Necә xәbәrin yoxdur? Yalandan mәndәn gizlәyirsiz. Cәhәnnәm olun siz dә burdan. (Asya vә Telli qaçırlar.) Әcәb başıma kәlәk gәldi; itin birisi qapıma gәlib qızımı özünә bәnd elәyir; belә dә binamusluq olar? İndi başa düşürәm ki, nә üçün xalasının әvәzindә qızımı istәyirmiş. Cәhәnnәm olsun onun xalası da, istәmәdik.... Qız lap dәli kimi olubdur. Gәrәk tezliklә әrә verim, çıxsın getsin, yoxsa işdәn sonra bir xata çıxar. Süleymanı görsәm deyәcәyәm ki, Әsgәrә xәbәr versin ki, gәlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getmәyәcәkdir. Mәnim dә hirsim tutar, vurub öldürәrәm. Ay qız, Asya, Telli. Bura gәlin. (Asya vә Telli daxil olur.) Bax, mәn gedirәm bazara, siz Gülçöhrәyә öyüd-nәsihәt edәrsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara).
A s y a (Telliyә acıqla). İndi biz fәqir nә qayıraq, bizdә nә taqsır var ki, Gülçöhrә bir gәdәyә aşiq olubdur. Ay qız get Gülçöhrәni çağır bura. (Telli gedir.) Gör, sәn allah. Qızın cürәtinә bax. Atasına açıq deyir ki, arşınmalçıya bәnd olmuşam. Lap xatadır bu qızın işi.
 
G ü l ç ö h r ә ilә T e l l i gәlirlәr. G ü l ç ö h r ә yenә taxtın üstә yıxılır.
 
M u s i q i
 
A s y a vә T e l l i.
 
Bәsdir bunca ahü zarın (2 dәfә)
Nәyә lazım bu fәryad (2 dәfә)
Layiqdirmi ola yarın, (2 dәfә)
Atan ola sәnә yad! (2 dәfә)
 
G ü l ç ö h r ә.
 
Getmiş әldәn ixtiyarım, (2 dəfə)
Kimsәdәn yox heç imdad.
Ağlar oldu böylә halım,
Necә qılmam mәn fәryad?! (2 dәfә)
 
A s y a vә T e l l i.
 
Heç yaraşmaz ah edәsәn. (2 dəfə)
Gәl ol sәn dә biz tәk şad. (2dәfә)
Səy qıl kim qala sәndә (2 dəfə)
Xalq içindә yaxşı ad. (2 dәfә)
 
M u s i q i
 
P ә r d ә