Aslan və qarışqa əhvalatı

Aslan və qarışqa əhvalatı
Müəllif: Seyid Əzim Şirvani


Yay günü isti idi, bir aslan
Bir mağara içində oldu nihan;
Ta ki, rahət ola hərarətdən,
Dincələ zəhmətü mərarətdən.
Üstünə bir qarışqa çıxdı rəvan,
Gəzibən seyr eylədi hər yan.
Diksinib şir durdu vəhşətdən,
Tülkü güldü ona o halətdən.
Dedi: - Ey canəvərlərin şahı,
Ucalan ərşə xeylü xərgahı,
Səndə kim, bu hünər, bu qüdrət var,
Zati-pakında kim, şücaət var,
Mur kim, bir zəif xilqətdir,
Bəs nedirsən, bular nə vəhşətdir?
Dedi: - Ey tülkü, vəhşətim yoxdur,
Murdən hiç zəhmətim yoxdur.
Leyk bu ardır mənə peyda-
Ki, çıxa padşahın üstə gəda.
Seyyida, vermə üz gədalərə sən,
Düşmə bu möhnətü bəlalərə sən.
Çün güli-gülşəni-vəfasə sən.
Niyə hər xarə aşinasən sən?
Bülbüli-gülşəni-həqiqtsən,
Mu-məcaz ilə qılma ülfət sən.
Qəfəsi-cismi sal bu viranə,
Eylə pərvaz baği-rizvanə.